AraşdırmaManşet

“Zəngəzur Dəhlizi” məsələsi: Ekspertlər necə düşünür?

Müharibədən sonra gündəmi zəbt etmiş “Zəngəzur dəhlizi” məsələsi Azərbaycanda rəsmi səviyyələrdə dilə gətirilsə də, Ermənistanda bununla bağlı isterika var. Buna səbəb həmin dəhliz açılarsa, onun kimin nəzarətində olması məsələsidir. Çünki erməni rəsmiləri belə kommunikasiyalar açıldıqdan sonra onun təhlükəsizliyindən tutmuş, nəzarətə qədər hansı ölkənin ixtiyarında olacağını belə bilmirlər.

JAMAZ.İNFO xəbər verir ki, təkcə, Ermənistanda deyil, Rusiyada da dəhliz məsələsi aktualdır. Bu ölkədən olan ekspertlər məsələ ilə bağlı çeşidli fikirlər səsələndirirlər.

Safaryan: “Sənəddə belə bir ifadə yoxdur”

Erməni ekspert Aşot Safaryan deyir ki, Türkiyə və Azərbaycan kommunikasiya məsələsində Ermənistana fəal şəkildə təzyiq göstərirlər. Lakin o, bu təzyiqlərin uzun müddət davam edəcəyini inkar etməsə də, məsələnin bu qədər sadə olmadığını da qeyd edib. “Reallıq Bakı və Ankaranın maraqları baxımından daha az optimist görünür. Fakt budur ki, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatında “Zəngəzur dəhlizi” ilə bağlı bir kəlmə belə yoxdur. Bəyanatın sonuncu, 9-cu bəndində deyilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılacaq”.

Silayev: “Dəhlizlə bağlı təsəvvürlər aydın deyil”

Amma rusiyalı politoloq Nikolay Silaev deyir ki, kommunikasiyaların açılması hər hansı bir ekstraterritorial dəhliz demək deyil. “Üçtərəfli bəyanatda nə dəhliz, nə də “Zəngəzur” sözü olmadığından, “Zəngəzur dəhlizi” ifadəsi Azərbaycan tərəfindən gündəmə gətirilib. Düzdür, birgə bəyanatda Sünikdən keçən yolun hansı statusa malik olacağı, onun tamamilə Ermənistanın nəzarətində olub-olmayacağı və Rusiya sərhədçilərinin orada konkret olaraq nə edəcəyi tam aydın deyil.

Horadiz-Ağbənd yolunun çəkilməsinə gəlincə, Sünikdən keçən yolun statusundan asılı olmayaraq, onsuz da çəkilməli idi”.

Atayev: “Bu məsələ 2000-ci illərdən gündəmdədir”

Digər rus politoloq Artur Atayev isə hesab edir ki, “Zəngəzur dəhlizi” planı birinci müharibənin sonundan 2001-ci ilə qədər müzakirə olunub. Onun sözlərinə görə, Ermənistanın ikinci prezidenti Robert Köçəryan faktiki olaraq bu variantla razılaşırdı. “Əgər Azərbaycan parlamentinin əks mövqeyi olmasaydı, “Qarabağın müqabilində dəhliz və sülh” formulu həyata keçəcəkdi. Yeri gəlmişkən, ötən ilin sentyabrında Köçəryanın özü də müsahibəsində Heydər Əliyevlə 2001-ci ilin aprelində Ki-Uestdə aparılmış danışıqlardan danışmışdı. Köçəryan qeyd edib ki, Ki-Uestdə imzalanmaq üçün hazırlanan sənəd Azərbaycanın Qarabağdan imtinasını əks etdirirdi. Qarabağ Ermənistana birləşirdi. Ermənistan buna cavab olaraq Azərbaycana Meqri bölgəsi vasitəsilə Naxçıvana suveren marşrut hüququ verirdi. Lakin sonradan Azərbaycan tərəfi bu plandan imtina etdi”.

Atayevin qeyd edir ki, hal hazırda Qarabağda ötənilki hərbi uğurların sahibi olan Azərbaycan və onunla birlikdə Türkiyə, bu ideyanın həyata keçirilməsinə ümid edir. Ekspertin fikrincə, dəhliz təkcə Azərbaycana deyil, Türkiyəyə də çox lazımdır. “Bu, Ankaranın iqtisadi məkanını və imkanlarını artırmaq, hərbi-siyasi məkanını genişləndirmək üçün lazımdır”.

Eyni zamanda o güman edir ki, əvvəlcə türklər və azərbaycanlılar Ermənistan ərazisindən hava “dəhlizi” açmağa cəhd edə bilərlər. “Ərdoğanın Füzuli hava limanının açılışında iştirakı heç də təsadüfi deyil. Yol məsələsinə gəlincə, burada məsələ daha çox Ankara və Bakının İrəvana nə vaxta kimi təzyiq göstərə biləcəyindən asılıdır. Faktdır ki, Qarabağ münaqişəsinin hərbi mərhələsi artıq iqtisadi qarşıdurmaya çevrilir. Bakı və Ankara da bu səbəbdən İrəvana təzyiq göstərir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button