Media

Xarici donor təşkilatlar ölkəyə qayıdır?

Azərbaycan hakimiyyəti vaxtilə “qovub” ölkədən çıxardığı beynəlxalq təşkilatları qaytarmağa hazırlaşır? “Toplum TV” Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Orucun məsələnin zərurirətilə bağlı çıxışından sonra meydana gəlmiş bu sualı vətəndaş cəmiyyəti fəallarına ünvanlayıb.

“Beynəlxalq qurumların Azərbaycana qayıtması üçün hökumət birinci növbədə normativ aktları dəyişməlidir. Ümumisə siyasi mühit və yanaşma dəyişməlidir”. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli 5-6 il öncə Azərbaycanı tərk etmiş beynəlxalq təşkilatların ölkəyə qayıtması ilə bağlı danışarkən belə deyir. Tək o yox, vətəndaş cəmiyyətinin digər fəalları da bu qənaətdədirlər.

Hüquqşünas Rəşid Hacılı Azərbaycan hakimiyyətinin uzun illər beynəlxalq təşkilatlara, xüsusən də vətəndaş cəmiyyəti ilə birlikdə işləyən donor təşkilatlara qarşı kampaniya apardığını bildirir.

“Misal üçün, İREX, “Oxfam International”, “Internews”, USAID kimi təşkilatlar Azərbaycanda fəaliyyət göstərirdilər. Britaniyanın Xarici İşlər Nazirliyi özü birbaşa vətəndaş cəmiyyətləri ilə işləyirdi. Amma 2013-cü ildən sonra hakimiyyətin beynəlxalq təşkilatlara qarşı kampaniyası daha da gücləndi. Həmin il prezident seçkiləri keçirildi və yerli vətəndaş cəmiyyəti fəalları həbs edildilər, təşkilatları bağlandı. Bu dalğa 2014-cü ildə geniş vüsət aldı. Baş Prokurorluq beynəlxalq və yerli vətəndaş cəmiyyəti təşkilatları ilə bağlı məhşur cinayət işini açdı və bura ölkədə fəaliyyət göstərən beynəlxalq qurumların nümayəndəlikləri də cəlb olundular. Bu, son akkord idi. Həmin təşkilatlar ofislərini bağlayıb getdilər”.

Rəşid Hacılı sözügedən cinayət işi ilə bağlı bu gün də ictimaiyyətə konkret məlumat verilmədiyini, bir çox təşkilatlarla bağlı cinayət işinə hələ də xitam verilmədiyini deyir. O, “Amnesty International”, “Human Rights Watch” , “Article 19”, “Sərhədsiz Repartyorlar” kimi təşkilatlarınsa lap əvvəldən hökümətlə ciddi problemlər yaşadıqlarını, hakimiyyətin həmişə onların əleyhinə bəyanatlar verdiyini xatırladır. “Yadımdadır ki, 2007-2008-ci illərdə Azərbaycanda bir çox jurnalist həbsə atılmışdı. “Freedom House”-un və başqa təşkilatların nümayəndələri bilikdgə Azərbaycana gəlib hökümətlə, o vaxt Prezident Administrasiyasında şöbə müdiri işləyən Əli Həsənovla görüşməyə cəhd etdilər. Yəni əməkdaşlığı davam etdirmək, Azərbaycanda işləyə bilmək üçün xeyli addımlar atdılar. Ancaq bir neçə gün Bakıda qalsalar da, Prezident Administrasiyasından onları qəbul edən olmadı. Ümumiyyətlə, heç bir qurum onları yaxına qoymadı. Nümayəndələr heç bir şey əldə etmədən çıxıb getdilər və bundan sonra Azərbaycan höküməti ilə münasibətləri daha da kəskinləşdi”.

Rəşid Hacılı rəsmi Bakının tədricən beynəlxalq qurumlarla münasibətləri pisləşdirdiyini, 2014-cü ildə isə xarici donorların fəaliyyətini hökumətdən asılı vəziyyətə salan qanun qəbul olunduğunu vurğulayır. O, müstəqil təşkilatların Azərbaycanda fəaliyyətin mümkün olmadığını görüb ölkəni tərk etdiklərini deyir. “Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev onlara qarşı tez-tez sərt məqalələrlə çıxış edirdi, Baş Prokurorluq bəyanatlar verirdi. Yəni bütünlükdə hökumət səviyyəsində beynəlxalq təşkilatlara qarşı çox ciddi təzyiqlər oldu. İndi onları hansısa formada ölkəyə qaytarmaq istəyirlərsə, bunun üçün sərt qanunlar və cinayət işləri ləğv olunmalıdır. Hökumət onları dəvət etməli, qanunlar çərçivəsində tamamilə sərbəst işləyə biləcəklərinə təminat verməli və vətəndaş cəmiyyəti ilə bağlı basqıları kənara qoymalıdır”.

Anar Məmmədlinin fikrincə, rəsmi Bakı beynəlxalq təşkilatların ölkədə fəaliyyət göstərməsinə, onların həm dövlət orqanları, həm də qeyri-hökumət təşkilatları ilə birgə layihələr gerçəkləşdirməsinə münbit şərait yaratmalıdır.

