ManşetSiyasət

Ruslar sərhəddəki atışmanı bizim üzərimizə yıxmaq istəyirlər: Kreml təxribata başladı  

Xəbər verildiyi kimi, dünən Azərbaycan-Ermənistan sərhəddində ermənilər növbəti təxribata əl atıblar. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Dövlət Sərhədd Xidməti (DSX) açıqlama yayaraq, bir qrup silahlı erməninin Ordumuzun mövqelərini atəşə tutub.

Həmin məlumata görə, ərazidə patrul xidməti çəkən Rusiya Federal Sərhəd Xidmətinin əməkdaşları da olub və ermənilər onları da atəşə tutublar. Qeyd edilir ki, hadisəyə adekvat cavab vermək istəyən Azərbaycan tərəfinə rus sülhməramlıları müraciət edərək, həmin erməni əsgərlərin içkili vəziyyətdə olduğunu deyib və Ordumuzun atəş açmamasını xahiş edib. Lakin DSX bəyan edib ki, növbəti dəfə belə bir hadisə baş verərəsə, sərt cavab veriləcək.

Bildirək ki, Ermənistan Müdafiə Nazirliyi də məsələ ilə bağlı açıqlama yayıb. Onlar iddia ediblər ki, guya, atəşkəs rejimini Azərbaycan Ordusu pozub. Amma bu məsələnin üzərində çox dayanmayıblar və açıqlamada əsas vurğunu Rusiya FSX-nin əməkdaşlarının atəşə məruz qalması məsələsinin üzərinə gətiriblər. Erməni tərəfi iddia edib ki, sərhəddə rus sülhmərmalıları Ermənistan ordusunun əsgərləri tərəfindən atəşə tutulmayıb və belə bir məlumat yalandır.

JAMAZ.İNFO xəbər verir ki, Zəngilan və Qubadlı istiqamətində dünən baş verən erməni təxribatı ruslar tərəfindən tamam başqa şəkildə təqdim olunmaqdadır. Belə ki, Kremlə bağlı rus mediası bu gün səhərdən etibarən guya, Zəngilanda rus hərbçilərinin Azərbaycan əsgərləri tərəfindən atəşə tutulması barıdə yalan məlumat yaymağa başlayıblar. Bir çox media nümayəndələri aldıqları təlimata əsasən eyni informasiyanı yayması isə işin qurama olduğunu və Azərbaycana qarşı yönəldiyini deməyə ciddi əsaslar verir. Və işin ən ilginc tərəfi isə odur ki, rus jurnalistlər bunu Prezident İlham Əliyevin AzTV-yə verdiyi açıqlaması ilə “əsaslandırmağa” çalışırlar. Məsələn, “Svobodnaya Pressa”, “Avia.Pro” və Kremlə bağlı olan digər nəşrlər yazırlar ki, “Prezident İlham Əliyevin Zəngəzur haqqında verdiyi son açıqlamasından sonra sərhəddə vəziyyətin gərginləşməsi və rus hərbçilərinin atəşə tutulması ciddi şühələr yaradır. “Ermənistan Zəngzur dəhlizinə xoşluqla icazə verməsə, buna məcbur edəcəyik” deyən Əliyevin sözlərindən sonra Azərbaycanın Ermənistanın gözünü qorxutmaq və onları Zəngəzur dəhlizinin açılmasına razı salmaq üçün belə bir addım atması mümkündür”.

Rus mediası hətta “ekstrasenslik” edərək, məsələni “İsgəndər-M” olayına da calamağa çalışıb. Onlar iddia edirlər ki, Rusiyanın Qarabağda istifadə edilmiş “İsgəndər-M” raketləri ilə bağlı məsələyə dilucu cavab verməsi və bunu inkar etməsi Azərbaycanın ürəyincə olmayıb. “Azərbaycan Qarabağda istifadə olunmuş “İsgəndər-M” məsələsinə aydınlıq tələb edir. Rusiyanın mövqeyi isə ondan ibarətdir ki, belə bir raketdən Qarabağ savaşında istifadə olunmayıb. Görünür, rəsmi Bakı Moskvanı həqiqətləri açıb deməsini istəyir və buna görə də, sərhəddə ermənilərin mövqeyini atəşə tutur. Ki, bunu da təzyiq vasitəsi hesab etmək olar”.

P.S. Qeyd edək ki, Rusiya Qafqazda Ermənistanın əsas müttəfiqi olduğunu dəfələrlə bəyan edib. Hər il milyardlarla dollar dəyərində silah sataraq, onu silahlandırmağını da gizlətməyib. Son Qarabağ müharibəsində məhv edilən erməni hərbi texnikasının hamısının Rusiya istehsalı olması da bunu təsdiqləyir. Bu işin bir tərəfidir.

Son hadisələrdə Rusiyanın Azərbaycanı “təxribat” törətməkdə ittiham etməsi isə onu deməyə əsas verir ki, Kreml Bakını sıxışdırmaq, “günahkar çıxarmaq” və irəli sürdüyü tələblərdən çəkindirməyə cəhd edir. Erməni təxribatının bizim üzərimizə yığmaq, guya, sərhəddə rus ordusunu məhz bizim əsgərlər tərəfindən atəşə tutulması kimi yalanı gündəmə gətirib, tirajlamaq da elə bu istəyin təzahürüdür.

Bildirək ki, rusların yenidən ermənilərlə ağız-ağız verərək, Azərbaycanı ittiham etməyə başlaması qarşıda bizi ciddi proseslərin olacağından xəbərdar edir. Kreml “İsgəndər-M” məsələsinin bu qədər qabarmasından, Azərbaycanın onlardan izahat tələb etməsindən, habelə sülhməramlı kimi soxulduğu Qarabağda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsininə görə mühakimə olunmasından narahatdır və ermənilərin əliylə müxtəlif təxribatlar törədərək, vəziyyətdən çıxmağa çalışır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button