ManşetSiyasət

Separatçılardan təklif var: “Status məsələsində razılaşsaq, silahı yerə qoyarıq”

Bir qədər əvvəl yazmışdıq ki, Qarabağdakı erməni separatçıların nümayəndəsi, keçmiş “müdafiə naziri” və qondarma “təhlükəsizlik şurası”nın rəhbəri Samvel Babayan Xankəndidə xeyli fəllaşıb. JAMAZ.İNFO bildirir ki, Babayan son günlər Xankəndi və ətraf rayonlarda davamlı olaraq görüşlər keçirir. Həmin görüşlərin məqsədi isə “prezident” olmaq istəyindən irəli gəlir.

Erməni mediası da bu məlumatı təsdiqləyir. “Jamanak Haykakan” qəzeti bununla bağlı yazır ki, Samvel Babayan Qarabağda gözlənti içindədir. Lakin qəzet onun ermənilər arasında ciddi nüfuzunun olmadığını da yazır. Bunun səbəbi kimi isə 44 günlük müharibə zamanı Babayanın aradan çıxması, Qarabağdakı ermənilərə heç bir yardım etməməsi göstərilir.

Bu gün Qarabağda qeyri-qanunu fəaliyyət göstərən “ictimai televiziya”ya çıxan sözügedən şəxs Azərbaycanla münasibətlərdən və Xankəndi məsələsindən danışıb. Babayan deyib ki, vəziyyətdən çıxmağın tək yolu Azərbaycanla qarşılıqlı etimad şəraitində birbaşa danışıqlar aparmaqdır. O bildirib ki, buna qədər Azərbaycanın həqiqətən də barışmaq istəyib, istəmədiyini müəyyən etmək lazımdır. “Azərbaycan əsgəri əlində silah Hadrutda dayanıb və deyir ki, “gəl barışaq”. Barışaq. Lakin buna qədər qarşılıqlı etimad mühiti yaratmalıyıq”.

Babayan bir qədər də irəli gedərək deyib ki, danışıqlara qədər hər iki tərəf təkliflər paketi hazırlamalıdır. “Azərbaycanın mövqeyi bəllidir. İki ildir rəsmi şəxslər 5 bənddən danışırlar. Lakin biz cəmiyyətimizin geniş təbəqələri, siyasətçilər, partiyalar, qeyri-hökumət təşkilatları, ayrı-ayrı şəxslərlə müzakirə edib, həmin sənədi cilalamalıyıq. Danışıqları isə kimin aparacağı mühüm deyil”.

Separatçı daha sonra bildirib ki, hazırda Azərbaycanın əsas məqsədi Rusiyanı Qarabağdan çıxarmaqdır. “Məhz bu səbəbdən də inanıram ki, Bakı Qarabağla danışıqlar aparmaqda maraqlıdır. Belə olan halda, qaldırdığınız məsələləri həll etməlidir. Çünki buna getməsə, vaxt uzanır, münaqişə yeni formada dondurulur. Azərbaycan yaxşı bilir ki, bir zaman gələcək, Rusiya öz gücünü yenidən toplayacaq və güclənəcək. Ondan sonra bölgədə indiki kimi davranmaq mümkün olmayacaq. Bu isə Bakının qəti marağında deyil. Ona görə də, maksimum dərəcədə vaxtdan və imkandan istifadə edərək, Qarabağ məsələsini həll etmək istəyir”.

Babayan hesab edir ki, danışıqların birinci mərhələsi qarşılıqlı etimadın yaradılmasına yönəlməlidir. “Azərbaycanın ilk şərti “silahı yerə qoyun, Qarabağın status məsələsini həll edək” olacaqsa, təbii ki, bunu etməyəcəyik. Biz silahı yerə qoymayacağıq. Təklif edəcəyik ki, status məsələsindən başlayaq. Çünki status məsləsi həll olmadan, silahın yerə qoyulması mənasız iş olar. Məhz bu səbəbdəndir ki, 30 ildir aparılan danışıqlar heç bir nəticə verməyib. Ona görə də, əgər onların sülh istədikləri barədə dedikləri doğrudursa, o zaman bizimlə məsələləri həll etsinlər. Biz də hazırıq, bundan çəkinmirik”.

P.S. Samvel Babayan elə zənn edir ki, o fiqurdur və Azərbaycan onunla hansısa danışıq aparacaq. Bu gün o Qarabağda sərbəst gəzə bilirsə, buna görə rus hərbçilərinə borcludur. Amma bu sərbəstlik uzun çəkməyəcək. İkincisi, Azərbaycanın təklif etdiyi 5 əsas prinsipin Qarabağa heç bir aidiyyatı yoxdur. Çünki həmin təkliflər Ermənistanla sülh danışıqlarının aparılması üçün verilib. Qarabağdakı separatçılar isə heç vaxt danışıq tərəfi olmayacaqlar və ola da bilməzlər. Ona görə də, samvellər, rubenlər, arayiklərin nə danışması önəmli deyil. Önəmli olan Azərbaycanın atacağı addım, ərazi bütövlüyünün təmin edilməsi və Qarabağda yaşayan ermənilərin inteqrasiyasıdır. Bunun üçün də uzun zaman lazım olmayacaq.

Üçüncüsü, Babayan silahı yerə qormamaqdan dəm vurur. Qoymayıb, nə edəcəksiz ki? Nə edə bilərsiz ki? Əgər o silahı yerə qoymasaz, Azərbaycan əsgəri sizi yerlə yeksan edib, cəhənnəmin dibinə göndərəcək. Ən azından 44 günlük müharibədə bunun əyani şahidi olmusuz. Ona görə də, boşboğazlıq etməyin və usulluca razılaşın, bu qan, problem bitsin. Yoxsa, sizin itirdikləriniz daha çox olacaq.  

Və ən nəhayət, status məsələsi. Bu heç vaxt olmayacaq. Vaxtıyla sizə bununla bağlı şans verilmişdi. Artıq o şans verilməyəcək.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button