ManşetSiyasət

Şuşa Bəyənnaməsi: Qarabağdakı rus sülhməramlılarının aqibəti necə olacaq?

Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyənnaməsi Kremli narahat etməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, artıq Rusiya hakimiyyətinə yaxın media və siyasi dairələr Bəyənnaməni şərh etməklə yanaşı, onun gələcəkdə Kreml üçün hansı problemlər yarada biləcəyini də dilə gətirirlər.

Rusiyanın tanınmış politoloqlarından olan, hakimiyyətə yaxınlığı ilə seçilən Andrey Areşev sözügedən məsələni şərh edərək bildirir ki, imzalanan sənəd sıradan bir sənəd deyil və bu, Qafqazın gələcəyi üçün müəyyən risklər yaradır. Təbii ki, o, “Qafqazın gələcəyi” dedikdə bilavasitə Rusiyanı nəzərdə tutur. Onun sözlərinə görə, 44 günlük müharibədə Ermənistanın ən böyük səhvi məhz Şuşa şəhərini əldən verməsi olub.

Areşev Türkiyənin artıq Qafqaza gəldiyini, bundan sonra isə Orta Asiya uğrunda mübarizə aparacağını vurğulayıb. O bildirib ki, indiyə qədər Türkiyə Azərbaycana müxtəlif dəstəklər versə də, bundan sonra həmin dəstəyə hərbi yardım da daxil edilib. “Bu, o deməkdir ki, bundan sonra Azərbaycana hər hansı bir müdaxilə olarsa, rəqib təkcə Bakı ilə deyil, Ankara ilə də üz-üzə qalmalı olacaq. Eyni zamanda, bir NATO ölkəsinin Azərbaycanla müqavilə bağlaması və ordu quruculuğu prosesinsə start verməsi, Rusiya üçün də ciddi risklər yaradır”.

Areşev hesab edir ki, Qarabağın bundan sonrakı taleyi, o cümlədən rus sülhməramlılarının həmin bölgədə qalması çox çətin olacaq. Onun sözlərinə görə, Rusiya hazırda prosesləri müşahidə edir və bundan sonra da edəcək.

“Rusiyanın vəziyyəti bir şəkildə müşahidə edəcəyi şübhəsizdir. Ancaq müttəfiqi, yəni Ermənistanın subyektivliyini əhəmiyyətli dərəcədə itirməsi şəraitində Dağlıq Qarabağ və bölgə ilə bağlı məsələlərin mürəkkəb olaraq qalacağına da şübhə qalmır. Rus sülhməramlılarının Qarabağda qalmasına dair mandatın uzadılması isə xüsusi bir problem olacaq. Belə ki, bu problemin əvvəl Azərbaycanla danışılacaqdırsa, bundan sonra Rusiya Türkiyə və Azərbaycanla danışmaq məcburiyyətində qalacaq. Və həmin prosesin uzun və sərt bir dialoq yolu ilə həll edilməsi lazım olacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button