AraşdırmaManşet

Sumqayıtda “ölüm qovşağı”: İcra başçısının başı özünə qarışıb, BDYPİ isə zolaq çəkməyi unudub- VİDEO

Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri zamanı piyada ölümlərinin artması narahatlıq doğurur. Əlbəttə burada piyadaların da günahı,məsluliyyəti var. Amma bir çox hallarda bu yollarda təhlükəsizliyin tam təmin olunmamasından irəli gəlir.

Son zamanların statisistikasını təhlil etdikdə isə piyayadaların bir çox hallarda məhz piyada zolağını keçməsi zamanı vurluması müəyyən etmək olar. Bu ilin 9 ayı ərzində 483 piyada vurma hadisəsi qeydə alınmışdır ki, bu da respublika üzrə ümumi hadisələrin 41.2%-ni təşkil edir. Yol qəzalarında həlak olan 504 nəfərdən 230-u piyada olub.

Bu dəhşətli statistikaya belə qənaətə gəlmək olur ki, son vaxtlar piyada vurmaları çoxalıb və ümumi qəzaların az qala yarısı məhz piyadaların avtomobillərlə vurulması nəticəsində baş vermiş qəzalardır.

Təəsüflər olsun ki, piyada ölümlərinin faizi, əhalisinə görə ölkənin 2-ci şəhəri olan Sumqayıtda da yüksəkdir. Bunun da səbəbi Sumqayıtda yollarda piyadaların təhlükəsizliyinin normal, lazımi səviyyədə təmin olnunmamasıdır.

Ümumiyyətlə Sumqayıtda yol-nəqliyyat hadisələri haqda rəsmi məlumat yayılmır. Bir çox qəzalar isə ümumiyyətlə qeydə alınmır. Yollarda təhlükəsizliklə bağlı maarifləndirmə-təbliğat işi isə sakinlər arasında yetərincə aparılmır. Müəyyən formal xarakterli reydlər edilir.

Rəsmi statistika olmasa da belə, elə Google-da axtarışda “Sumqayıtda piyada ölümü qəza” və kimi bu kimi açar sözlər yazsanız, Sumqayıtda piyada ölümü ilə nəticələnən kifayət qədər yol qəzaları haqda məlumata rast gəlmək olar.

Elə 10-15 gün bundan qabaq Ü.Hacıbəyov küçəsində 13-cü mikrorayon sakini olan qadın və uşağı maşın vurub, qadın ölüb, uşaq isə ağır xəsarət alıb.

İnsafən onu da qeyd etmək lazımdır ki, əksər hallarda mətbuatda işıqlanandan sonra da olsa müəyyən təhlükəli yollara sfetaforlar quraşdırıldığından, piyada keçidləri çəkildiyindən həmin yerlərdə piyadalar üçün təhlükəsizlik nisbətən təmin olunub.

Piyada ölümlərinə və xəsarətlərinə əsas səbəblərdən biri də, baxmayaraq ki, müəyyən tədbirlər görülür, Sumqayıtda piyadalar üçün ölüm küçələrinin, lənətlənmiş, kabus adlanan yolların hələ də qalmasıdır.

Əgər indiyəcən ölüm küçələrinin Top reytinqində Babək küçəsinin “Hiper”, “Qayalı” marketlərinə keçən yol idisə, artıq bu sarıdan birinci yeri Üzeyir Hacıbəyov dairəsi və ya 6-nın “kruqu” da adlanan, Niyazi, Üzeyir Hacıbəyov, Zülfi Hacıyev küçələrinin kəsişdiyi, yeddi yolun birləşdiyi ərazinin ətrafı tutub.

Ən dəhşətlisi isə burada maşınların piyadalara yol verilb-verməməsinə nəzarət edilməməsi, sürət həddinin yüksək olması, nəzarət kameralarının, piyada nişanlarının olmaması, işıqlandırmanın zəifliyidir.

Təsəvvür edin, ətrafda əhalinin sıx yaşadığı, avtomobillərin intensiv və çox hərəkət  etdiyi , 20-30 avtobus marşrutunun işlədiyi, 7  yolun, Corat ,Qızılqum qəsəbəsinin, 6-cı,13-cü , 9-cu mikrorayonun, çoxsaylı çoxmərtəbəli binaların yerləşdiyi, tədris mərkəzinin, bankın ,böyük musiqi məktəbinin, 2 parkın (Üzeyir Hacıbəyov,  Heydər Əliyev parkı) çoxlu sayda ticarət və sairə obyektlərin olduğu yerdə bir dənə də olsun işıqfor yoxdur, piyada keçidi isə azdır,olanlar da vaxtında boyanmır. Piyadaların yol hərəkəti qaydalarını mütəmadi olaraq pozması burada adi hal alsa da, buna müdaxilə, ciddi təsir mexanizmləri demək olar ki, yoxdur.

Ümumiyyətlə ətraf yaşayış yeri olduğundan burada yollarda sürət həddinin aşağı salınmasına ehtiyac var. Məsələn, 60 km/saatdan 30-40 km/saata slınması kimi. Çünki araşdırmalar da göstərir ki, sürət həddi aşağı salınan yerlərdə ölümlə nəticələnən demək olar ki, olmur.

Sentyabr ayında 9-cu mikrorayonda yeni inşa olunan “Bravo” supermarketinin fəaliyyəti ilə bu ərazi lap gedişli-gəlişli olduğu üçün burada vəziyyət  bir az da acınacaqlı olub, gərginləşdirib.

