ManşetÖlkə içi

Rüstəm Usubov MTN işinə cəlb oluna bilər – General onun göstərişlərini yerinə yetirib?

Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyev və digərlərinin cinayəti işi üzrə keçirilən məhkəmə istintaqına cəlb oluna bilər.
Qaynarinfo xəbər verir ki, Mövlan Şıxəliyev və digərlərinin Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində Rüstəm Usubovun da adı hallandırılır.
Konkret olaraq MTN-nin şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov ifadəsində bildirib ki, Mövlan Şıxəlıyev ona göstərişlərin Rüstəm Usubovdan gəldiyini deyib. Onun sözlərinə görə, Bilgəh qəsəbəsində istirahətdə olarkən, axşam 8-9 radələrində Mövlan Şıxəliyev onunla əlaqə saxlayıb və tapşırıb ki, Sahib Ələkbərov özünün qərarı əsasında həbsə aldığı 4 şəxsi təcili azadlığa buraxmalıdır. Sahib Ələkbərov bildirib ki, Mövlan Şıxəliyev onunla telefon danışığı zamanı belə bir tapşırığın baş prokurorun 1-ci müavini Rüstəm Usubov tərəfindən verildiyini deyib. O da tapşırığı alandan sonra təcili işə gedib və qərarı dəyişərək təqsirləndirilən 4 şəxsi azad edib.
Zərərçəkənlər də deyiblər ki, təqsirləndirilən şəxslər ifadələrində ayrı-ayrı epizodlar üzrə Rüstəm Usubovun adını çəkir, biləvasətə məsuliyyəti onunla bölürlər.
Digər tərəfdən, onların sözlərinə görə, həbs qərarlarına Rüstəm Usubov imza atıb. Bu baxımdan, onun da istintaqa cəlb olunması tələb edilir.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə müttəhimlər kürsüsünə Mövlan Şıxəliyevlə yanaşı MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar.
İttihama görə, Mövlan Şixəliyev və digər 3 nəfər mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib.
Mövlan Şıxəliyevə qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq dövründə həbs olunmayıblar.
Məhkəmə də ibtidai istintaq dövründə barələrində verilən qərarı dəyişməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button