ManşetSiyasət

“Türkiyənin özlərinin istədiyi formada addım atmağını istəyirlər” – Zəlzələ süni şəkildə törədilib?

Qeyd etdiyimiz kimi 6 fevral Türkiyənin cənub-şərqində 7.7 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Ölü və yaralı sayı hər keçən saat artır. Dəhşətli zəlzələ cəmiyyətdə müzakirə olunur, təkanlarla bağlı müxtəlif iddialar səslənməyə davam edir.

Bunlardan birincisi zəlzələnin süni şəkildə yaradılması ilə bağlıdır. Sosial şəbəkələrin Türkiyə seqmentində insanlar zəlzələnin baş verməsi ilə bağlı qeyri-adi paylaşımlar ediblər. Onlardan bir neçəsini təqdim edirik:

“Qorxulu səslər eşitdik. Bu nə səs idi.. Sanki binaya nəsə çarpdı”

“Sanki səs bombası idi. Uğultunu eşitdim” və s.

Bəzi şəxslər iddia edirlər ki, bu zəlzələ sünidir və Türkiyəni istəməyən qüvvələr tərəfindən törədilib.

Jamaz.info xəbər verir ki, Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli bunun mümkün olmadığını qeyd edib.

Onun sözlərinə görə, zəlzələ ocağı olmasa, süni zəlzələ yaratmaq da olmaz:

“Atom bombası partladıldıqda titrəyiş baş verir və dağıntılara səbəb olur. Ancaq bunu zəlzələ hesab etmək doğru deyil. Sovet dövründə atom bombalarını sınaqdan keçirirdilər. Həmin dövrdə seysmoloqlar vasistəsilə öyrənirdilər ki, harada, hansı ölçüdə atom silahı sınaqdan keçirilib. Bunun üçün xüsusi seysmik stansiyalar var. Atom bombası partladıldıqda ondan böyük enerji ayrılır ki, o da silkələnməyə səbəb olur. Atom bombalarının titrəyişlərini təbii zəlzələdən ayırmaq üsullarını seysmoloqlar bilirlər”.

Bu barədə Ağ Partiya başqanı Tural Abbaslının da fikirlərini öyrəndik.

Mövzu ilə bağlı Jamaz.info-ya açıqlama verən Tural Abbaslının sözlərinə görə, bunun heç bir elmi əsası yoxdu:

“Bəli belə bir iddialar var ki baş verən zəlzələ ikinci, üçüncü dövlətlər tərəfindən süni şəkildə yaradılıb. Bu günə qədər mən səhv etmirəmsə süni zəlzələ yarada biləcək bir texnologiyanın varlığını  hər hansı bir ölkə etiraf etməyib. Bu fiziki baxımından da mümkün deyil. İnanmıram o boyda ərazinin tektonik hərəkətliliyini yaratmaq üçün texnologiya ola. Bu söhbətləri ciddi qəbul etmirəm”.

Türkiyə üçün önəmli dövrün olduğunu qeyd edən T.Abbaslı seçki ərəfəsində baş verə biləcək hər hansısa bir hadisənin Türkiyə siyasətinə birbaşa təsir edə biləcəyini vurğuladı:

“Seçkilər ərəfəsidir. Təbii ki hazırda heç kimə sirr deyil ki, Amerika və bir çox Qərb ölkələri Türkiyənin güclənməsində maraqlı deyil və Türkiyənin özlərinin istədiyi formada addım atmağını istəyirlər amma bunların heç biri ona əsas vermir ki, deyək ki bu süni şəkildə yaradılmış zəlzələdir və bunu Amerika , Rusiya, Çin və ya İran edib. Bunlar şaiyələrdir. Ciddi məsələlər deyil. Qətiyyən inanmıram. Türkiyəyə necə yardım edə biləcəyimiz barədə müzakirələrin aparılması daha məntiqəuyğun olar”.

Şahanə Quliyeva

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button