ManşetSosial

Sumqayıtda Şəhidlər Xiyabanı və Bulvarın tikintisinə görə işçilərin pulları verilməyib?

Sumqayıtda ötən ilin noyabrında açılışı edilən Şəhidlər Xiyabanında çalışan fəhlələrin pullarının ödənilmədiyi iddia olunur. JAMAZ.İNFO-ya daxil olan məlumata görə, problem təkcə Şəhidlər Xiyabanının yenidən qurulması və təmirində çalışanlara deyil, həmçinin bir neçə il əvvəl inşa edilmiş Bulvarda işləyən fəhlələrə də aiddir.

Redaksiyamıza müraciət edən işçilər bildirirlər ki, 2016-cı ildən bəri Sumqayıt Şəhər İcra Hakimiyyətinin sifarişi əsasında inşa edilən Bulvarda çalışdıqlarının zəhməthaqlarını hələ də ala bilməyiblər. Bu azmış kimi, onlar Sumqayıt Şəhidlər Xiyabanında da işləyiblərvə pullarının bir qismini almayıblar. Bununla bağlı, dəfələrlə Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Onlar deyirlər ki, Şəhidlər Xiyabanında çalışdıqlarının zəhmət haqlarının Şəhidlərimizə halal edirlər. “Onlar bizim üçün canlarını fəda ediblər. Ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər. Bizim Xiyabanı abadlaşdırmağımız bu xidmətlərin qarşısında heç nədir. Bundan sonra da onlar üçün nə etsək azdır. Ona görə də, həmin tikinti işlərində alacağımız zəhmət haqqlarımızı Şəhidlərimizə halal edirik. Lakin 6 ildir Sumqayıt Bulvarının inşasına görə, ödənilməli olan pulumuzu hələ də ala bilməmişik. İllərdir bizi ged-gələ salıblar. İcra Hakimiyyəti icraçının üzərinə atır, icraçı da İcra Hakimiyyətinin. Necə edəcəyimizi də bilmirik”.

Fəhlələrin dediyinə görə, görülən işin müqabilində onlara çatacaq məbləğ 400 min manata yaxındır. Bildiriblər ki, bu pul yüzlərlə fəhlənin alın tərinin bəhrəsidir. “Həmin pulun bir qismini ödədilər ki, etiraz etməyək. Lakin iki ildir, yenə eyni havanı çalırlar. Nə pulumuzu verirlər, nə də şikayətimizi eşidirlər”.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da mövqeyini dərc etməyə hazırıq.

Xatırladaq ki, Sumqayıt Dənizkənarı Bulvarının inşası ətrafında qalmaqal hələ 2016-cı ildən yaranıb. Həmin vaxt tikinti işlərini həyata keçirən şirkət Sumqayıt İcra Hakimiyyətindən 4 milyon manatını ala bilmirdi. Yalnız 2020-ci ildə həmin pulun bir qismi ödənildi. Yerdə qalan hissəsinin isə qaibətindən xəbər olmadı.

Onu da qeyd edək ki, Bulvar məsələsində Sumqayıtin icra başçısı Zakir Fərəcovun, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevin və Memarlıq İdarəsinin rəhbəri Adil Xudadatovun adları keçirdi. Bildirilirdi ki, hər üç şəxs dövlət büdcəsindən ayrılmış pulların təyinatı üzrə xərcləməməklə yanaşı, özlərinə yaxın şirkətin adına köçürərək, oradan istədikləri kimi xərcləyiblər.  Bundan başqa, onlar Sumqayıt Bulvarında əsas obyektlərə də sahibləniblər. Ortada yaranmış 4 milyon manatlıq ödəməni isə həyata keçirməyiblər, hətta boyun qaçırıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button