Media

“Azərbaycanlı jurnalistlər üçün beynəlxalq təşkilatların səsi çıxmır” … – Politoloq

Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar.
Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıb. Həmçinin, çəkiliş kamerası əllərindən alınaraq sındırılıb. Azərbaycanlı jurnalistlər kameranı geri tələb edərkən isə polis onları silahla hədələyib.
Öz peşə fəaliyyəti ilə məşğul olan jurnalistlərin Fransa polisi tərəfindən zorakılığa məruz qalması nə dərəcədə doğrudur? Bəs, Fransada mətbuat azadlığına xələl gətirən bu hadisə ilə bağlı beynəlxalq təşkilatlar hər hansı bir addım atıb?
Mövzu ilə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının beynəlxalq məsələlər üzrə katibi, politoloq Elçin Mirzəbəyli Bakupost.az -a açıqlamasında bildirib ki, jurnalistlərə qarşı zorakılıq, iqrçilik, ksenofobiya, islamafobiya Makron Fransasının mahiyyətini təşkil edir.
Elçin Mirzəbəylinin sözlərinə görə, dünyanın müxtəlif ölkələrində media və informasiya sahəsində qəbul edilən qanunvericilik aktlarını maddə-maddə, hətta söz-söz “ekspertiza”dan keçirən “Sərhədsiz reportyorlar” və digər bu kimi təşkilatlar Fransadakı polis senzurasına münasibətdə etirazlarını dilə gətirmək belə istəmirlər:
“Makron hökumətinin 2021-ci ildə medianı basqı altında saxlamaq məqsədilə parlamentin hər iki palatasında qəbuluna nail olduğu “Qlobal təhlükəsizlik və informasiya hüququnun müdafiəsi” haqqında qanun rəsmi Parisə Fransada “polis senzurası” yaratmağa imkan verib. Sözügedən qanun sonradan müəyyən dəyişkiliyə məruz qalsa da, polis orqanlarına müstəqil reportyorların və xəbər kanallarının çəkdikləri materiallara baxmaq, onların yayımını dayandırmaq imkanı verir. Yəni istənilən polis nəfəri “mənim şəklimi, yaxud video görüntümü mənə ziyan vermək üçün lentə almısan” iddiası ilə medianın işinə müdaxilə edə bilər. Bu ilin yanvar ayından etibarən Fransada keçirilən dinc etiraz aksiyalarında onlarla jurnalist polisin təzyiqinə məruz qalıb. Onların bir qismi kütlənin gözü qarşısında amansızlıqla döyülüb, üzərlərinə gözyaşardıcı qaz sıxılıb, hətta boğulmaya məruz qalıblar. Bu sırada “Le Media” saytının əməkdaşlarını, “Brut” nəşrini təmsil edən jurnalist Remi Byuzini, “Loopsider”in reportyoru Amara Tayalini qeyd etmək olar. Fransa polisinin amansız təzyiqlərinə məruz qalan jurnalistlərin siyahısı kifayət qədər genişdir. Lakin bu jurnalistlərlə bağlı bir sıra beynəlxalq təşkilatlar tərəfindən Avropa Komissiyasına müraciət olunub”.
Elçin Mirzəbəyli qeyd edib ki, AZTV əməkdaşlarının peşə borclarını yerinə yetirərkən nalayiq rəftara məruz qalmaları söz və ifadə azadlığının zorakılıqla məhdudlaşdırılması və insan hüquqlarının kobud şəkildə pozulmasıdır:
“Əməkdaşlarımıza qarşı fransız polisinin zorakılığı məni təəccübləndirmədi. İndi görək, Fransa polisinin təzyiqlərinə məruz qalan jurnalistlərlə bağlı Avropa Komissiyasına müraciət edən “Sərhədsiz reportyorlar” və digər bu kimi təşkilatlar azərbaycanlı jurnalistlərlə bağlı hansı davranışı sərgiləyəcəklər? Bu kifayət qədər ciddi məqamdır və sözügedən beynəlxalq təşkilatların, onsuz da bizə bəlli olan iç üzünü bir daha ortaya çıxaracaq. Fransız jurnalistlərlə bağlı dərhal hərəkətə keçən beynəlxalq təşkilatların, Avropa parlamentarilərinin səsi hələ ki, eşidilmir. Çünki onlar üçün söz və ifadə azadlığı anlayışı yalnız avropalı jurnalistlərə münasibətdə, yaxud hansısa ölkəyə qarşı hazırlanan qarayaxma kampaniyaları çərçivəsində özünü büruzə verir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button