Ölkə içi

Ərəstun Oruclu: “Azərbaycan-Ermənistan arasında yaxın zamanlarda sülh mümkün olmayacaq”

İyulun 22-də Ermənistanda baş nazir səlahiyətlərini icra edən Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu deyib. O, Ermənistan hökumətinin iclasında bildirib ki, «sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır”.

Bir müddət əvvəl isə N.Paşinyan hökümətin iclasında Azərbaycanı aqressivlikdə ittiham etmişdi. O, bildirmişdi ki, Azərbaycan hökuməti regional kommunikasiyaları açmaq istəmir və Ermənistanı blokadada saxlamaq niyyətindədir.

Halbuki Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın Ermənistanla sülh müqaviləsinin inzalanması prosesini başlamağa hazır olduğunu bildirmişdi.

Nikol Paşinyanın ritorikası niyə dəyişdi? İki ölkə arasında sülh sazişi imzalanacaqmı? Hansı şərtlərlə bu reallaşa bilər?.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlı Turana bildirib ki, Ermənistan da başa düşürük ki, sülhə alternativi yoxdur. «Gec-tez iki qonşu respublika və yüz illər ərzində yanaşı yaşayan xalq arasında sülh olmalıdır. Bütün müharibələrin sonu sülhdür və onun alternativi yoxdur. Sülh olacaq».

Deputat qeyd edib ki, Ermənistanda radikal qüvvələr var və onlar məğlubiyyətlə barışmaq istəmir. «Seçki dövründə onların səsini qazanmaq üçün Paşinyan müəyyən populist çıxışları edirdi. Belə çıxışlar ola bilər, amma Paşinyan öz dövlətinin imkanlarını bilir, beynəlxalq vəziyyət, Avropa Birliyinin, Rusiyanın mövqeyi də göz qabağındadır. Paşinyan da ölkənin gələcəyini fikirləşir və onun başqa cür danışmağa imkanı yoxdur».

Politoloq Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Nikol Paşinyanın ritorikasının dəyişməsinin bir neçə səbəbi var. «Birincisi səbəb odur ki, Ermənistan müharibədə məğlub olub. Digər tərəfdən onun iqtisadi, insan resursları da məhduddur. Onun bu gün sülhdən başqa çıxış yolu yoxdur. Yəni, bu yolu seçməyə məcburdur».

Onun sözlərinə görə, Paşinyanın xarici siyasəti hələ ki, bəlli deyil. «Biz diqqətlə baxsaq görərik ki, bölgədə söz sahibi olan Rusiyanın Azərbaycana marağı daha çoxdur nəyinki Ermənistana. Mən əsla demirəm ki, bu Azərbaycan üçün yaxşı əlamətdir, amma hər bir halda reallıq budur. Ona görə də Paşinyan bu gün Rusiyaya güvənmir».

Ekspertin fikrincə, üçüncü səbəb odur ki, Paşinyanın «sülhə alternativi yoxdur» deməklə çalışır Azərbaycan-Ermənistan sərhədində sülhməramlılarının yerləşdirilməsinə nail olsun. «Bu işə Fransa maraq göstərir və Fransa bölgədə peyda olduğu halda o, Paşinyanı həm Rusiyadan qoruya bilər, həm də zərurət yarandıqda Azərbaycandan da».

Onun qənaətincə Nikol Paşinyan hərb variantını da istisna etmir. «Onun dediyi tam səmimi deyil. Çünki bu dəqiqə Ermənistan ordusunda ciddi islahatlar gedir. Bu, zaman tələb edən prosesdir və onun bitirilməsi üçün sülh lazımdır. Ordu döyüşə-döyüşə islahatlara gedə bilməz».

Ə.Oruclu qeyd edib ki, Azərbaycan-Ermənistan arasında yaxın zamanlarda sülh mümkün olmayacaq. «Çünki mübahisəli ərazi qalmaqdadır. Ermənistan Qarabağa iddiasından əsla imtina etməyib. Azərbaycan da öz ərazi bütövlüyü məsələsində güzəştə gedəsi deyil. Bu şərtlərlə isə sülh mümkün deyil».

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button