AraşdırmaManşet

Tehran yenə Bakını hədəf göstərir: “Azərbaycan İranı bombalamaq üçün İsrail təyyarələrinə baza verə bilər”

Hələ 2008-ci ildən üzü bəri istər dünya, istərsə də yerli mediada İrana qarşı mümkün hərbi əməliyyatların ola biləcəyi barədə geniş təhlillər aparılır. Buraya tanınmış siyasətçilərin, hərbçilərin və politoloqlarına da şərhlərini əlavə etsək, mənzərə tam aydın görünər. Həmin dönəmdən bəri bu mövzuda müzakirələrin səngimədiyi də göz qabağındadır.

Hazırda ABŞ və İsrailin İraha hücum edəcəyi ilə bağlı mümkün versiyalar İran mediasında da müzakirə edilir. JAMAZ.İNFO xəbər verir ki, Tehranda nəşr olunan və qonşu ölkədə yayımlanan əksər qəzet və saytlar bu istiqamətdə təhlillərini bir qədər intensivləşdirib.

Bu günlərdə “Keyhan”, “İran” qəzetləri və “Mehr” kimi tanınmış xəbər agentliklərində İsrailin İrana mümkün hücumları və onu həyata keçirmək üçün planları barədə maraqlı, həm də qəribə təhlillər dərc olunur. “İsrail İrana necə hücum edə bilər?” başlıqlı məqalələrdə Təl Əvivin müttəfiqləri, onun istifadə edə biləcəyi ölkələrdən, hücumun necə olacağından bəhs olunur. Maraqlı və qəribə məqamlardan biri də odur ki, İran mediası bu zaman İsrailin Türkiyə və Azərbaycandan istifadə edə biləcəyi versiyasını irəli sürür.

İran mediası yazır ki, Israilin hazırda əsas hədəfi MAQATE-də təmsil olunmaq və Vyanada keçiriləcək nüvə müzakirələrində tərəf kimi iştirak etməkdir. Qonşçu ölkənin təhlilçiləri hesab edirlər ki, İran nə edirsə etsin, ABŞ öhdəliklərini yerinə yetirməmək üçün bəhanələr gətirməyə davam edəcək.

Buna paralel olaraq, İsrailin İrana qarşı hər hansı hərbi hücum planının olduğunu da istisna etmirlər. Lakin bu zaman quru qoşunlarının döyüşməsi üçün imkanın olmadığını, dənizdən ölkə ərazisində müdaxilə etməsi üçün də İsrailin imkanlarının yetmədiyini vurğulayırlar. Onlar bildirirlər ki, İranın müxtəlif ərazilərində yerləşmiş və fəaliyyət göstərən Atom Elektrik Stansiyalarını vurmaq üçün İsrailin tək yolu qalır: o da havadan hücumdur. “Ölkənin hər yerində fəaliyyət göstərən AES-ləri məhv etmək üçün İsrail ən azı 2.5 ton ağırlığında bomba götürən onlarla təyyarədən istifadə etməlidir. Üstəlik, həmin obyektlərin hamısı eyni vaxtda vurulmalıdır. Ki, Təl Əvivin belə bir imakana sahib olması inandırıcı deyil. Amma burada bir başqa məsələ daha var. Məsələ odur ki, İsraildən qalxan hərbi təyyarə İrana çatmaq üçün ən azı 3500-4000 km məsafə qət etməlidir. Bu isə həmin təyyarələrin əlavə yanacağa ehtiyacı yaranacağı deməkdir. Bombardmançı təyyarələrin əlavə yanacaq götürmək imkanı yoxdur. O zaman birbaşa İsraildən uçaraq, İrandakı hansısa obyekti vurmaq mümkün deyil”.

İranlı təhlılçilər qeyd edirlər ki, belə bir durumda İsrail ikinci alternativ variantdan istifadə etməlidirlər. Həmin alternativ isə İrana yaxın ölkələrdə baza qurmaq və ya təyyarələrinin qanacaqla doldurulması üçün həmin ölkələrin imkanlarından istifadə etməkdir. Məhz məsələnin bu yerində cənub qonşumuzdan olan politoloqlar özləri üçün təhlükə gördükləri ölkələrin adlarını çəkməyə başlayıblar.

