Media

“Dilimizi qəsdən məhv edirlər” – AMEA-ya etiraz

Bu yaxınlarda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilinin yeni orfoepiya normaları”nın mübahisəli bəndləri ilə bağlı yekun müzakirələr aparılıb. Müzakirələr cəmiyyətdə birmənalı qarşılanmayıb və etirazlara səbəb olub. Abituriyentlər, tələbələr və digər vətəndaşlar məsələ ilə bağlı iradlarını sosial şəbəkə hesablarına yazaraq, AMEA rəhbərliyini tənqid atəşinə tutublar.

Jamaz.info xəbər verir ki, mövzu ilə bağlı modern.az-aaçıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, professor İdris Abbasov iradların haqlı olduğunu bildirib.

Professor deyib ki, baş verən hadisələr Azərbaycan Milli Elmlər Akademiyasında düzgün idarəçiliyin olmamasından qaynaqlanır:

“İsa Həbibbəylinin başçılığı ilə orfoqrafiyanı pis günə qoydular. Bu gün şagirdlər, tələbələr və jurnalistlər tərəddüd içində qalıblar. Filan sözü necə yazaq şübhəsi var, bunu da qəsdən yaradırlar. Dil siyasətində bir şey var ki, orfoqrafiyada 1-2 sözü dəyişsən, dil məhv olacaq. Bunu İsa Həbibbəyli, akademik şəbəkəsi tətbiq edir. Bağırıram, qışqırıram, amma tək qalmışam, çünki bura şəbəkədir. Dissertasiyaların müdafiəsi alverdir, hər şey rüşvətdən başlayır. Məncə, AMEA tamamilə ləğv olunmalı idi. 180-200 nəfərlik Dilçilik İnstitutunun işini 30 nəfərlə yerinə yetirmək olar. Yetər ki, məsuliyyətli kadrlar çalışsın. Köhnə ənənələr davam etdirilir”.

İ.Abbasov qeyd edib ki, öz ana dilimizə gülürük, lağlağı obyektinə çeviririk, bunun da başında akademiya şəbəkəsi dayanır.

“Akademikləri pul və milyonlarını necə artıra biləcəkləri düşündürür. Dillə bağlı baş vermiş hadisəni düşünülmüş şəkildə edirlər ki, dövlət atributumuz olan dili gözdən salsınlar. Artıq bizim dilimiz təhlükə və şübhə altındadır. Akademiklər pulludur, məzələnməyə bir məsələ axtarırlar. Dilimizin nüfuzdan salınması siyasətinin kimə xidmət etdiyi çox maraqlıdır. Tələbələrin əksəriyyəti bu gün yaxınlaşıb mənə deyirlər ki, müəllim, artıq dildən zəhləmiz gedir, dilin sabit qrammatik qaydaları yoxdur. Sovet dövründə bu sözləri deyən yox idi. Şagirdlərə də aşılayırlar ki, sənin dilin yaxşı deyil, get rus, ingilis dili öyrən” – deyə professor etirazlarını dilə gətirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button