Media

Jurnalistlər üçün tikilən binalarda 17 milyon manata yaxın yeyinti olub

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 11 il rəhbərlik etmiş Vüqar Səfərli və daha 10 nəfərin işi üzrə məhkəmə araşdırmaları davam edir.

“Meydan TV”-nin məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə noyabrın 4-də keçirilən məhkəmə prosesində məlum olub ki, ittihamda üç binadan ikisində 16 milyon 920 min manat mənimsəməyə yol verilməsindən söhbət gedir.

Bildirilir ki, təmir zamanı bahalı avadanlıqlar əvəzinə keyfiyyətsiz materiallardan istifadə olunub.

“Binada nöqsanlar var idi. Məsələn, yerlərə parketin vurulması nəzərdə tutulsa da, laminat vurmuşdular. Binada təmir zamanı istifadə olunacaq materiallar brend mallar nəzərdə tutulsa da, Çin istehsalı mallarından istifadə olunmuşdu. Pəncərə altlıqları mərmərdən göstərilsə də, plastikdən vurulmuşdu. Divarlara parça oboy qiymətinə adi oboy vurulmuşdu. Bunlarla bağlı etirazımı Vüqar Səfərliyə bildirmişdim. O, cavabında dedi ki, binada görülən işlərə Əli Həsənov nəzarət edir, mən qarışmayım”, – jurnalistlər üçün binaları tikmiş “Portos” MMC-nin direktoru olmuş Nadir Məmmədov (təqsirləndirilən şəxs) açıqlamasında bildirib

Məhkəmə prosesi noyabrın 10-da davam edəcək.

Xatırlatma: Məhkəmə qarşısında Vüqar Səfərli ilə yanaşı, daha 10 nəfər dayanıb. Onların arasında “Portos” MMC-nin direktoru Nadir Məmmədov, həmin binaların keçmiş komendantı Bünyamin İsmayılov, Fondun mühasibi olmuş Təhminə Yaqubova, “Altun” restoranının direktor müavini Təmkin Xəlilov, bu restoranın inzibatçısı Şahin İbrahimov, “Xəmsə” restoranının icarədarı Bəxtiyar Fətullayev və Valeh Orucov da var. Lakin təqsirləndirilən 11 nəfərdən yalnız ikisi – Vüqar Səfərli və Nadir Məmmədov həbsdədir.

Vüqar Səfərli digər təqsirləndirilən şəxslərlə əlbir olub, 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, bundan əlavə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur.

11 nəfərin heç biri özünü təqsirli bilmir, ittihamda yazılanlarla razılaşmırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button