Media

Jurnalist: “Abşeronda illərdir bizi get-gələ salırlar, qanuni evimizə çıxarış ala bilmirik”

Jurnalist Rüfət Əhmədzadə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev cənablarına

Surəti: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi cənab Mətin Eynullayevə

Surəti: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin rəisi cənab İlqar Məmmədova

Azərbaycan Respublikasının vətəndaşı,

Abşeron rayonu, Masazır qəs, Ə.Vahid küçəsi,

döngə 8, ev 23 ünvanında yaşayan

Rüfət Seyidəhməd oğlu Əhmədzadə tərəfindən

MÜRACİƏT

Cənab Prezident!

Mən 10 ildən çox jurnalist fəaliyyətilə məşğul olmuşam. Hər zaman yazılarımda dövlətçilik və qanun prinsiplərini əsas tutmuşam. Vətəndaşların incidilməsini, süründürməçiliyi qəbul etmədiyinizi  Siz də dəfələrlə çıxışlarınızda bildirmisiniz.

Anam – AMEA-nın böyük elmi işçisi Gülarə Məcidovanın adına qeydiyyat vərəqəsi olan, 2004-cü ildə Masazır qəsəbəsində tikilən və artıq 20 ilə yaxındır yaşadığımız evə çıxarış ala bilmirik. 2017-ci ildən bəri  Abşeron Dövlət Reyestr Xidməti bizi incidir, son müracətimizdən də aylar keçdiyi halda nə imtina, nə də təsdiq cavabı ala bilmirik. Sizdən xahiş edirəm, bu süründürməçiliyə son verilməsinə göstəriş verəsiniz.

Belədir ki, 2004-cü ildə Masazır Bələdiyyəsindən sərəncamla aldığımız sənədlərdə indi məmurlar hansısa uyğunsuzluq axtarırlar, bizi get-gələ salırlar. Abşeron rayonundan yazdığım yazılara görə, sabiq baş memar (və korrupsiyaya görə həbs olunan) Akif Əliyev mənlə prinsipə düşərək, 2017-ci ildə bəzi sənədlərə qol çəkməmişdi. Lakin ev elə planda çəkildiyi kimi qalır, heç bir dəyişiklik və artırma da yoxdur. Qeydiyyat vərəqəsi də qanunsuz deyil. Belə olduğu halda aylardır və illərdir bizi süründürmələrini anlamıram. Anam miras bölgüsü aparmaq istədikdə isə ona bildirilir ki, bu sənədlə heç bir şey etmək mümkün deyil. Onda belə çıxır ki, biz 20 ilə yaxındır bu evdə boşuna yaşayırıq? Əgər evimiz qanunsuz tikilidirsə, bu barədə niyə tədbir görülmür? Yox, qanuni tikilidirsə, onda niyə bizim evə çıxarış verilmir?

Bizə gələn son məktubda bildirilir ki, Ədliyyə Nazirliyi Notariat İdarəsi və Abşeron 2 saylı Notarius Ofisi tərəfindən cavab verilməmişdir. Biz nə etməliyik? Dövlət Kadastrı və Reyestrti Xidmətinin 4 saylı Ərazi Abşeron İdarəsinin əməkdaşları dura-dura, biz gedib Ədliyyə Nazirliyindən cavab tələb etməliyik? Sorğunun nə olduğunu bilmirk, amma dövlət məmurlarının biri o birinə vaxtında cavab vermirsə, bizim günahımız nədir? Bir sözlə, məmurlar məsələni uzatmaqla, biz də «havada asılı» vəziyyətdə almışıq. Anamın 70 yaşı var, utanmadan orda çalışan şəxslər ona deyirlər ki, get Ədliyyə Nazirliyindən bizim sorğumuza cavab gətir! Bu özbaşınalıq, vətəndaşa hörmətsizlik deyilsə, bəs nədir?

Xahiş edirəm, bu barədə tədbir görəsiniz!

Hörmətlə, Rüfət Seyidəhməd oğlu Əhmədzadə.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button