Buna qədər isə bildiriblər ki, əgər İsrail təyyarələrinə baza verilərsə və ya onlara yanacaq doldurmaq üçün imkan yaradılarsa, həmin ölkələr İran tərəfindən vurulacaq. “Çünki bu İrana qarşı birbaşa müharibə elan etməkdir. Təbii ki,Tehran bunu hesablamamış deyil. O zaman istənilən hücuma qarşılıq olaraq, İran həmin ölkəyə və yardımçılarına ağır raket zərbərləri endirmək məcburiyyətində qalacaq”.

İranlı politoloqlar İsrailə baza verəcək ilk ölkə olaraq Bəhreyn və Dubayı göstəriblər. Lakin qeyd ediblər ki, həmin ölkələrə ən yaxın nüvə mərkəzi Buşehrdə yerləşir ki, onun partlaması nəticəsində özləri ən çox radiasiyaya məruz qalacaqlar. Yəni, Bəhreyn və Dubayın İsrailə qapı açacağı inandırıcı görünmür.

Digər “namizədlər” isə İraq, Türkiyə, Suriya və Azərbaycandır. İranlı politoloqlar hesab edirlər ki, amerikalılar Suriya ilə İraq sərhəddində yerləşən Ayn əl-Əsəd və ya Tanf kimi bazaları İsrailin ixtiyarına verə bilər. “Ancaq həmin ərazilərdə İran kəşfiyyatının güclü olduğunu nəzərə alsaq, havaya qalxacaq hər bir təyyarənin vurulması uzun çəkməyəcək” .

Türkiyə məsələsinə gəlincə, cənublu siyasətşünaslar qeyd edirlər ki, Ankaranın Təl Əvivlə əməkdaşlıq etməsi real deyil. “Nəzərə almaq lazımdır ki, Türkiyə İncirlik bazasından Amerika və digər ölkələrə başqalarına qarşı əməliyyat uçuşları keçirməyə icazə verməyib. Bu ölkə İran olarsa, belə bir addıma heç getməzlər”.

Məsələ Azərbaycana çatdıqda iranlı politoloqlar bildirirlər ki, rəsmi Bakının belə təhlükəli məcaraya girib-girməyəcəyini gözləmək lazımdır. “Təbii ki, İran Azərbaycana bəzi ultimatumlar verib. Məsələ belədir ki, əgər Azərbaycan İsrailə öz ərazisindən İrana hücum üçün icazə verərsə, bu zaman İran sovet dövründən əvvəlki vəziyyətin qayıtması üçün addım atacaq. Yəni, Azərbaycanı İrana birləşdirəcək”.

Qeyd edək ki, Tehran rəsmilərinin bu qədər əndişəli olmaları, bu əndişələrin öz tabeçiliyində olan mediaya sıçraması başadüşülən deyil. Xüsusən də Azərbaycanla bağlı hissə qətiyyən anlaşılan deyil. Ona görə ki, Bakının Təl Əviblə çox yaxşı münasibəti var. Lakin bu hərbi müttəfiqlik səviyyəsində deyil. Eyni zamanda, Azərbaycan nəinki İsrailə, heç bir ölkəyə öz ərazisindən İrana qarşı istifadə etməsinə imçkan verməz. Onu da qyed edək ki, Azərbaycan dəfələrlə bəyan edib ki, ərazisindən İrana qarşı istifadə edilməsinə imkan verməyəcək.

Belə olan halda, İranın vaxtaşırı Azərbaycanı hədəf alması, təhdid etməsi, habelə əzələ nümayişi heç bir halda iki ölkə arasında münasibətlərin normal qalmasına xidmət edə bilməz. Əksinə, bu günün birində adekvat cavab verilməklə ciddi sıxıntılara yol açar. Ona görə də, Tehranın Bakıya qarşı zor dilində danışması siyasəti dayanmalı, iki ölkə arasında normal münasibətlərin qurulması lazımdır. Daha belə avanturalara baş vurmağın yeri yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button