GündəmManşet

Sabiq deputatdan Kərəm Həsənov sərt ittiham: “Üstümə 30 silahlı göndərdi”

“Sabunçu Rayon Məhkəməsinin hakimi Nilufər Cəfərlinin çıxardığı qərar nəinki ədalətsizdir, hətta deyərdim ki, sifarişlidir. Məhkəmə qəsdən məni adıma olan qanuni sənədləri saxta sənədlər kimi təqdim edərək Rəsul Quliyevin xeyrinə qərar çıxarıb”.

Bunu JAMAZ.info-ya açıqlamasında keçmiş millət vəkili Qalib Salahzadə Sabunçu Rayon Məhkəməsinin eks-spiker Rəsul Quliyevin xeyrinə çıxardığı qərarı şərh edərkən bildirib.

Qeyd edək ki, məhkəmənin qərarında qeyd olunub ki, guya Rəsul Quliyevin Bilgəh qəsəbəsində 72 sot torpaq sahəsini bağışladığı Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunun əlində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesi 2, 3 və 9 ünvanlarında yerləşən 72 sot torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən şəhadətnamə var.

Q.Salahzadə bildirib ki, məhkəmə qərarında bir neçə kobud səhvə yol verilib: “Birincisi, 72 sot torpaqda məndən başqa 3 nəfərin adına ev var. Bunlar Xatirə Salahzadə, Zemfira Salahzadə və nənəm Kübra Camalovadır. Qərarda qeyd olunub ki, bu üç nəfərə bələdiyyə sənədi 2002-ci ildə verilib. Qalib Salahzadəyə, yəni mənə 2020-ci ildə bələdiyyə mülkiyyətə sahib olmaq haqda sənəd verib. 2020-ci ildə bələdiyyə mənə torpağı necə verə bilər? O bələdiyyə sədrini həbs etməzlərmi? Qərardan belə çıxır ki, guya mən sənədi saxta yolla əldə etmişəm. 1994-cü ildən həmin ünvanda adıma ev olub. 2005-ci ildə mülki alqı-satqı yolu ilə keçirdim nənəm Camalova Kübranın adına ki, narazılıq olmasın, mülk vərəsələr arasında bölüşdürülsün.  Zağulba 1 ünvanda adıma 300 kvadrat metrə yaxın ev var. Həmçinin Zağulba 9-da qeydiyyatdayam. Məhkəmənin qərarında bunlar göstərilib və bu evlərin hər birinin kupçasının olduğu qeyd edilib.  Hakim “rədd cavabı”nda bildirib ki, guya mənim digər 3 nəfərin adından məhkəməyə müraciət etmək hüququm yoxdur. Halbu ki, mən öz adımdan iddia qaldırmışam. Həmin torpaq sahəsindəki 8 evə qeydiyyatlımız var. 8 evin 4-nün kupça var, 4-nün isə bələdiyyə sənədi”.

Q.Salahzadə bildirdi ki, 2011-ci ildə Əmlak Komitəsi Amerikada yaşayan və oranın vətəndaşları olan Rəsul Quliyevin ailə üzvlərinin adlarına sənədlər verib. Onlara boş torpaq sahəsi veriblər. Azərbaycan qanunvericiliyinə görə, xarici vətəndaşlara torpaq ərazisi satıla bilməz. Onlara alqı-satqı yolu ilə ev satıla bilər. Quliyevin ailə üzvləri burada yaşamaya-yaşamaya, xarici vətəndaşlar ola-ola onlara necə torpaq satıla bilər? Gələcək Azərbaycan Partiyasının sədri Ağasif  Şakiroğlu  72 sot torpaq sahəsini guya ona Rəsul Quliyev bağışlayıb. Rəsul Quliyev ölkədən gedəndə Ağasifin 7 yaşı vardı. Rəsul ona torpağı niyə bağışlamalıydı? Oğludur? Nəvəsidir?  Bu gün hakim Nilufər Cəfərli açıq-aydın Rəsul Quliyevi müdafiə edir. Onları bir-birinə nə bağlayır? Məgər hakim Rəsul Quliyevin kim olduğunu bilmir? Onun Azərbaycanda hakimiyyəti zorla əldə etməyə cəhd göstərməsi kimi yadından çıxıb. 2005-ci ildə ABŞ-dan Azərbaycana gəlmək istədi, alınmadı. Ukraynanın Simferopol hava limanına enməli oldu və orada saxlanıldı. Rəsul Quliyevə görə bir neçə məmuru həbs etdilər. Nazirlər Əli İnsanov, Fərhad Əliyev, Fikrət Yusifov, Prezidentin Administrasiyasının idarə rəisi Akif Muradverdiyev və digərləri çevrilişə cəhd ittihamı ilə həbs edildilər. Onları idarə edən Rəsul Quliyev idi. Bu gün də Rəsul Quliyev bəzi məmurlara təsir edir, onların özündən asılı vəziyyətə salıb. Onlardan biri də Kərəm Həsənovdur. Çünki mənim torpaq sahəmin əlimdən alınıb Rəsulun adamına verilməsində maraqlı olan əsas şəxslərdən biri odur. 6-7 il qabaq Kərəm Həsənov üstümə 30-a yaxın silahlı şəxs göndərmişdi. Cavan uşaqlar idi, üzərlərində də silahlar. Onlara Yusif Qəmbərov adlı şəxs rəhbərlik edirdi. Onlar məni qorxutmaq, torpaq sahəsini dəyər-dəyməzinə satmağımı istəyirdilər. Kərəm Həsənov ora yiyələnmək istəyirdi. Çünki qudası, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin həmin ərazidə bağı var. Onların 2010-cu ildən mənə qarşı apardıqları bu iyrənc plan bu gün məhkəmə müstəvisində davam etdirilir. İndi saxta sənədlərlə, sifarişlə torpağımı əlimdən almağa çalışırlar”.

