ManşetÖlkə içi

Xankəndində ermənilər mitinqə deyil, konsertə gəliblərmiş: “Saxtakarlıq etməyin”  

Artıq bir neçə gündür Qarabağdakı ermənilər hadisələrin gedişatından dolayı nə edəcəklərini bilmirlər. İstər Ermənistanda, istərsə də Qarabağda ermənilərin aksiya keçirmək cəhdləri, hətta hamının küçəyə çıxması üçün az qala söyüş qoymaları belə bir işə yaramır.

JAMAZ.İNFO xəbər verir ki, mayın 28-də daşnakların nümayəndəsinin təşkilatçılığı ilə Xankəndidə etiraz aksiyası keçirilməsinə cəhd olunub. Hətta həmin gün şəhərin mərkəzi meydanında xeyli adam toplaşıb. Müxalifət qüvvələri elə zənn ediblər ki, meydana gələn ermənilər Qarabağın Azərbaycanın tərkibində olmasına etiraz üçün toplaşıblar. Lakin sonradan məlum olub ki, onlar heç də aksiyaya qoşulmaq üçün deyil, həmin gün məhz mərkəzi meydanda təşkil olunmuş konsert proqramına baxmaq üçün toplaşıblar.

Qeyd edək ki, Ermənistan müxalifəti iki gündür bu hadisəni “Qarabağın dirçəlişi” kimi təqdim etsə də, separatçıların nümayəndəsi Artak Beqlaryan onların yalanını çıxarıb. Beqlaryan özünün Facebook hesabında yazıb ki, Xankəndinin mərkəzi küçəsində toplaşanların aksiya ilə heç bir əlaqəsi olmayıb, onlar Ermənistanın müstəqillik günü ilə əlaqədar təşkil olunmuş konsert proqramına qatılmaq üçün orada olublar. “Saxtakarlıq etməyin. Həqiqəti saxtalaşdırmayın. Ora toplaşan insanların aksiya ilə heç bir əlaqəsi yox idi. Oonlar konsertə gəlmişdilər və yüksək səviyyədə də iştirak etdilər”.

Hadisələrin belə gedişatı, Azərbaycan və Ermənistan arasında danışıqların yeni mərhələsinə qədəm qoyması, sərhədlərin müəyyən edilməsi, sülh sazişinin imzalanması prosesinin artıq ikinci mərhələdə olması, habelə İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi olmasını qəbul etməyə hazır olduğunu deməsi, Xankəndidədki separatçıların da kürkünə birə salıb. Onlar müqavimət göstərməyin mümkün olmadığını bildikləri halda, əlavə gərginliklər yaratmağa çalışırlar.

JAMAZ.İNFO xəbər verir ki, Qarabağdakı separatçıların nümayəndəsi David Babayan deyib ki, onların gələcək aqibətləri guya, özlərindən asılıdır. “Azərbaycanın əsas məqsədlərindən biri istənilən yolla Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasıdır. Bu baş verərsə, geosiyasi və mənəvi-psixoloji fəlakət olacaq. Bizim üçün, əlbəttə ki, Azərbaycanın bir hissəsi olmaq qətiyyən qəbuledilməzdir. Bütün dünya belə düşünsə də, belə olmasa da, bizim bunun qarşısını almaq imkanımız olacaq. Ən azından Qqarabağın qalanını saxlamaq üçün hər cür imkan var. Hər şey bizdən asılıdır”.

Qarabağdakı separatçılar hələ də mövcud reallıqları qəbul etmirlər. Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Bu həqiqəti görməzdən gəlmək korluqdur və onun da müalicəsi yoxdur. Ona görə də, separatçılar ara qarışdırmaq, ürək bulandırmaq kimi niyyətlərindən əl çəkib, ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da çıxıb getməlidirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button