GündəmManşet

Separatçılar arasında ikitirəlik: Babayan Qarabağdakı həmfikirlərinə qoşulmaqdan imtina etdi

Brüssel görüşündən öncə və sonra Ermənistanda yaşananlar təkcə İrəvan ermənilərini deyil, həm də Qarabağdakı erməniləri ümidsizliyə salıb. JAMAZ.İNFO xəbər verir ki, erməni müxalifətinin davamlı olaraq keçirdiyi aksiyaların da hər hansı bir təsiri olmadığı, əksinə, hökumətin mövqeyini gücləndirdiyi üzə çıxıb.

Qeyd edək ki, İrəvanda keçirilən aksiyaların təşkilatçıları hər nə qədər qarşıdurma yaratmağa cəhd göstərsələr də, Paşinyan tərəfdarları maksimum səbr nümayiş etdirir. Yeni 1 mart qırğınları törətməkdə maraqlı olan daşnaklar və onun tərəfdarları isə müqaviməti bir qədər də artırmağa çaışır. Amma ermənilərin əvvəlki dövrlərə nisbətən onları dəstəkləməməsi planlarının icrasına imkan vermir. Xüsusən də, 5-6 minlik qüvvə ilə hakimiyyəti dəyişmək cəhdləri alınmır.

Bu ərəfədə, Qqarabağdakı separatçılar da fəallaşıblar. Onlar dünən bəyanat yayaraq, Azərbaycanın tərkibinə qoşulmaq niyyətində olmadıqlarını bildiriblər. Hətta bir qədər də irəli gedərək, Ermənistanın onların adından danışıqlar aparmaq və qərar vermək səlahiyyətlərinin olmadığını deyiblər.

Bildirək ki, Qarabağ separatçılarının bu cür əl-ayağa düşmələri səbəbsiz deyil. Birincisi, onlarla nəinki hesablaşan, heç rəylərinə əhəmiyyət verən də yoxdur. Onlar tərəf olaraq qəbul edilmirlər. Onların verəcəkləri hər hansı bir qərar da əsas kimi götürülməyəcək. Bunu rəsmi Bakı dəfələrlə bəyan edib. Belə ki, Azərbaycan Qqarabağda yaşayan erməniləri öz vətəndaşı olaraq gördüyünü açıqlayıb və onlara pasport almaları üçün müraciət edib.

İkincisi, Qarabağdakı separatçılar aqibtlərinin necə olacağını yaxşı bilirlər. Ona görə də, müəyyən təminatlar almaq məqsədi ilə hay-küy salıb, “biz də varıq” deməyə çalışırlar. Hazırda əsas məqsədləri danışıqlarda tərəf kimi tanınmaqdır. Hətta bu mümkün olmadığı təqdirdə, Azərbaycan və Ermənistan arasında gedən danışıqlarda nümayəndə kimi təmsil olunmağa çalışırlar. Lakin bu istəkləri reallaşmayacaq. Buna Azərbaycan imkan verməyəcək.

Amma Qarabağ separatçıları arasında da yekdil fikir yoxdur. Məsələn, separatçıların nümayəndəsi, uzun müddət Qarabağdakı qondarma rejimin “təhlükəsizlik şurasının katibi”, habelə qondarma “ordunun rəhbəri” olmuş Samvel Babayan dünən imzalanmış bəyanata qoşulmaqdan imtina edib. Babayanın rəhbəri olduğu və hazırda Ermənistanda fəaliyyət göstərən “Vahid Vətən” Partiyası da dünən açıqlama yayaraq, separatçılara qoşulmadıqlarını bildirib.

Onlar bunu belə əsaslandırıblar ki, Qarabağdakı separatçılar gündəmdəki çağırışları və onların praktiki həllini əks etdirməyən hərəkətlərə yol verirlər.

JAMAZ.İNFO xəbər verir ki, Babayan Qarabağ məsələsinin həllinə dair təkliflərini də dilə gətirib. O bildirib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmada Ermənistanın həmin gündən etibarən Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatçısı olmadığına dair öhdəlik götürüb.

O hesab edir ki, hazırda məsələnin həlli yalnız ATƏT-in Minsk Qrupunun mandatı çərçivəsində mümkündür. “Bu mümkün olmadıqda, Qarabağ məsələsi yalnı Azərbaycan-Rusiya-Ermənistan formatında müzakirə edilə bilər”.

Qeyd edək ki, istər Ermənistan, istərsə də Qarabağdakı separatçıların bundan sonrakı cəhdləri əhəmiyyətsizdir. Əgər bu gün erməni müxalifəti “biz hakimiyyətə gələrsək, danışıqları dayandıracayıq və yeni şərtlər irəli sürəcəyik” desələr belə, bu blefdən başqa bir şey deyil. Çünki onlar belə Ermənistanı faktiki prosesdən ayıra bilməyəcək. Hətta ayırsalar belə, bu onların özlərinin fəlakətinə çevriləcək. Ümid etdikləri və arxalandıqları Rusiya belə onlara yardım etməyəcək. Ən azından ona görə ki, Rusiya Ukraynada çox ciddi böhran içindədir. Eyni zamanda, oradan hansı uğursuzluqla çıxacağı indidən məlumdur. Digər tərəfdən, sanksiyalarla baş edə bilmədiyindən sürətli şəkildə zəifləməyə başlayıb.

Yəni, erməni müxalifətinin Rusiyaya güvənməsi də heç nəyi dəyişməyəcək. Bunu Paşinyan da görür və o səbəbdən də problemlərini Qqaərbin əliylə həll etməyə çalışır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button