Ölkə içi

Əlilliyə səbəb olan xəstəlik 5 il sonra necə yoxa çıxıb?

2-ci qrup gözdən əlil Müslüm Bəqişov əllilik pensiyasının kəsiləcəyindən narahatdır. Dediyinə görə, 2015-ci ildə gözündə ciddi problemlər yarandığından Siyəzən Rayon Mərkəzi Xəstəxanasına müraciət etməli olub. 

Siyəzən Rayon Mərkəzi Xəstəxanası ona mürəkkəb hipermetropik astiqmatizm və görmə sinirinin hissəvi atrofiyası xəstəlikləri diaqnozu qoyaraq göndərişlə Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yönləndirib.

Mərkəzin ekspert komissiyasının baxışından keçdikdən sonra elə həmin il M.Bəqişova 2-ci qrup əlillik dərəcəsi təyin edilib.

Əlillik üzrə komisiyya yoxlanışı 5 ildən bir keçirildiyindən M.Bəqişovun növbəti yoxlanışı bu il mayın 6-da baş tutub, ancaq bu dəfə nəticə əvvəlkindən fərqli olub.

Belə ki, 2015-ci ildə xəstədə müəyyən edilmiş görmə sinirinin aftoriyası diaqnozu arayışa qeyd edilməyib.

Bu isə onun yeganə gəlir mənbəyi olan pensiyasından məhrum olması deməkdir.

M.Bəqişov deyir ki, onun hər iki gözündə anadangəlmə ciddi qüsurlar var, amma buna rəğmən o, cavanlıqda hərbi xidmətdən yayınmayıb.

“Niyə yalan söyləyim ki? İllərdir bu xəstəlikdən əziyyət çəkirəm. Gözlərim o qədər zəifdir ki, eynəksiz nəsə görməyim mümkün deyil. Əvvəllər eynəklə hər iki gözümlə nəsə görə bilirdim. Xeyli vaxtdır ki, sol gözüm eynəklə belə bir işə yaramır”, – deyə o bildirir.

Şikayətçinin sözlərinə görə, o, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə Siyəzən rayon Mərkəzi Xəstəxanasının həkimi Zamiq Bayramovun göndərişi əsasında yaxınlaşıb, həkimin yazdığı sənəddə isə onda bu xəstəliklərin olduğu aydın qeyd edilib.

Komissiya sədri isə deyir ki, proses tam şəffaf keçib. Kimə inanmalı? 

“Burada böyük bir komissiya fəaliyyət göstərir və xəstələr müayinə zamanı bir neçə aparatdan keçməli olur. Yəni havadan, göydən diaqnoz qoyulmur. Yoxlanıldıqdan sonra bütün müayinələrin nəticəsi qeyd edilir”, – Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin ekspert komissiyasının sədri Aygün Məmmədbəyli belə deyir.

Komissiya sədri bildirib ki, arayışda qeyd olunanlara görə üzvlər günahlandırmaq doğru deyil: “Nədənsə narazıdırsa, 6 aydan sonra göndərişlə yenidən ekspertizadan keçə bilər. Nəticə eyni olduğu halda o cür də qeyd olunacaq. Söz vermirəm ki, yeni bir şey yazıla bilər. Məgər komissiya onun üçün oyun-oyuncaqdır?”

Əlilliyə səbəb olan xəstəlik 5 il sonra yoxa çıxdı? 

Oftalmologiyada görmə sinirinin müxtəlif xəstəliklərinə 1-1,5% hallarda rast gəlinir. Onların da 19-26%-i görmə sinirinin tam atrofiyası və korluqla nəticələnir.

Görmə sinirinin atrofiyası (optik neyropatiya) – torlu qişanın qıcıqlanmasını baş beyinə ötürən sinir liflərinin hissəvi və ya tam destruksiyasıdır.  Yəni atrofiya görmə funksiyasının zəifləməsi və ya tamamən itirilməsinə, görmə sahəsinin daralmasına, rəngli görmənin pozulmasına, görmə sinirinin diskinin bulanıqlaşmasına gətirib çıxarır. Həmçinin atrofiya sinir liflərinin iltihabı, sıxılması, ödemi, və ya göz damarlarının zədələnməsi ilə gedən bir çox xəstəliklərin nəticəsi ola bilər.