“Müharibə dövründə və müharibədən sonra xeyli vətəndaş cəmiyyəti fəalı, o cümlədən mən özüm dəfələrlə hökuməti tənqid etmişəm ki, qapılarını həmin təşkilatların üzünə bağladığı üçün indi Azərbaycanın səsi az eşidilir”.

SMDT rəhbəri hesab edir ki, Azərbaycanın post-müharibə dövründə bir sıra sahələrdə humanitar dəstəyə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə icmaların yerləşdirilməsi, infrastrukturun qurulması, minalardan təmizləmə işləri üçün beynəlxalq təşkilatların dəstəyinə ehtiyac var. “Azərbaycanın dünyada zədələnmiş imicinin, nəhayət ki, yaxşılaşdırılması üçün beynəlxalq təşkilatların ölkədə olmasına ehtiyac duyulur”.

Rəşid Hacılı deyir ki, görünür, 44 günlük müharibədən sonra hakimiyyət başa düşüb ki, bütün hallarda beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticə etibarilə faydalıdır, onların hesabatları Azərbaycanın haqlı olduğunu bir daha dünyaya çatdırır. “Görünür, bu istiqamdə əməkdaşlıq etmək istəyirlər, amma qorxuram ki, hökumət axıra qədər getməsin. Çünki bu təşkilatlar insan hüquqları, demokratiya və seçkilərlə bağlı məsələlərdə çox həssasdırlar. Bir məsələdə dəvət edib, başqa məsələdə onları kənarda saxlamaq düzgün deyil”.

Media eksperti və hüquqşunas Ələsgər Məmmədlinin sözlərinə görə, beynəlxalq qurumlar vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya obyektiv çatdımaqla yanaşı, ölkəyə böyük miqyasda qrant cəlb etmək imkanı var: “Xüsusən də ictimai sektora, hüquq və azadlıqların qorunmasına, medianın inkişafı istiqamətinə cəlb oluna bilər. 2014-cü ilə qədər Azərbaycana həm yerli, həm də beynəlxaq təşkilatların burdakı filiallarına təxminən 40 milyon dollar qrant gəlirdi. Vətəndaş cəmiyyəti indi bundan məhrum olub. Bir çox sosial proyektlərin icrası baxımından beynəlxalq qurumların burada qeydiyyatının, nümayəndəliyinin, etibar etdiyi tərəfdaşlarının olması vacibdir”.

Hüquqşünas hökumətin beynəlxalq təşkilatlar qarşısında qoyduğu bəzi şərtlərin, məsələn, qrantların Maliyyə Nazirliyi ilə razılaşdırma və qeydiyyata aldırma kimi tələblərin reallaşmasını mümkün saymır. “Azərbaycan hökuməti beynəlxalq təşkilatların burada fəaliyyət göstərməsini istəmirsə, hüquqi mühit olsa belə, işləmək çox çətin olar. Son 7 il boyu görürük ki, hökumət sistemli şəkildə “beşinci kolon” kimi təqdim etdiyi qurumların ölkədə fəaliyyətinə isti yanaşmır”.

Bu məsələnin yenidən gündəmə gəlmə səbəblərinə gəldikdə, hüquqşünas deyir ki, 44 günlük müharibə dövründə Azərbaycanın böyük şəhərlərinə raket atılmasını, qadağan olunmuş silahlardan istifadə olunmasını obyektiv instansiyaların dünya ictimaiyyətinə çatdırması lazım idi: “Amma məlum oldu ki, vaxtilə bu qurumların hamısını ölkədən qovmuşuq və indi də onların hesabatlarından obyektivlik umuruq”.

Deputat Zahid Oruc isə beynəlxalq qurumlarla münasibətlərin yaxşılaşması üçün qarşılıqlı addımların atılmalı olduğunu və bu məsələdə qərarverici instansiyanın ölkə rəhbəri olduğunu söyləyir. “Biz dəfələrlə cənab prezidentin xoş məramına şahid olmuşuq” deyən deputat 44 günlük müharibə dövründə münasibətlərin bir qədər yumşaldığını, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının ölkəyə dəvət olunduğunu qeyd edir: “Biz ermənilərin müharibə ətrafında qurduğu beynəlxalq təbliğatın yanlış olduğunu göstərmək üçün hər bir qüvvəyə şərait yaradılmasında israrlıydıq. Ordu sıralarında döyüşən qüvvələrin tərkibini göstərmək istəyindən tutmuş, xalqımıza qarşı aparılan qəddar cinayətlərə qədər bütün faktlar göstərildi və nəhayət, obyektiv, ədalətli, faktoloji bazaya dayanan hesabatlar hazırlandı. Bu sənədlər hazırda həmin qurumların saytlarında dərc olunub”.

Z.Oruc hesab edir ki, işğaldan azad olumuş ərazilərdə görülən işlərə münasibət bildirmək, obyektiv hesabatlar hazırlamaq o təşkilatların hər biri üçün bir fəaliyyət meydanı açır və bu, ədalətli olduqlarını göstərməyin ən yaxşı yoludur. O, keçmiş tarixçəni arxada qoyub yeni bir dövrə qədəm qoymağın mümkün ola biləcəyini düşünür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button