Q.Salahzadə qeyd edir ki, burada əsas məsələ 25 milyon dollar qiyməti olan 80 sota yaxın torpaq sahəsini ələ keçiməkdən gedir: “Yuxarıda oturan bəzi şəxslər istəyirlər ki, Ağasif Şakiroğlunun əli ilə qiyməti təxminən 25 milyon dollar olan torpaq sahəsini ələ keçirib, milyarderlərə satsınlar. Pulunu da versinlər Rəsul Quliyevin burada hökuməti devirmək istəyən adamlarına, partiyasına. Mənim topaq sahəmi almaq üçün üstümə Moskvadan ”Rapira” Ziya, Qod Nisanov gəlmişdilər. Qod Nisanovun atası Simon kişi gəlmişdi yanıma. İş adamı

İlham Rəhimovun Hacı Murad adına makleri var. 17 milyon dollar təklif etdi. Hamısına sözüm bir oldu. Dedim ki, bu ölkənin yiyəsi, ağsaqqalı var. Gedin onlardan icazə alın, razılıq versələr, gəlin alın. Çünki mənim torpaq sahəm çox strateji yerdədir. Yaxınlıqda məmurların bağ evləridir. Əgər o torpaq sahəsi mənim deyilsə, milyarderlər, məmurlar niyə danışıqları mənimlə aparırdılar? Gedib Rəsul Quliyevlə, Ağasif  Şakiroğlu ilə danışardılar da… İndi cavan oğlan olan Ağasif  Şakiroğlunu 4 polis qoruyur. Mühafizə üçün ayda  polislərə 6 min 150 manat vəsait ödənilir. Təsəvvür edirsiniz?Partiya sədri ayda mühafizəçi polislərə 6 min 150 manat pul verir ki, onu və qanunsuz yaşadığı yeri qorusun. Kimdir, Ağasif? Mən heç ona 3 keçini də etibar etmərəm. Onun arxasında duranlar, ondan istifadə edənlər var.  Bəli, bu gün Rəsul Quliyevlə mənim aramda bəzi mübahisələr ola bilər, amma bunun məmurlara, hakimlərə nə aidiyyəti var? Onlar niyə düşüblər ortalığa? Rəsul gələr, danışarıq, həll olunar. Həmçinin çöx hörmətli bir hacının vasitəsilə Rəsul Quliyevin qardaşı oğlu Xəyal Quliyev  mənimlə görüşmüşdü.O, yanıma gəldi. Bağ evinin Rusiya səfirliyinə məxsus torpaq sahəsi tərəfdən olan giriş qapısının açarları Xəyalda idi. Dedi ki, əmisi Rəsul Quliyev bu açarları mənə göndərib ki, Bakıya gələndə onunla şəxsən söhbət edib problemi yoluna qoyarıq. Amma bəzi məmurların bu məsələdə  maraqları var. Bunu sübut etməyə hazıram. Sözügedən 72 sot torpaq sahəsində 5 yox, 6 adamın mülkü var. 6-cı adam Rəsul Quliyevin bacısı Ceyran Quliyevadır. 2015-ci ildə Kərəm Həsənov və müavini Rafiq Cəlilov məni qəbul etdilər. Məndən xahiş etdilər ki, Rəsul Quliyevin bacısı Quliyeva Ceyran Bayram qızının adına olan orijinal dublikatı onlara verim. 5 nəfərə diblikatlar Arif Qaraşovun vaxtında verilmişdi. Ceyran Quliyevaya isə sənəd Kərəm Həsənovun zamanında verilib. Əmlak Komitəsindəki dostlarım mənə bildirdilər ki, həmin sənədi onlara verməyim, özümdə saxlayım. Çünki Kərəm Həsənov bu sənədləri özündə saxlayıb lazım olan vaxtı üzə çıxaracaq. Nə qədər xahiş etsələr də, dublikatı onlara vermədim. Mən bilirdim ki, Kərəm Həsənov və müavini Rafiq Cəlilovun Rəsul Quliyevlə yaxşı münasibətləri, əlaqələri var”.

Sabiq deputat vurğuladı ki, məhkəmə qərarında daha bir yalan məlumat bağın açarlarının guya könüllü təhvil verməyilə bağlıdır: “Əvvəla məhkəmənin qərarında göstərildiyi kimi, guya mən 29.06.2021-ci il tarixdə, saat 18:30 radələrində bağ sahəsinin açarlarını şöbəyə göndərmiş, mobil telefon əlaqəsi saxlayaraq bağ sahəsini könüllü təhvil vermişəm. Elə bir şey olmayıb. Tamamilə yalandır. Bağın açarı bağbanda olub. Sabunçu rayonu icra hakimiyyətinin birinci müavini Avtandil Hüseynov, Baş nazir Əli Əsədovun əmisi oğlu olan Bilgəh qəsəbə icra nümayəndəsi Vüqar Əsədov və digərləri həmin bağa gedərək bağbandan açarı alaraq içəri daxil olublar. Əgər düzdürlərsə, o zaman açarı verdiyim adamın adını yazsınlar”.

Q.Salahzadə qeyd etdi ki, əgər ona qarşı bu iyrənc hərəkətlər dayandırılmasa, adlar çəkməli olacaq:  “300-dən çox müraciətlərimiz olub. Dövlət qurumları müraciətləri bir-birilərinin üzərlərinə atırlar. Çağırıb deyən yoxdur ki, nə istəyirsiniz, dərdiniz nədir? Bizimlə açıq danışmırlar. Kimlərinsə vasitəsilə vasitəsilə xahişlər edirlər ki, sakit duraq  və s”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button