AraşdırmaManşet

Separatçılar Xankəndi- Ağdam yolunda barrikada qurublar: Növbəti hədəf Ağdərə-Kəlbəcər yolu ola bilər?

Qarabağda cərəyan edən son proseslər ilk baxışdan 1988-ci ildə start götürmüş separatçılıq hərəkatının təkrarı kimi diqqəti çəkir. Əksər müşahidəçilər də bu qənaətdədirlər ki, ermənilər hər şeyi sıfrdan başlamağı qərarlaşdırıblar.

Hərçənd hadisələr həmin dövrü xatırlatsa da, dönəmin həmin dönəm olmadığı dəqiqdir. İndi Azərbaycan yeni müstəqillik əldə etməyib. Hərbi gücü kifayət qədərdir. Diplomatik cəbhədə də uğursuz hesab oluna bilməz. Üstəlik, Ermənistan başda olmaqla, bütün dünya ölkələri də Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb.

JAMAZ.İNFO xəbər verir ki, ortada var-gəl edib, aranı qarışdırmaq istəyən iki əsas qüvvə mövcuddur. Onlardan biri Rusiyadır ki, hazırda Qarabağda hərbi mövcudluğu var. Kreml uzun zamandır bu problemin həll olunmaması üçün çalışır. Bunu rəsmi Bakı da bilir və ötən günlərdə verilən bəyanat da təsdiq etdi ki, Azərbaycan Rusiyadan təkcə 10 noyabr razılaşmasını deyil, həm də 2022-ci ilin fevralında Moskva ilə imzalanmış müttəfiqlik sazişinin də şərtlərinin yerinə gətirilməsini tələb edir.

İkinci qüvvə isə Fransadır. Makron hökuməti faktiki olaraq açıq şəkildə Ermənistana dəstək verir. Hətta silahlanma məsələsində də İrəvana yardım etməyi qərarlaşdırıb. Paris Qarabağın Azərbaycanın tərkibində olmasını açıq olmasa da, qəbullanmır və orada gedən proseslərin müəyyən mənada iştirakçısı kimi çıxış edir.

Qeyd edək ki, hazırda Qarabağda əsas oyunçu Rusiyadır. Bir tərəfdən Arayik Harutyunyanı dəstəklədiyi halda, onun Xankəndidə etiraz aksiyası keçirməsini təşviq edir. Ona lojistik dəstək verir. Lakin üzdəki bəyanatlarında onu tanımadığını açıqlayır.

Digər tərəfdən isə özünün əsas adamı olan və bir müddət əvvəl Qarabağa göndərdiyi Ruben Vardanyana bütün yardımları göstərir. JAMAZ.İNFO xəbər verir ki, son aksiyalara dərhal qoşulan və ardından Ağdam-Xankəndi yolunda barrikada qurduran Vardanyan, birmənmalı olaraq Rusiyanın təlimatlarını həyata keçirir. Bu addımı isə ona görə atır ki, Ağdamdan Xankəndinə heç bir yardım göndərilməsin.

Xankəndi-Ağdam yolunun Əsgəran məntəqəsində beton bloklarla yolu bağlayan Vardanyanın adamları bəyan ediblər ki, Azərbaycanla inteqrasiyaya qarşı çıxırlar və buna imkan verməyəcəklər. Vardanyanın yaratdığı və rəhbəri olduğu “Qarabağın Təhlükəsizlik və İnkişaf Cəbhəsi” adlı qondarma qurumun üzvü Arşak Abramyan deyib ki, yer təsadüfən seçilməyib. “Biz humanitar yüklər adı altında Azərbaycan inteqrasiyasının başlamasına imkan verməyəcəyik. Sosial-iqtisadi inteqrasiyaya yol verməməliyik. Növbəti addım ticarət olacaq, son nəticə isə Qarabağın Azərbaycan tərəfindən yekun şəkildə ələ keçirilməsi olacaq. Qarabağ erməniləri Azərbaycanla inteqrasiyanın qarşısını almaq üçün istənilən addımı atmağa hazırdır”.

Amma gedişat onu göstərir ki, rusların kuklası olan Vardanyan Kremldən aldığı təlimata əsasən təkcə Xankəndi-Ağödam yolunu bağlamayacaq. Vəziyyəti gərginləşdirmək, hətta toqquşmalara zəmin yaratmaq üçün Ağdərə-Kəlbəcər yolunun da bağlanmasına cəhd edə bilərlər. Bu yol idiniki məqamda Kəlbəcərdə yerləşən hərbi kontingentimiz və tikinti işləri aparan şirkətlərimiz üçün əhəmiyyət daşıyır. Onun bağlanılmasına cəhd və ya yolda beton barrikadaların qurulması istənilən halda xoşagəlməz vəziyyətlərin yaranmasına gətirib çıxaracaq. Bu isə ermənilər üçün lazımdır. Çünki onlar təxribat istəyir, aranın qarışmasına çalışır və bununla da özlərini “məzlum” kimi göstərməyə cəhd edəcəklər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button