ManşetSiyasət

Vardan Oskanyan Soçi görüşü barədə: “Rusiya Ermənistan üçün daha əlverişli sülh sazişi təklif edir”

Ötən gün Rusiya prezidenti Vladimir Putin Qarabağ və Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı danışıb. JAMAZ.İNFO xəbər verir ki, Kremlin rəhbəri bildirib ki, Ermənistan Qərbin təklif etdiyi sülh sazişini qəbul etməkdə sərbəstdir və Rusiya bu məsələyə etiraz etmir.

Lakin müqabilində bəyan edib ki, onların daha “yaxşı” təklifləri var. İki gün sonra isə Soçidə üç ölkə rəhbərinin iştirakı ilə görüş gözlənilir.

Qeyd edək ki, həmin görüşdə 15 bəndlik sülh sazişi müzakirə ediləcək. Ermənistanın baş naziri Nikol Paşinyan bu günkü çıxışında bildurib ki, orada bir sıra məsələlər nəzərdə tutulur. Onlardan biri də Qarabağdakı rus sülhməramlılarının ərazidə daha 15-20 il qalmasını ehtiva edir.

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan isə baş verən son hadisələri dəyərləndirərək, bununla bağlı məqalə ilə çıxış edib. O bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Ermənistan-Azərbaycan münasibətləri və Qarabağ problemi ilə bağlı verdiyi şərhlərdə iki aydın mesaj və bir tövsiyə var idi. “Birincisi, erməni xalqının bu gün düşdüyü vəziyyət Rusiyanın deyil, yalnız və yalnız Ermənistan hakimiyyətinin günahıdır. İkincisi, erməni xalqının hələ də düşə biləcəyi vəziyyət təkcə Ermənistanın hakimiyyətindən deyil, həm də erməni xalqından asılıdır.Və Putinin təklifi ondan ibarət idi ki, masada ABŞ layihəsindən fərqli olaraq, Ermənistan üçün daha əlverişli olan Rusiya sülh müqaviləsi layihəsi var”.

Oskanyan güman edir ki, Rusiyanın təklifində Ermənistanın xeyrinə xeyli məqamlar var. “Rusiyanın təklifinin mahiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanımaqla Qarabağ məsələsinin hələ də mövcud olduğunu qeyd edir və bununla bağlı məqbul həllə nail olmaq üçün danışıqları davam etdirəcəklər.

Aydındır ki, biz danışıqların kritik mərhələsinə qədəm qoyuruq. Burada təkcə Ermənistan və Azərbaycanın deyil, həm də Rusiya və Qərbin maraqları toqquşacaq. Hər iki tərəfin iştirakına da bu baxımdan baxılmalıdır. Minsk Qrupunun birgə fəaliyyətini isə unutmaq lazımdır, çünki həmin mərhələ artıq bitib”.

Bildirək ki, Oskanyanın fikirləri gümana və ehtimala söykənir. Eyni zamanda, Azərbaycanın “Qarabağ məsələsi mövcuddur” sözü yazılmış sənədi imzalaması mümkünsüzdür. Çünki son müharibədən sonra rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi bitib və belə bir problem yoxdur. Belə olan halda Azərbaycan hakimiyyəti hansı arqument və dəlili əsas götürüb, iki ildir davam edən mövqeyindən imtina edəcək? Bu öz özünü inkar etməkdir ki, rəsmi Bakı buna getməyəcək və ya gedə bilməyəcək.

 

JAMAZ.İNFO

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button