GündəmManşet

Separatçılar təxribata başladı: Sərsəng SES-i tam gücü ilə işə salınır, yayda Suqovuşanda su olmayacaq

Dünən günorta saatlarından etibarən Ermənistandan Xankəndinə elektrik enerjisi verən xəttdə qəza baş verib. JAMAZ.İNFO xəbər verir ki, Gorus-Xankəndi 110 kVt-lıq elektrik xətti yolun 33-cü km-də, yəni yolun Zabux-Laçın istiqamətində qeydə alınıb.

Hadisənin konkret səbəbləri məlum deyil. Erməni tərəfi Azərbaycanı bu hadisədə ittiham etməyə çalışır. Onların iddiası budur ki, qəza Azərbaycanın nəzarətində olan hissədə baş verib. Lakin Azərbaycan tərəfi elektrik xəttinin keçən hissəsində hər hansı qəzanın baş vermədiyini bildirir. Güman edilir ki, son iki gündə əraziyə güclü qarın yağması səbəbindən hər hansı qəza baş verə bilər.

Qeyd edək ki, Qarabağda yaşayan mülki ermənilərə verilən elektrik enerjisi məsləsində fasilələr yaranıb. Hazırda Xankəndi və ətraf rayonların yerli generasiya stansiyaları vasitəsi ilə təmin edilməsinə başlanılıb.

Lakin elektrik xəttində qəzanın baş verməsi xəbəri bir qədər inandırıcı görünmür. Hətta baş versə belə, bu daha çox ermənilərin işinə yarayan haldır. Birincisi, ermənilər bundan Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə edə bilər. Zaman içində bunun dəfələrlə şahidi olmuşuq. Elə sonuncu dəfə qaz xəttində qəzanın baş verməsini Azərbaycanın üzərinə atmağa çalışıan separatçıların yalanını elə “Qazprom Ermənistan” şirkəti üzə çıxarmışdı. Şirkət açıqlamasında bildirmişdi ki, qaz verilişinin dayandırılmasını Xankəndidən xahiş ediblər.

İkincisi, ermənilər bunu bəhanə edərək Sərsəng Su Elektrik Stansiyasını tam gücü ilə işlətməyə çalışırlar. Elə açıqlamada da yerli generasiyanın adının çəkilməsi belə deməyə daha çox əsas verir.

Xatırladaq ki, separatçılar hələ bir neçə gün əvvəl xəbər yaymışdılar ki, qışla əlaqədar elektrik enerjisinə daha çox ehtiyacları yarandığından Sərsəng SES-i tam gücü ilə işə salacaqlar. Bu isə o deməkdir ki, yayda Tərtər və Suqovuşana suyun verilməsini yaddan çıxarmaq lazımdır. Yəni, erməni tərəfi qışda Sərsəngin suyundan normadan daha çox istifadə etməklə, onun qış boyu azalmasına nail olacaq. Yaya qədər isə anbarın dolması imkansız hesab olunduğundan, Sərsəngdən əlavə suyun verilməsi dayandırılacaq.

Onu da diqqətinizə çatıdraq ki, separatçılar bir müddət əvvəl bununla Azərbaycan tərəfini şantaj etməyə cəhd etmişdilər. Bunun ardından Suqovuşan su anbarında suyun azalması, ən minimum həddə düşməsi də həmin şantajın ikinci mərhələsi idi. Yəni, ermənilər bununla göstərməyə çalışırdılar ki, “zarafat” etmirlər.

Qeyd edək ki, bu açıq şəkildə Azərbaycana qarşı təxribatdır. Bunun qarşısı mütləq alınmalıdır. Rəsmi Bakı dərhal Sərsəng Su Anbarının nəzarətə götürülməsi barədə göstəriş verməli və Azərbaycan Ordusu da onu tam icra etməlidir. Əks təqdirdə, işğal dövründə olduğu kimi, Tərtər zonasının camaatı yenə susuzluqdan əziyyət çəkməli olacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button