Media

Görüş yerini dəyişmək olmaz!

İlqar Kamil 

 

Yenə səhər, yenə biz, yenə süfrə başı. Danışa-danışa gəlib bu qənaətə çıxmışıq ki, dünyadakı ən böyük günah vəfasızlıqdı. Qəribə səsləndi, deyilmi? Oğlum stəkanını nəlbəkinin içinə qoyub soruşur: ata, oxuyuram, az qala bütün səmavi dinlərdə şeytan obrazı var, maraqlıdır, bəs axı niyə o, israrla bizim cəhənnəmdə yanmamızı istəyir? Gülümsünürəm: çünki o özü də yanır. Deyirəm, oğlum, məşhur “cəhənnəmə gedən özünə yoldaş axtarar” məsəlindəki varlıq da elə şeytan və şeytan xislətli insanlardı!

Orta əsrlərin məşhur alman mifi var – Faust! (Sonralar Höte bu mif əsasında dünya şedevrlərindən birini yaradıb). Kimdir Faust? Dünyadakı bütün bilgiləri mənimsəmək, bütün həzzləri dadmaq qarşılığında ruhunu şeytana satmış adam. Mübaliğə eləmədim, düz eşitdiniz, məhz satmış! Çünki şeytanla Faustun arasında konkret bir müqavilə vardı: mən istədiklərini sənə təqdim edirəm, əvəzində sən ruhunu mənə satır və mənim qulum olursan.

Böyük ustadlardan biri deyirdi ki, müasir insanın ən böyük bəlasıdır – Faustluq, indi az qala hamı, hamı bir az Faustdu, sadəcə xəbərimiz yoxdu. Allah rəhmət eləsin Ustad Adil Mövlayini, bir dəfə gecə saat 12-1 olardı, gəldi ki, İlqar, oğlum, yatmamısan? Yox, dedim. Rica edirəm, dedi, gəl filan otaqda bu ayələri mənim üçün avazla oxu, sonra mənə fikir vermə, get yat.

Oxudum, mən o ayələri ustad üçün oxudum, ta ki, bir ayəyə çatanda ustad qəfil hönkürdü və mən anladım ki, artıq durub getməliyəm. Hansı idi o ayə? “İstəhvəzə əleyhimuş şeytan fə ənsahum zikrəllah”. – Şeytan onlara elə hakim kəsildi ki, Allahın zikrini (oxu: əhdini) unutdurdu! (Mücadilə, 19)

Nədir o əhd? Yasin surəsində oxuyuruq: “Ey adəm övladı, məgər biz sizinlə əhd bağlamadıq ki, şeytana deyil, Mənə bəndəçilik edəsiniz? Və dogru yol budur?” Biz haçansa, hardasa Allaha söz vermişik, başa düşürsüz? Bütün məsələ budur! Deməyin ki, axı xatırlamırıq, axı yadımıza gəlmir… biz axşam günortaya nə yediyimizi unudan varlıqlarıq, onu necə xatırlayaq?

Adımız da ki insan – yəni unutqan!

Bununla qalsaydı nə vardı, üstəlik, gedib yeni Faustvari əhd də bağlamışıq – şeytanla! Mən Ramazan ayında şeytanın zəncirlənməsi hədisini bu konteksdə başa düşürəm, sanki Allah deyir, bəndəm, bilirəm, şeytanın çənginə düşmüsən, mən bu ay o naxələfi zəncirləmişəm, qaç xilas ol, mən onu yubadacam, sən qaç canını qurtar. Hara, İlahi, hara qaçım?

Cavab: Qaçın Allaha doğru!

(Zariyat, 51)

Yenə səhər, yenə biz, yenə süfrə başı. Danışa-danışa gəlib bu qənaətə çıxmışıq ki, dünyadakı ən böyük günah vəfasızlıqdı – bəndənin Allaha vəvasızlığı! Dəşhşətdi, deyilmi? Onun kimi mehriban bir varlığa vəfasızlıq edilərmi, atam-qardaşım, ayıb deyilmi?

İcazə verin Şah Təhmasibin çox sevdiyim məşhur beytini bu dəfə ürək ağrısıyla, əziz Allahın dilindən oxuyaq:

Gərçi sən getdin, Həbiba, getmədi məndən qəmin;

ey vəfasız dilbərim, səndən vəfalıymış qəmin.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button