Media

“Sərhədsiz Reportyorlar”dan Bakıya çağırış: MEDİA isə məktub göndərib

“Sərhədsiz Reportyorlar” hüquq- müdafiə təşkilatı Azərbaycanda həbs edilmiş bloger Eyvaz Yəhyaoğlunun həbsi ilə bağlı açıqlama yayıb. JAMAZ.İNFO xəbər verir ki, açıqlama mayın 12-də təşkilatın “Twitter” hesabında dərc olunub.

Təşkilat blogeri dərhal azad etməyə çağırıb: “Mayın 9-da bloger Eyvaz Yəhyaoğlu polisə çağırıldıqdan sonra polisə “tabe olmama” ittihamı ilə 28 sutka həbs edilib. Bundan sonra onun vətəndaşların hüquqlarının pozulmasını işıqlandıran YouTube kanalına daxil olmaq mümkün olmayıb. “Sərhədsiz Reportyorlar” təzyiqi dayandırmağa və onu dərhal azad etməyə çağırır”.

Mayın 10-da Azərbaycan Milliyyətçi Demokrat Partiyasının (AMDP) fəalı, bloger Eyvaz Yahyaoğlu Şirvan şəhər Məhkəməsinin qərarı ilə 28 sutka inzibati həbsə məhkum edilib.

O, mayın 9-da saxlanılıb. Məhkəmə onu İnizbati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilib.

AMDP fəalın “Şirvan TV Eyvaz Eloğlu” adlı “YouTube” kanalında Şirvan rayonunda baş verən hüquq pozuntularını, dövlət əmlakının talan edilməsini, məmurların vətəndaşların şikayətlərinə qarşı biganəliyini ictimailəşdirdiyinə görə təqib edildiyini hesab edir. “Dəfələrlə bununla bağlı ona xəbərdarlıqlar edilib. Sonra isə polis bölməsinə çağırılıb”, – partiya bildirir.

JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) isə “Sərhədsiz Reportyorlar” təşkilatına məktub ünvanlayıb. Məktubda təşkilatın “2022-ci il Dünya Mətbuat Azadlığı İndeksi”nə münasibət bildirilərək, demokratik cəmiyyətin mühüm komponentlərindən biri olan media və ifadə azadlığının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklərə uyğun olaraq tam təmin edildiyi, medianın inkişafının dövlətin prioritet fəaliyyət istiqaməti olduğu vurğulanıb. Bundan başqa Prezidentin müvafiq Sərəncamı əsasında Medianın İnkişafı Agentliyinin yaradılması, media islahatlarının dərinləşdirilməsi, özəl sektoru media ilə əməkdaşlığa cəlb edən böyük layihələrin reallaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi qeyd edilərək, müvafiq beynəlxalq reytinqlər tərtib olunarkən bu müsbət təşəbbüslərin nəzərə alınmamasından təəssüf hissi keçirildiyi bildirilib.

Qeyd edilib ki, 2021-ci ildə “Sərhədsiz Reportyorlar” Təşkilatının rəsmi veb-saytında xidməti vəzifələrini yerinə yetirərkən ermənilərin Kəlbəcər rayonuna basdırdıqları minaya düşərək həlak olan jurnalistlərlə bağlı məlumatın təhrif edilərək təqdim edilməsi, faciənin əsl səbəbi və mahiyyətinin açıqlanmaması, həmin məlumatın qərəzli olaraq Azərbaycanın əleyhinə istifadə edilməsinə imkan yaradıb və əsassız yanaşmaların formalaşması ilə nəticələnib. “2022-ci il Dünya Mətbuat Azadlığı İndeksi” ilə əlaqədar Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri xanım Janna Kavelyenin “Amerikanın Səsi” beynəlxalq multimedia xəbər təşkilatına müsahibəsində səsləndirdiyi fikirlər, o cümlədən Azərbaycanın yeni reytinqini əsaslandırmaq üçün irəli sürülən arqumentlər özlüyündə tutarlı əsaslara söykənmir və müvafiq İndeks Azərbaycanda media azadlığının vəziyyəti ilə bağlı obyektiv reallığı əks etdirmir”.

Məktubda “Media haqqında” Qanunun müvafiq maddələri bir daha izah edilir, Azərbaycanda jurnalist fəaliyyətinə görə heç kimin həbs edilmədiyi vurğulanır və istənilən sahədə inkişafın qarşılıqlı hörmətə, konstruktiv əməkdaşlığa, bütün tərəflərin obyektiv, qərəzsiz yanaşmasına əsaslanmalı olduğu bildirilir: “İnanırıq ki, bir neçə mənbədən, o cümlədən bizim mənbələrdən istifadə edilməsi “Sərhədsiz Reportyorlar” Təşkilatının təqdim etdiyi xəbərlərin və hesabatların dəqiqliyini, obyektivliyini və etibarlılığını artıracaq, ixtilafa yol açan halları aradan qaldıracaqdır”.

Məktubun sonunda bir daha qeyd edilib ki, Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” Təşkilatı, eləcə də media sahəsində fəaliyyət göstərən digər təşkilatlarla dialoqa hazırdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button