GündəmManşet

Separatçıların “mətbuat katibi”: “Noyabrın 9-da Azərbaycan Ordusu Xankəndin bir addımlığında döyüşürdü”

44 günlük Vətən Müharibəsinin bitməsinin 1-ci ildönümündə həmin dövrə aid yeni məlumatlar ortaya çıxmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, ötən günlərdə müharibə vaxtı Xankəndidə olan ANNA TV kanalının əməkdaşının verdiyi açıqlama isə yeni bir məsələnin müzakirəsinə səbəb olub.

Belə ki, ANNA TV-nin müxbiri bildirir ki, Şuşa artıq noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdi. Onun sözlərinə görə, elə həmin gündən etibarən Xankəndiyə hücum başlayıb və döyüşlər şəhərin girəcəyindəki Ticarət Mərkəzinin yaxınlığında gedib.

Qeyd edək ki, bu günlərdə İTV kanalının yayımladığı “Şuşa, sən azadsan” filmində müsahibə verən Şuşa döyüşünün canlı şahidləri olan hərbçilərimiz ANNA TV-nin açıqladığı məlumatın bir qismini təsdiqləyiblər. Belə ki, onlar Şuşanın noyabrın 7-si saat 13:45-də düşməndən tam azad etdiklərini vurğulayıblar. Lakin bundan sonra Xankəndi istiqamətində hücuma keçib-keçilməməsi barədə hər hansı fikir səsləndirməyiblər.

JAMAZ.İNFO xəbər verir ki, ötən gün müharibə zamanı Qarabağdakı separatçıların “mətbuat katibi” Vahram Poqosyan “Hraparak” nəşrinə verdiyi müsahibəsində Azərbaycan Ordusunun Xankəndi ətrafında döyüşlər apardığını bildirib. “Əslində, noyabrın 9-da Azərbaycan Ordusu Xankəndinin kənarında idi. Onblar şəhərin bir addımlığında döyüşürdülər. O vaxt biz düşünürdük ki, Qarabağın əlimizdə qalan hissəsini xilas etmək üçün son şans qalıb. Əgər bütün qüvvələrimizi səfərbər edib, döyüşməsək, nəinki Xankəndini, nəinki bütün Qarabağı, həm də minlərlə adamımızı qurban verməli olacaqdıq”.

Qeyd edək ki, Azərbaycan tərəfi bununla bağlı hər hansı bir açıqlama verməyib. Eyni zamanda, rəsmi Bakı döyüşlərin həlledici məqamında hərbi əməliyyatları niyə dayandırması barədə də heç bir izahat vermir. Halbuki Şuşanın işğaldan azad edilməsindən sonra erməni hərbi birləşmələri həm qorxu içindəydi, həm də bütün mövqelərini itirmişdi. Yekun hücum Qarabağın bu gün bütünlüklə əlimizdə olmasına səbəb ola bilərdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button