Ölkə içi

Çörək niyə bahalaşır?

Azərbaycanın ərzaqlıq buğda tələbatını özünün təmin edə bilməməsi çox ciddi problemdir 

Azərbaycan dünyada ən çox çörək istehlak edən ölkələrdəndir, belə ki, adambaşına il ərzində 127 kiloqrama yaxın çörək yeyirik. Əlbəttə, bu, kiçik  rəqəm deyil və təbii, bu mənada israfçılıq halları da yox deyil. Ərzaqlıq buğda ölkənin qida təhlükəsizliyində ən strateji məhsul hesab olunur. Son illərdə baş verən devalvasiyalardan, artan inflyasiya və bahalıqdan sonra bir çox sahədə olduğu kimi, respublikamızda taxılçılıqla bağlı vəziyyətin də qənaətbəxş olmadığı ortaya çıxıb. Qeyri-neft sektorunu, xüsusilə kənd təsərrüfatını inkişaf etdirmək üçün guya bir çox islahatın aparıldığı barədə müsbət rəy yaradılmağa çalışılsa da, Azərbaycan buğdaya olan tələbatı yerli istehsal hesabına təmin edə bilmir. Dövlətin dəstək tədbirlərinin müqabilində, Azərbaycanın buğda təlabatının 50-55 faizinin idxal hesabına ödəndiyi bildirilsə də, bu rəqəmlər inandırıcı deyil. Ən pisi isə odur ki, yerli istehsal qida üçün çox yararsızdır.

Dünya bazarlarında buğdanın bahalaşması tendensiyası bu məhsula olan tələbatın əhəmiyyətli bir hissəsini idxal hesabına ödəyən Azərbaycanın da qlobal proseslərin təsirləri ilə üzləşməsini qaçılmaz edir. 2021-ci ilin yanvar ayından oktyabra qədər buğdanın dünya bazar qiymətləri 250 dollardan 290 dollaradək artıb. Ötən ilin son ayı isə Rusiya buğdasının qiyməti daha da möhkəmlənərək, hər ton üçün 330-340 dollara çatıb.

Statistikanın dili ilə danışsaq, Azərbaycanın buğdaya olan illik tələbatı təxminən 3,2 milyon tondur. Deyilənlərə görə, ölkədə təxminən 2,9 milyon ton taxıl istehsal olunursa, onun da 1,9 milyon tonu buğdadır. İdxal isə 1,5 milyon tona yaxındır. Hətta bəzi mənbələrdə idxalın 1,7 milyon ton olduğu barədə məlumatlar da var. Rəsmi rəqəmlərə inansaq, ərzaqlıq buğda ilə özünütəmin etmə səviyyəsi orta hesabla 54,9 faiz təşkil edir, bu isə tələbatın 40-45 faiz ödənməsi deməkdir. Azərbaycanın buğda idxal etdiyi əsas ölkələr isə Rusiya, Qazaxıstan və Ukraynadır.

Ancaq rəqəmlər bizi aldatmasın, çünki qidamızın əsasını təşkil edən ərzaq buğdasının keyfiyyətində ciddi problemlər var. Məsələ burasındadır ki, taxılla bağlı yaradılan Taxıl Fonduna yerli istehsal olan taxıldan bir kiloqram belə, alınmır. Çünki bizim istehsal etdiyimiz taxıl həmin Taxıl Fondunun standartlarına qətiyyyən uyğun gəlmir. Etiraf etməliyik ki, Azərbaycan əhalisi xarici ölkələrdən alınan taxılın hesabına yaşayır. Taxıl Fondunda toplanan taxıl isə, ancaq fövqəladə hallarda, qiymətlər kəskin artan vaxtlarda istifadə oluna bilər. Hazırda dünya bazarlarında ərzaqlıq taxılın, buğdanın, ondan alınan unun qiyməti kəskin artmaqdadır və bu mal qrupu üzrə idxaldan asılı olan ölkə kimi, son qiymət artımlarının Azərbaycana təsirsiz ötüşməyəcəyini bildirmişdik. Bu gün də çörəyin qiymətinin artması ilə bağlı həyəcanlı xəbərlər yayılır və belə görünür ki, hökumət bazara müdaxilə etmək barədə tələsmək istəmir və fonda toplanan taxılı bundan da ağır günlər üçün saxlamağı planlaşdırır.

