Media

Əhali televiziyalarda nəyi izləyir?

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi ötən sorğular vətəndaşların məlumat mənbələri arasında televiziyanın ilk sırada qərarlaşdığını göstərib.

Jamaz.info Modern.az-a istinadən xəbər verir ki, bu istiqamətdə növbəti rəy sorğusundan əldə olunan nəticələr yerli, yoxsa xarici televiziya yayımlarına üstünlük verildiyini, eləcə də daha çox hansı növ proqramların izlənildiyini müəyyən etməyə imkan verib.

Ümumi nəticələrə görə, respondentlərin 81.8%-i televiziya kanallarını izlədiyini, 18.2% izləmədiyini bildirib. O cümlədən, sorğuda iştirak edənlərin 69.8%-i əsasən yerli televiziya kanallarına, 12.0%-i xarici televiziya kanallarına üstünlük verdiyini ifadə edib.

Nəticələr respondentlərin yaş qrupu, gender mənsubiyyəti və yaşayış yerinin növünə görə fərqlənir:

  • Aşağı yaş qruplarından yuxarı yaş qruplarına doğru televiziya kanallarını izlədiyini bildirənlərin sayında artım qeydə alınır. Xatırladaq ki, ötən sorğular gənc nəslin əsas məlumat mənbələri kimi internet resurslarının, sosial şəbəkələrin ön planda olduğunu göstərib. Hazırkı sorğu da televiziya kanallarını izləməyənlərin daha çox 18-24 yaş qrupu (46.2%) iştirakçılar olduğunu müəyyən edib.
  • Kənd ərazi vahidlərində yaşayan respondentlərin 87.6%-i, şəhərdə məskunlaşanların isə 77.0%-i televiziya kanallarını izlədiyini bildirib. Kəndlərdə yaşayan respondentlərin 93.8%-i əsasən yerli, 6.2%-i əsasən xarici kanalları izlədiyini ifadə edərkən, şəhərdə yaşayanlar üzrə bu göstəricilər 80.5% və 19.5%-ə bərabər olub.
  • Nəticələri gender aspektindən nəzərdən keçirdikdə, qadınların 86.1%-i, kişilərin 77.7%-i televiziya kanallarını izlədiyini bildirib.

Respondentlərin hansı növ proqramları daha çox izləməsinə gəlincə, bu barədə ardıcıllıq yerli və xarici kanal izləyiciləri üzrə fərqlənir. Yerli kanalları izləyənlər daha çox xəbər və analitika proqramlarını qeyd edərkən, xarici kanallar üzrə film və serial izləyiciləri üstünlük təşkil edib.

  •  “Xəbər və analitika” cavabı ən çox yaşı 65-dən yuxarı olan, “film və seriallar”, “şou və əyləncə” cavabları daha çox orta yaş qrupu iştirakçılar tərəfindən seçilib.
  • “İctimai-siyasi” məzmunlu proqramlar daha çox ali təhsillilər, film və seriallar, şou və əyləncə tipli proqramlar orta təhsilli iştirakçılar tərəfindən izlənilir.

Sorğular 2023-cü ilin 14-17 may tarixlərində, könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib, anonimlik tam qorunub. Sorğularda telefonla müsahibə formasından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button