Ölkə içi

Həkim: “Vaksinasiya ləng aparılsa, yoluxma artacaq, ölkə qapanmaya gedəcək”

Koronavirus pandemiyasının 3-cü dalğası ilə bağlı Türkiyə növbəti dəfə uzunmüddətli sərt karantinə rejiminə keçib. 

Prezident Rəcəb Tayyib Ərdoğan yoluxma sayını 5000-dən aşağı salmaq məqsədilə aprelin 29-dan mayın 17-nə kimi ölkənin tam qapanmaya keçdiyini açıqlayıb.

O bildirib ki, karantin qaydaları sərt şəkildə tətbiq olunacaq.

Azərbaycanda isə bu günə kimi koronavirusa ən çox yoluxma dekabrın 17-də baş verib: 4124 yoluxma.

Son bir həftə ərzində statistika 1600-2500 yolxuma arasında dəyişir.

Rəsmi açıqlamaya görə, aprelin 28-dək virusla bağlı 1440 243 vaksin vurulub. Bu da son 4 ayda təxminən 14% insanın peyvəndləməsi deməkdir.

Virusun 3-cü dalğasıyla bağlı Azərbaycanda qapanmalar ola bilərmi?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı aprelin əvvəlində “Turan” İnformasiya Agentliyinə deyib ki, Azərbaycanda da koronavirusun 3-cü dalğası müşahidə olunur: “Keçən illə müqayisədə indi insanlar pandemiya ilə mübarizədə daha çox səy göstərir, əksər hallarda qoruyucu maskalardan istifadə edirlər, ara məsafə saxlamağa çalışırlar, amma yenə də prosesin tam idarə edilməsi çox çətindir. Hələlik hamı pandemiya şəraitində yaşamağa öyrəşə bilməyib”.

Məlahət İbrahimqızı – Açıq mənbələrdən götürülüb

Deputat çıxış yolunu vaksinasiyada görüb: “Xəstəliyin yeni ştamları üzə çıxıb, hətta ən yaxşı mütəxəssislər belə yeni növ koronavirusla mübarizənin yol xəritəsini müəyyən edə bilmirlər”.

Onun  fikrincə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vahid qaydalar tərtib etməlidir: “Bu qurumun gördüyü iş yetərli deyil. Məsələn, Avropanın bir sıra ölkələrində açıq havada qoruyucu maska taxmaq məcburi deyil. Bir sıra ölkələrində, o cümlədən Azərbaycanda isə açıq havada maska məcburidir. Təbii ki, qapalı mühitdə birmənalı olaraq hamı maska taxmalıdır. Amma ÜST-in vahid qaydaları olmalıdır ki, açıq havada maskanın taxmaqmı effektivdir, yoxsa maska taxmamaq? Məktəblər əyani şəkildə öz işini davam etdirməlidir, yoxsa onlayn qaydada? Çünki hazırda hər ölkənin öz qaydası var, bu isə insanlarda çaşqınlıq yaradır”.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev də “Toplum TV”-yə virusun yeni dalğasının müşahidə olunduğunu deyib: “Dalğa eyni karantin şərtlərində yoluxmanın artıb-azalmasıdır. Azərbaycanda isə vəziyyət başqa cürdür: nə zaman karantin sərtləşdirilir, onda yoluxma azalır, nə vaxt karantin yumşalır, eyni qaydada yoluxma artır. Bir müddət yoluxma sayı 2000-dən yuxarı idi. Məktəblər bağlandı, ona görə də yoluxma sayı avtomatik azaldı. Dünyanın müxtəlif ölkələrdə fərqli karantin rejimləri tətbiq olunub. Məsələn, Hindistanda gündə 350 min yoluxma var. Səbəbi çox sadədir: bayram tədbiri oldu və milyonlarla insan bir yerə yığışdı. İndi də ölkə bunun acı nəticələrini yaşayır. Bizim ölkədə isə görülən tədbirlər azdan-çoxdan öz effektini verib. Əlbəttə, vəziyyət daha da yaxşı ola bilərdi, amma ən azından bizdəki  nəticələr Hindistan, Braziliya kimi ölüm sayı çox olan ölkələrdən daha yaxşıdır. Bu günlərdə bizdə yoluxmanın sayında azalma müşahidə olunur. Fikrimcə, nəqliyyatdakı sıxlıqlar olmasaydı, yoluxanların sayı düşəcək, ölümlər isə daha az olacaqdı. Gündəlik virusa tutulanların sayı 1000 civarına düşdüyü halda, açıq havada maska taxılmasına ehtiyac belə qalmayacaq”.

Aydın Əliyev – Sosial Media

A.Əliyev ölkədə vaksinasiya prosesinin qənaətbəxş olmadığını bildirib: “Peyvənd başlanmazdan əvvəl biz təkliflər vermişdik ki, vaksinasiya məntəqələrinin sayı çox olsun. Eyni zamanda, bu təkliflərdə kütləvi informasiya vasitələrilə peyvəndlənmə haqqında maarifləndirmənin aparılması da qeyd olunmuşdu. Həm vətəndaşların, həm də tibb işçilərinin marifləndirilməsinə ehtiyac vardı, amma bizdə vaksinasiya zəif templə aparıldı. 4 ayda 14% insanın vaksinasiya olunması fikrimcə, zəif göstəricidir”.

Həkim prosesin ləng getdiyini aidiyyəti qurumların idarəçiliyindəki problemlə əlaqələndirir: “Dövlət səviyyəsində maliyyə ayrılıb, dəstək verilsə də, idarəçilikdə problemlər olduğundan görülən tədbirlər o qədər də effekt vermir”.

A.Əliyev deyir ki, vaksinasiya ləng aparılsa, yoluxma yenidən artacaq və ölkə qapanmaya gedəcək: “Yəni ilk peyvənd olunanlarda immunitet zəifləyə və yoluxma ehtimalı arta bilər. Bu da onların yenidən peyvəndlənməsinə ehtiyac yaradacaq və əlavə vaxt və  maliyyə xərci tələb edəcək. Yaxşı olar ki, 6-7 ay ərzində 70%-ə qədər insan peyvəndlənsin”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button