Yuxarıda qeyd etdiyimiz kimi, taxılla bağlı ölkədaxili tələbatın müxtəlif mənbələrdə təxminən 50 faizinin idxaldan asılı vəziyyətdə olduğu qeyd olunsa da, biz hesab edirik bu, bu rəqəm 65-70 faiz aralığındadır. İdxal olunan buğda isə yalnız ərzaq məqsədi ilə istifadə olunur. Çünki yerli istehsal keyfiyyət baxımından ərzaq məqsədli istifadə standartlarından çox geri qalır. Bir faktı da nəzərə  çatdıraq ki, Taxıl Fonduna toplanan ərzaqlıq buğda ehtiyatı ölkənin təxminən 4-5 aylıq ehtiyacını qarşılaya bilər. Bunun özü də vəziyyətin nə dərəcədə kritik olduğunu ehtimal etməyə əsas yaradır.

Ərzaqlıq taxıl qida təhlükəsizliyi ilə birbaşa bağlıdır və bunun məsuliyyəti Kənd Təsərrüfatı Nazirliyinin üzərindədir. Bu günədək sözügedən sahəyə ayrılan milyonlarla manatlıq dövlət yatırımlarına, subsidiyalara baxmayaraq, aqrar sektorda keyfiyyətli buğda yetişdirmək nədənsə müşkülə çevrilib. Sizə elə gəlməsin ki, taxıl əkib becərmək, böyük məhsuldarlığa nail olmaq çox qəliz işdir, xeyir. Sadəcə, hökumət bu sahəyə strateji yanaşmır və daha çox idxalçı monopoliyaların qaz vurub, qazan doldurması məqsədilə əhalinin məlum strateji məhsula olan tələbatını idxala bağlayıb. Ən ciddi səbəb isə odur ki, fermerlərin maddi-texniki təchizatı yetərincə deyil. Ona görə ki, belə bir strateji əhəmiyyət kəsb edən sahəyə kompleks yanaşma yox dərəcəsindədir. Taxıl əkimi, xüsusilə də ərzaqlıq buğda istehsalı isə başlı-başına buraxılası sahə deyil.

Ən təhlükəli məqamlardan biri də sırf bu strateji sahədə də, hökumətin səhihliyi şübhə doğuran saxta rəqəmlər üzərindən manipulyasiya hallarına yol verməsidir. Bizim ərzaq buğdasına olan ehtiyacımız 1 milyon 450 min ton olduğu halda, son illər ölkəyə 1 milyon 700 min ton taxıl idxal olunub ki, bunun da 1 milyon 500 min tonu buğdadır. Azərbaycanın özünün isə guya 55-65 faiz ərzaq buğdası istehsal etdiyi fikri tamamilə cəfəngiyyatdır. Ölkədə heç 1 milyon ton normal buğda istehsal olunmur. İstehsal olunan buğdanın da keyfiyyəti aşağı olduğu üçün, yalnız yem kimi mal-qaraya yedirdirilir.

Son illər müşahidə etdiyimiz ən təhlükəli tendensiyalardan biri də kəndlərdə mövcud olan çoxlu sayda dəyirmanların böyük əksəriyyətinin fəaliyyətinin dayandırılmasıdır. Yəni taxıl, buğda işilə məşğul olan kiçik və orta sahibkarlar sıradan çıxarılmaqdadır. Təbii ki, bunu məqsədyönlü şəkildə edirlər ki, rayonlarda, şəhərlərdə olan böyük dəyirmanlar konkret monopolistin əlində təmərküzləşsin. Təsəvvür edin ki, 2015-ci ildən bu günə qədər bu sahənin monopoliyaya alınması sayəsində minlərlə kiçik və orta miqyaslı dəyirmanlar sıradan çıxarılıb. Halbuki həmin kiçik dəyirmanlarda fermerlər özlərinin əkin sahələrindən yığdıqları buğdanı üyüdürdülər, bir hissəsini çörəkbuşirmədə özləri istifadə edirdilər, yerdə qalan hissəsini isə bazara çıxarıb satırdılar. Beləcə, ölkə daxilində istehsal olunan keyfiyyəti qismən yaxşı olan buğdanın bir hissəsi istehlaka gedirdi. Belədə, fermer əlavə stimul qazanırdı ki, istehsalı artırsın, daha keyfiyyətli buğda əldə etsin. Fəqət bunun da qarşısı alındı.