“Bravo” supermarketindən Üzeyir Hacıbəyov parkına  ümumiyyətlə piyada zolağı yoxdur. Halbuki minlərlə adam yolu keçib ora gedir.Piyada zolağı var, amma ticarət mərkəzinin daxili girişində.

Bu supermarketin açılıçından əvvəl -avqust ayında Üzeyir Hacıbəyov küçəsinin hər iki yoluna asfalt örtüyü döşənib. Təbii ki, olan piyada keçidləri zolağı da silinib. Amma keçidlər 2 aydır laqeydlikdən təzədən çəkilməyib.

Xatırladaq ki, avtomobil yollarında prospekt və küçələrində işıqforların quraşdırılması DİN Baş Dövlət Yol Polis İdarəsinin nəzdində olan Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi tərəfindən aparılır.

Günortayacan adıçəkilən ərazidəki yollarda nisbətən sakitçilik olsa da, hər axşam, ələlxüsus pik vaxtlarda – saat 18.00 -20.00 arası burada əməlli- başlı xaos yaranır, piyadalar yolu rahat, stessiz, təhlükəsiz keçə bilmir. Axşamlar buradan avtobillərlərin çoxluğundan hətta tıxac yaranır. Bu səbəbdən valideyinlər uşaqlara bu yollardan tək keçməyə buraxmır ki, pis yoldur.

Görün piyada məsələsi əslində nə qədər ciddidir ki, dünən hətta Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli piyadalara yol verməyən sürücülərə xəbərdarlıq edib.

O qeyd edib ki, bəzi sürücülərin tələskənliyi və məsuliyyətsizliyi ucbatından ağır faciələrə səbəb olan yol-nəqliyyat hadisələri baş verir.

Amma deyilən  ərazidə əksər sürücülər piyadalara yol vermir, hətta piyada keçidində də. Çünki nəzarət yoxdur. Sürücü piyada keçidinə 5 metr qalmış idarə etdiyi nəqliyyat vasitəsini saxlamalıdır, ya azaltmalıdır sürəti amma saxlamırlar, azaltmırlar  əksər hallarda.

Kimə şikayət etsin piyada?! Bir var heç olmasa piyada keçidi var, piyada ordan keçmir, bir də var ərazidə ümumiyyətlə piyada keçidi yoxdur. Çıxış yolu isə əraziyə hərəkəti tənzimləyən, təhlükəsizliyi  təmin edən işıqforların qoyulmasıdır… Çünki sürücülər piyada keçidinə baxmırlar, ancaq işıqfora riayət edirlər.

Ümumiyyətlə bu ərazidə yerüstü və ya yeraltı keçidə ehtiyac var. Ən azı işqıqfor qoylmalıdır ki, piyadalar rahat yolu keçə bilsin.

İllər əvvəl oxşar mənzərə keçmiş “Şərq Bazarı” deyilən ərazinin ətrafında da yaşanırdı, amma yolun hər iki tərəfində 3-4 dənə işıqfor qoyandan sonra burada tez-tez baş verən piyada ölümləri, qəzalar “xırp” kəsildi.

Təssəvvür edin mətbuatda 6 il əvvəl əraziyə yaxın küçədən yazılıb, amma indiyəcən problem həll olunmamış qalıb.

Aidiyyatı qurumların yaranmış acınacaqlı vəziyyətə bağlı təcili tədbir görməsi lazımdır. Unutmaq olmaz ki, buna laqeyd münasibət bəsləyənlərin yaxınlarıda bu ərazilərdən keçə  bilər. Hər gün laqeydlik, hər gün kiminsə ölümü, xəsarət olması, təhlükə deməkdir…

Hər dəfə bu mövzuda nəsə mətbuatada gedəndə reaksiya olaraq nəsə edilir. Amma əslində aidiyyatı qurumlar özləri vəziyyətə nəzarət edib tədbir görməlidirlər.Çünki çox vaxtı vətəndaşlar hətta kimisə yolda öləndə laqeydlik nümayiş etdirir, şikayət etmir.

Ümid edirəm aidiyyatı qurumlar bu problemi yaxın zamanlrda həll edəcək,piyadalar bu ərazilərdən  keçəndə çətinlik çəkməyəcəklər.

İlqar Həmidov,

Sumqayıt sakini

BİZİM MÖVQEYİMİZ: BDYPİ-nin işyarıtmazlığından danışmağa dəyməz. Zatən, uzun illərdir ən çox tənqid olunan dövləıt qurumları arasında BDYPİ və DGK öndə gedir. Piyada nişanlarınınb quraşdırılması, piyada xətlərinin çəkilməsi işi də ayda, ildə bir dəfə yada düşəndə edilir. O da əsas küçələrdə. Yerdə qalan küçələrdə isə piyadalar Allaha təvəkkül yolu keçirlər.

Görünür, həm də Sumqayıtın icra başçısı Zakir Fərəcovun da başı başqa işlərə qarışıb. Onsuz da hər ayın sonu ölkədən qaçıb, xaricdəki işlərini yerbəyer edən icra başçısının piyada keçidləri haqqında fikirləşməyə, onların tikilməsi üçün hökumət qarşısında məsələ qaldırmağaq vaxtı yoxdur. Axı, onun nəyinə lazımdır ki, sumqayıtlı “yetim”i maşın vurub, öldürəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button