Ölkə içi

Deputat: “Karantin cərimələri silinməlidir”

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini icra edən Vüqar Qurbanovun Azərbaycanda maska qadağasının ləğvilə bağlı açıqlaması karantin rejiminin yumşaldılması iddialarına ümidləri daha da artırıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən Azərbaycanda xüsusi karantin rejimi 1 may 2022-ci ilədək uzadılıb. 1 maydan etibarən maska qadağasının ləğv ediləcəyi, daha sonra quru sərhədlərinin açılacağı bildirilir. COVID pasportu tələbi və vaksinasiyanın hələ bir müddət bizimlə olacağı qeyd olunur.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Məlahət ibrahimqızı söyləyib ki, cəmiyyət karantin qaydalarının götürülməsini haqlı olaraq tələb edir.

Sədr müavini deyib ki, eyni zamanda epidemioloqlar da hazırkı dövr üçün bunun mümkün olduğunu bildirir: “Bu günlərdə iftar süfrələri olur, insanlar arasında maska taxanı da var, taxmayanı da. Maska taxmamalarına səbəb olaraq isə buster doza vurdurmalarını göstərirlər. Bəzi qərarlar həqiqətən də aradan qaldırılmalıdır. İctimaiyət gözləyir ki, yaxın vaxtlarda yumşalmalar olsun. Düşünürəm ki, Ramazan bayramı günlərində insanlara müjdəli xəbər veriləcək. Cərimələrin aradan qaldırılması çox yaxşı olar. Qapalı məkanlarda maska taxmaq tam ləğv olunmasa da, müəyyən yaş qruplarına uyğun olaraq aradan qaldırlımalıdır. 60-65 yaşdan yuxarı təbəqəyə maska qadağasını tətbiq etsinlər. Ancaq gənclərə maska taxmaq tələbi ləğv edilsin. Çünki pandemiya başlayan müddətdən ilk müşahidə o oldu ki, 65 yaş üstündə insanlar dah çox virusa yoluxdu. Həcc ziyarətinə getmək istəyənlərin sayını artırdılar, ancaq 65 yaşdan yuxarı insanlara icazə verilmədi. Hətta peyvəndlənməyə də birinci o yaş həddindən başlamışdılar. Buna görə də həmin insanları dah çox qorumalıyıq.”

Deputatın sözlərinə görə, peyvənd tələbi hələ də qüvvədə qalmalıdır: “Müxtəlif səbəbdən hələ də peyvənd olunmayan insanlar var, ona görə insanların peyvənd olunmasını gözləməliyik. Sərhədlər də açılmalıdır, ticarət əlaqələri üçün bu ciddi məsələdir. Məncə, ən əsas olaraq karantin cərimələri silinməlidir. Ümumilikdə isə Ümumdünya Səhiyyə Təşkilatı “pandemiya bitdi” demədiyinə görə, bütün qadağaları aradan qaldıra bilmərik.”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button