Bir başqa narahatedici məqam odur ki, hətta idxal edilən buğdanın ərzaq buğdası standartına uyğun olub-olmaması suallar yaradır. Məsələn, hökumətin yaydığı rəsmi məlumatlarda bildirilir ki, taxıl əsasən, Qazaxıstan, Rusiya və Ukraynadan gətirilir. Əvvəlcə baxmaq lazımdır, sözügedən ölkələrdə ərzaq buğdası istehsalı hansı səviyyələrdədir. Dəqiq informasiyalar var ki, son illər həmin ölkələr, hətta özlərinin ərzaq buğdasına olan ehtiyacını ödəməkdə çətinliklərlə üzləşirlər. Belə olan halda, kim zəmanət verə bilər ki, bizim kimi ölkələrə standartlara uyğun olan ərzaqlıq buğda satılır? Təsəvvür edin, azad bazara xas olmayan müxtəlif təzyiq vasitələrilə yerli fermerlərin istehsal etdiyi buğda bazara çıxarılmır, onun qarşısını bir şəkildə alırlar. Buğdaya böyük tələbatın olduğu bazarda boşluğu doldurmaq üçün isə, məcburiyyət qarşısında qalıb başqa ölkələrdən yararsız buğda tədarük edilir və istehlak olunur. Monopoliyada olduğundan, bu idxal buğdasını da xeyli ucuz alıb gətirirlər. Ümumiyyətlə, Azərbaycanda unüyütmə, çörəkbişirmə monopoliyaya alındığı üçün, son illərə qədər taxılın gətirilməsi ucuz başa gəlsə də, istehlak bazarına baha təklif edilirdi.

İndi maraqlı bir sual yaranır: torpaq resursları kifayət qədər böyük olan Azərbaycanda taxıl əkini sahələrini genişləndirməklə buğda istehsalının həcmini artırmaq niyə mümkün olmur? Məsələ burasındadır ki, bu sahəyə dövlətin xüsusi dəstək tədbirləri, o cümlədən subsidiyaların verilməsinə,  meliorasiya və kultivasiya proqramlarına milyonlarla vəsaitin xərclənməsinə baxmayaraq, hələ də taxıl əkini üçün torpaqların münbitliyinə nail ola bilməməyimiz ciddi sıxıntıdır. Məhz bu səbəbdən ölkə özünü taxılla tam təmin edə bilmir.

Qeyd edək ki, taxıl bazarı azad və liberal qaydalar əsasında tənzimlənməsə, xüsusilə qlobal pandemiyanın davam etdiyi və ölkələrin hələ də qapanma risklərinin qaldığı indiki şəraitdə, bu sahədə çox ciddi böhranın yaşanacağını proqnozlaşdırmaq olar.

Qaldı ki, yerli bazarda qiymətlərin müəyyənləşməsinə, ümumiyyətlə, daxili bazar qiymətlərinə dövlət tərəfindən əlavə müdaxilənin edilməsi azad bazar iqtisadiyyatı şəraitində doğru yanaşma hesab olunmasa da, hökumət liberal qiymətlərin formalaşması üçün müəyyən tənzimləmələr apara bilər. Məsələn, azad bazarı dəstəkləməklə rəqabətli mühitə nail olmaq və inhisarçılığın kökünün kəsilməsilə bağlı ciddi təbirlər həyata keçirmək mümkündür. Dövlət bu sahədə sabitlik yaratmaq üçün daha nə edə bilər?Məsələn, regionlarda fermerlər arasında taxıl, ərzaqlıq buğda əkiminin təşviqini genişləndirməlidir, yerlərdə bu sahənin strateji əhəmiyyəti barədə maarifləndirmə işini gücləndirməlidir, fermerlərin maddi-texniki təchizatını yaxşılaşdırmalıdır, müəyyən güzəştli kredit xətləri açmaqla onların pula əlçatanlığını təmin etməlidir, mövcud boş torpaq resursları əkinə yararlı vəziyyətə gətirilməlidir. Çünki Azərbaycanda əhalinin ərzaqlıq buğdaya olan tələbatını tam şəkildə ödəmək üçün kifayət qədər torpaq ehtiyatı var.

Qeyd edək ki, Azərbaycanın işğadan azad edilmiş əraziləri də kənd təsərrüfatı təyinatlı münbit torpaqlara malikdir. Ermənistan vaxtilə qanunsuz olaraq həmin torpaqlarımızdan il ərzində təxminən 190 min tonadək taxıl toplayıb. Proqnozlara görə, hazırda hökumət tərəfindən həmin torpaqlarda kənd təsərrüfatı sahələrinin inkişafını stimullaşdıran siyasətin yürüdülməsi və təmin edilən dəstək tədbirləri, yaradılan əlverişli şərait yaxın illərdə kənd təsərrüfatında real artımın 9 faizi, o cümlədən ölkə üzrə buğda istehsalının 10-12 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əldə ediləcək. Ancaq bu, uzaq perspektiv üçün proqnozlaşdırılan rəqəmlərdir. Əhaliyə isə keyfiyyətli çörək indi lazımdır və hökumət bu yöndə ciddi düşünməlidir.

Rəşad Bakuvi

AY Partiya Başqanının müavini

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button