ManşetSosial

Salyanda torpaqları hansı oliqarxlar işğal edib?

Salyan sakini Bayram Nəcəfov bir vaxtlar əkib, becərdiyi torpaqları göstərir. Deyir ki, sənədlə bu torpaqlar 1996-cı ildə onlara verilib. Amma bir neçə il əvvəl gəlib onları zorla torpaqlardan çıxarıblar: “2017-ci ilin avqustun 4-də biz bu sahələrdə pabmıq əkmişdik, camaat işləyirdi. Bir də gördük polis maşınları ilə gəlib bizi zorla, döyə-döyə torpaqdan məcbur şəkildə çıxardılar”.
Kəndli fermer təsərrüfatın başqa bir üzvü Gülsüm Nəzərova deyir ki, torpağın əllərindən alınmasından etdikləri şikayətlər araşdırılmayıb: “Torpağımızı əlimizdən alıblar. Araşdırmırlar da ki bu torpağı alanlar kimlərdir. Özləri orda əkib, becərirlər. Özü də ki, o torpaqların bütün sənədləri məndədir. Sənədsiz istifadə edirlər. Getdim Mehriban Əliyevanın qəbuluna, nə özümüzü, nə məktublarımızı, nə dəki şikayətlərimizi qəbul elədilər”.
Fermerlər deyirlər ki, 2017-ci ildən bu yana torpaqlarını əllərindən alanların kimliyini aydınlaşdıra bilməyiblər.
Prezidentə yazılan şikayətlərlə bağlı Salyanın icra başçısı şiyatətçiləri məhkəməyə verib. Məhkəmə icra başçısının xeyrinə qərar çıxararaq, həqiqətə uyğun olmayan məlumatları yaymaq ittihamı ilə ailənin 3 üzvünü 2 min manat cərimələyib.
İqtisadçı alim Qubad İbadoğlu isə deyir ki, fermerlərdən zorla alınan torpaqlar oliqarxlara məxsus aqroparklara verilir. Onun bildirdiyinə görə hazırda torpağı bu şəkildə zorla əlindən alınanların sayı artır. Onun sözlərinə görə dövlətin fermerlərə ayrıdığı güzəştli kredit, subsidiyaların da böyük hissəsi məhz oliqarxların fermər təsərrüfatlarına ayrılır.
AzadlıqRadiosu bu iddialarla bağlı sorğusuna Kənd Təsərrüfatı Nazirliyindən cavab ala bilməyib. Nazirlik bir aydan çoxdur ki, informasiya sorğusuna cavab verməyib.
Milli Məclisin iqtisadiyyat komitəsinin üzvü Rüfət Quliyev isə deyir ki, torpaqların alınması məsələsindən xəbərdardır. Amma onun sözlərinə görə, alınan torpaqlar elə oliqarxlara aid, istifadə olunmayan torpaqlardır. Prezidentin tapşırığı ilə bu torpaqlar onlardan alınıb, kəndliyə verilir: “Bəzi oliqarxlar minlərlə hektar torpağı alıb, ondan istifadə etmirlər. Cənab prezident hələ bir neçə il öncə bununla bağlı öz fikrini dedi, qətiyyətli qərarını bildirdi. Dedi ki, kimin olmağından asılı olmayaraq, o torpaqlar geriyə qaytarılmalıdır və təzədən istifadə olunmalıdır. 5 min hekatlarla torpağı hasara alıb, istifadə etməyənlərlə bağlı proses başlayıb. Torpaqlar geri alınır”.
Rüfət Quliyev deyir ki, belə fermerlər aidiyyatı qurumlara müraciət eləsələr problemləri həllini tapar.
Qubad İbadoğlunun araşdırmalarına görə, əsasən Bakıdan Mil-Muğan bölgəsinə dorğu, əkinə yararlı torpaq sahələri kəndlinin əlindən alınır: “Aqroparklar 2-3 ildir fəalliyyətə başlayıb, ildən ilə öz təsərrüfatlarını genişləndirirlər. Nəyin hesabına? Torpaqların kəndlinin əlindən zorla alınması, su resurslarına mərkəzləşdirilmiş çıxış hesabına. Daha çox məhsul əldə etmək, mənfəət götürmək üçün, daha çox əkinə yararlı torpaqlar ələ alınır”.
Qubad İbadoğlunun sözlərinə görə, bunun da nəticəsində kəndlərdə iş yerləri azalır, əhalinin dolanışığı çətinləşir. Kənd təsərrüfatı bir əldə cəmləşdiyindən qiymətlər isə daha da bahalışır.
Salyan sakini Gülnarə Eyvazova deyir ki, 25 il əvvəl bu torpaqlar onlara veriləndə şoran olub, illərlə əllərinin zəhməti ilə torpaqları yararlı duruma gətiriblər. Heç ağıllarına da gəlməzdi ki, bir gün bu torpaqlar əllərindən beləcə alınar: “Torpağımızı əlimizdən aldılar. Acınacaqlı durumdayıq. İldə biz hökumətə 170-180 ton pambıq planı verərdik. İndi qalmışıq işsiz gücsüz. Gedib böyük təsərrüfatlarda günü 10 manata günəmuzd işləyirik”.
Azərbaycan hökuməti bəyan edir ki, kənd təsərrüfatının inkişafı əsas hədəflərdən biridir. Tənqidçilər isə deyirlər ki, hökumət bu sahəni inkişaf etdirmək istəyirsə, ilk növbədə kiçik və orta fermerə dəstək olmalıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button