Görmə sinirinin atrofiyası irsi və qazanılmış olub, əsas əlaməti görmə itiliyinin eynək və linza ilə korreksiyasının mümkün olmamasıdır.

Proqressivləşən atrofiya zamanı görmə funksiyası bir neçə gün və ya ay ərzində inkişaf edir. Belə hallar tam korluqla nəticələnə bilir. Görmə sinirinin natamam atrofiyasında patoloji dəyişikliklər müəyyən həddə qədər inkişaf edirlər, bu səbəbdən görmə qabiliyyəti getikcə itirilir.

Görmə sinirinin atrofiyasının obyektiv əlamətləri oftalmoloji müayinə prosesində aşkarlanır və əksər hallarda sərbəst xəstəlik kimi deyil, digər patoloji proseslərin nəticəsi olaraq, inkişaf etdiyindən onun müalicəsinə etioloji amilin aradan qaldırılmasından başlamaq lazımdır.

Optik neyropatiyanın erkən mərhələlərdə aşkarlandıqda və müalicə olunduqda görmə funksiyası saxlanıla, hətta bir qədər yüksələ bilər. Görmə sinirinin proqressivləşən atrofiyası, adətən, korluqla nəticələnir.

Atrofiyanın qarşısını almaq üçün oftalmoloji, nevroloji, revmatoloji, endokrin, infeksion xəstəliklər vaxtında müalicə olunmalıdır. Görmə pozğunluqlarının ilkin əlamətləri müşahidə edildikdə mütləq okulistə müraciət olunmalıdır.

Müslüm Bəqirovun sözlərinə görə,  imkansızlıq səbəbindən son 5 ildə (xəstəlik müəyyən olunduğu vaxtdan) müalicə olunmayıb: “Bu halda isə xəstəliyin özbaşına sağala bilməsi ehtimalı real görünmür”.

Oftalmoloq Bela Xasıyeva “Toplum TV”-yə deyir ki, görmə sinirinin atrofiyasından əziyyət çəkən insanlar əlil hesab oluna bilər: “Əslində bu cür xəstələrin vəziyyəti dəyişməz qalır. Yəni vəziyyət nə pisə, nə də yaxşıya doğru dəyişir. Arayışda qeyd edilən diaqnozlar isə fərqlidir. Dəqiq diaqnoz tibbi ekspertizanın rəyi əsasında müəyyənləşə bilər”.

Ekspert komissiyasının sədri isə suala cavab vermir. Deyir ki, bu, müayinə əsasında ortaya çıxa bilər.  Təkrar müayinəyə isə 6 ay qalıb.

Əlilliklə bağlı məsələlər Səhiyyə Naziliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə fəaliyyəti ilə aparılır.

2016-cı ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə əlilliyin müəyyən edilməsi elektron qaydada edilir.

Əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumat  Səhiyyə Nazirliyindən elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) ötürülür.

Nazir doğru deyir, yoxsa vətəndaş? 

Son iki ildə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışlarında saxta əlilliklə mübarizə aparıldığını deyib.

Nazirlik bu sahədə apardığı araşdırmalar nəticəsində 7 mindən çox şəxsin “saxta əlillik” arayışı düzəltdiyini və onlara pensiya verilməsinin dayandırıldığını açıqlayıb.

Əlillik təyinatı üçün yenidən müraciət edənlər arasında təxmininən 16 min şəxs ya reabiltasiya olub, ya da xəstəlik vəziyyətləri əlillik qrupu təyinatı üçün əsas sayılmayıb.

Nazirlik bununla büdcəyə illik 101 milyon manat qənaət edildiyini açıqlayıb(“BBC”).

Əlillik pensiyasından məhrum olmaq üzrə olan Müslüm Bəqirovsa fərqli fikirdədir. O iddia edir ki, bir çox halda sadə insanların pensiyası büdcəyə “artıq” vəsait yığmaq səbəbindən qəsdən kəsilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button