AraşdırmaManşet

Separatçıların “parlamenti” iclas keçirməyə hazırlaşır: Harutyunyan Şahramanyanı danlayıb

“Qarabağ siyasətçiləri yaxın günlərdə Ermənistan hakimiyyətinə ikinci “şok” yaşadacaqlarına söz veriblər”.  JAMAZ.İNFO xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.

Həmin xəbərdə deyilir ki, baş nazir Nikol Paşinyana qarşı atılmış ilk addım Qarabağ Erməni Apastol Kilsəsinin strukturlarının saxlanılması barədə Eçmiəzdin Kilsəsinin verdiyi qərardır.

Ekspert Lusine Şahverdiyan bu barədə yazır ki, belə bir qərarın verilməsi ermənilərin yenidən Qarabağa qayıda bilməsi üçün ümid yaradacaq. “Bu addım ən azından Azərbaycanın Qarabağ məsələsini bağlamaq cəhdlərinin qarşısını almağa imkan verəcək”.

Şahverdiyan iddia edir ki, Ermənistan hakimiyyətinə ikinci “şok”u yaşadacaq tərəf isə separatçıların qondarma “parlamenti” olacaq. Onun sözlərinə görə, Qarabağdan qaçaraq, Ermənistanda məskunlaşmış “deputat”lar artıq bir araya gələrək, iclas keçirmək barədə qərar qəbul ediblər. “Düzdür, həmin iclasda siyasi məsələlər müzakirə olunmayacaq. Lakin belə bir toplantı Paşinyanın istəyinə qarşı çıxmaq, Ermənistan hakimiyyətinin bəhanələrini əlindən almaqdır”.

“Hraparak” yazır ki, qondarma “parlament”in əksər “üzv”ləri iclasın keçirilməsinə qarşı deyillər. Lakin bu iclasın keçirilməsinə mane olanlar da var. “Onlardan biri Qarabağın dövlət naziri Artur Harutyunyandır. O iddia edir ki, hazırda Bakıda 8 şəxs həbsdədir. Bundan başqa, o, nəinki partiya üzvlərini, həm də “prezident” Samvel Şahramanyanı hələlik fəallıq nümayiş etdirməməyə və xarici impulslar, xüsusən də Rusiyadan olan gözləntiləri gözləməyə çağırır”.

Qeyd edək ki, separatçıları dirçəltmək, onları yenidən siyasi arenaya çıxarmaq üçün çalışan erməni müxalifəti ötən həftə İrəvanda yığıncaq təşkil etmişdi. Lakin “Hraparak” bu barədə yazır ki, həmin görüşə qatılan Şahramanyan Harutyunyan tərəfindən danlanıb. “Harutyunyan Şahramanyana “Mariott”dakı tədbirə qatılmamağı tövsiyyə edib. Amma bu baş vermədiyindən onu danlayıb. Bildirib ki, bu hərəkətləri Qarabağdan olan köçkünlərin sosial-iqtisadi problemlərini çoxaldacaq”.

“Hraparak” daha sonra yazır: “Qarabağ “parlamenti”nin toplaşması üçün 17 nəfərin iştirakı lazımdır. Lakin təmsil olunan 3 partiyanın cəmi 8 üzvü var. Digər partiyalar isə Arayik Hrutyunyanın “Azad Vətən” partiyasıdır ki, onun “parlament”də 17 üzvü var. Bundan başqa, Samvel Babayanın da partiyasının bir o qədər üzvü mövcuddur. Amma nə Babayan, nə də Harutyunyan bu prosesdə iştirak etmək istəmirlər”.

Onu da bildirək ki, separatçıların “spikeri” David İşxanyan Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və hazırda Bakıda təcridxanadadır. Onu isə Qaqik Bağunts əvəz edir.

P.S. Separatçılar hələ də qanmırlar ki, Qarabağ məsələsi bitib. Onun geri dönüşü mümkün deyil. Çünki Azərbaycan öz suveren ərazisini bərpa edib və bir daha öz bətnində separatçılığa yer verməyəcək. Onların hərəkəti odu söndürüb, közü ilə oynamaqdan başqa bir şey deyil. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button