AraşdırmaManşet

Vaşinqtonda nə baş verib? – Politoloq şərhi

Məlum olduğu kimi, 1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

JAMAZ.İNFO xəbər verir ki, XİN-dən bildirilib ki, nazirlər Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul ediliblər. Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

Nazirlər hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər.

Nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.

Hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Politoloq Asif Nərimanlı JAMAZ.İNFO-ya verdiyi açıqlamasında qeyd edib ki, dörd gündür davam edən Vaşinqton danışıqlarının yekunu ondan ibarətdir ki, tərəflər “sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə razılaşıb və bəzi əsas məsələlər üzrə mövqelər fərqli olaraq qalır. “Hansı maddələr üzrə razılaşma olduğu açıqlanmır: bunun dialoqun davam etdirilməsi olduğu istisna deyil. Blinkenin “yekun razılaşma tarixi olacaq” açıqlaması da bunu deməyə əsas verir”.

Asif Nərimanlı bildirir ki, razılaşdırılmayan maddələr də gizli saxlanılır. Hərçənd o, bunun nələr olduğunu təxmin etmək çətin olmadığını vurğulayır. “Birincisi, Qarabağdakı ermənilərin “hüquq və təhlükəsizliyinin qorunması” məsələsidir. Bakı erməni əhalisi ilə təmaslar məsələsinin sülh sazişinə daxil edilməsinə iczə vermir, bu mövqe ABŞ-da da qəbul olunur; İrəvan bunun əksini istəyir. İkincisi, İrəvan “Bakı-Xankəndi” formatı kimi qondarma təklif irəli sürür və bununla separatçıları “tərəfə” çevirmək, yaxud ən azı erməni əhalisinin “təmsilçisi” kimi qəbul etdirmək niyyətindədir”.

Politoloq hesab edir ki, sərhədin delimitasiyasının hansı xətlər üzrə aparılması, xüsusilə işğal altındakı 8 kəndlə bağlı fikir ayrılığı da var: “Ermənistan bu kəndləri qaytarmaq istəmir. Vaşinqtonda danışıqların yekunlaşdığı vaxt Paşinyanın Praqada verdiyi açıqlamalar da fikir ayrılığının bu məqamlardan ibarət olduğu fikrini önə çıxarır. Blinken danışıqları “ciddi irəliləyiş” adlandırıb, hərçənd, Ermənistanın mövqeyi faktiki olaraq prosesləri dalana dirəyir. Moskvada keçiriləcək növbəti raundda da nəticə əldə ediləcəyi ehtimalı azdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button