ManşetSiyasət

Kreml Qarabağda nə etmək istəyir?- RUS EKSPERTLƏRİN RƏYLƏRİ

Stanislav Tarasov: “Putin hələlik səbr edir, amma bir gün əsəbiləşib, tərəfləri çağırıb, yumruğunu masaya çırpacaq”

Aleksey Tokarev: “Ruslar olmasa, Qarabağda bir erməni qala bilməz””

Qarabağ ətrafında baş verən hadisələr fonunda Ermənistanda bir müddətdir bölgədə müvəqqəti yerləşmiş rus sülhməramlı məsələsi ilə bağlı aktiv müakirələr başlayıb. Erməni cəmiyyətinin son zamanlar gəldiyi qənaət budur ki, Rusiya Qarabağda üzərinə düşən vəzifələri ivcra edə bilmir. Elə Ermənistan hakimiyyəti də açıq şəkildə bildirir ki, ruslar Qarabağda missiyalarını həyata keçirə bilmir və bu səbəbdən də onlar BMT-nin missiyası ilə əvəzlənməlidir.

Bununla bağlı Rusiyadan olan analitiklərin fikirləri isə bir qədər fərqlidir. Onlar baş verənlərdə Kremli deyil, dolayı şəkildə Ermənistanı günahkar bilirlər.

JAMAZ.İNFO xəbər verir ki, Yaxın Şərq üzrə ekspert  Stanislav Tarasov baş verənlərlə bağlı deyir ki, Qarabağ ətrafında baş verənlər çaşqınlıq yaradır. O bildirib ki, 100 gündən artıqdır ki, Laçın dəhlizi ərazisində münaqişəli vəziyyət davam edir. “Azərbaycanlıların Ermənistanla münasibətləri bu dərəcədə gərginləşdirməklə nəyə nail olmaq istədiklərini anlamaq çətindir. Ümumi kontekstdə bu, sülh müqaviləsinin hazırlanmasına, bütövlükdə, artıq güclə irəliləyən danışıqlar prosesinə xələl gətirir. Yeri gəlmişkən, hələ də sülh prosesinə kimin rəhbərlik etdiyi sualı var: Qərb, yoxsa Moskva. Bu yaxınlarda Ararat Mirzoyanın səfərindən sonra belə bir təəssürat yaranmışdı ki, razılıq əldə olunub və Ermənistan Moskvanın tərəfinə qayıdıb. Lakin Qərbdən Şərqə və əksinə dalğalanmalar qeyri-sabit vəziyyət yaradır ki, bundan təkcə onlar deyil, ekoaktivistlər də yararlanırlar. Məncə, həm Ermənistanda, həm də Azərbaycanda həmin gərginliyi saxlamaqda maraqlı olan müəyyən qüvvələr var. Bu, İranla Azərbaycan arasında münasibətlərin kəskin və misli görünməmiş kəskinləşməsi fonunda baş verir ki, bu da nəzərə alınmalıdır”.

Rus analitikin düşüncəsinə görə, hadisələr bu şəkildə davam edərsə, bu, lokal silahlı qarşıdurmaya səbəb ola bilər. “Laçında və Ermənistanla Azərbaycan sərhədində real potensial gərginlik mənbəyi yaradılır, yəni sabitlik pozulur. İkincisi, Rusiyanın həyata keçirməyə çalışdığı “Şimal-Cənub” layihəsi Ukraynadakı vəziyyətlə əlaqədar nəqliyyat-kommunikasiya təcridinə görə iflasa uğrayır. O, Şimal-Cənub marşrutu istiqamətində aktiv fəaliyyətə başlayıb və bu bölgədə gərginliyin yaranması təsadüfi deyil. Üçüncü güc amili də işləyir, gərginliyi saxlamaq və onu silahlı münaqişə həddinə çatdırmaq üçün hər şeyi edir. Konkret hadisələrə gəlincə, nə qədər adam hardan gəlib və ya gedə bilməyib, bunlar nəzarət etmək çox çətin olan lokal məsələlərdir”.

Tarasov qeyd edir ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının məsuliyyət zonasında olmalıdır. Onun sözlərinə görə, lakin bu cür davranışın niyə müşahidə olunduğunu söyləmək çətindir. “Məncə, burada ikili standartlar oyunu gedir. Ermənistan və Azərbaycan Rusiya xəritələrinə istinad edirlər. Bu, faktdır. Çünki ermənilər prosesi Qərbə yönəldirlərsə, hər şey öz əlindədirsə və sizin dediyiniz kimi ruslar onlara dəstək verirsə, Azərbaycan niyə eyni istiqamətdə gedir? Əliyev ora Qərbin himayəsi ilə müqavilə imzalamaq üçün getmişdi, elə deyilmi? Rusiya cavab olaraq sülhməramlıların statusu məsələsini gündəmə gətirib. Bəli, Azərbaycanın niyə Rusiyanın sülhməramlı missiyasına qarşı olduğunu başa düşmək olar. Çünki o ərazini, Qarabağı özünün hesab edir. Bəs Ermənistan niyə buna qarşı çıxır? Hansı ki, Qarabağı Azərbaycan ərazisində anklav və beynəlxalq nəzarət zonası elan edir, yəni BMT-dən zəmanət tələb edir. Mövqelərin nə qədər uyğun gəldiyinə baxın. Ermənilər də, azərbaycanlılar da ruslara qarşıdırlar və sonda biz özümüzü uzaq oyunçu görürük. Çünki biz öz sülhməramlılarımızı Azərbaycanın yox, Ermənistanın ərazisində lazım olan hər şeylə, kommunikasiya imkanları və s. ilə təmin etməliyik. Vəziyyət fövqəladədir”.

Rus ekspert baş verənlərdən sonda Putinin əsəbləşəcəyini də iddia edib. “Bütün bunlar sonda prezidentimizi yoracaq. Onları harasa çağıracaq, deyək ki, Soçidə razılaşma olub. Yumruğunu da masaya vurub, tərəfləri nizama çağıracaq. Hələlik isə ehtiraslarımızı cilovlamağa çalışırıq. Bunun işə yarayıb, yaramayacağını isə deyə bilməyəcəm”.

Tarasov deyir ki, Qarabağa gediş-gəliş məsələsində yaranan problemləri Rusiyanın üzərinə atmaq yersizdir. “Bütün bunlar Ermənistan və Azərbaycan tərəfləri qarşısında qaldırdıqları sülhməramlıların statusu ilə bağlı suallardır. Məsələn, Rusiya sülhməramlılarının orada təcili tibbi yardım korpusu olmalıdır, onların nəzarət-buraxılış məntəqələri olmalıdır, eyni vaxtda neçə nəfəri buraxmalıdırlar, müvəqqəti saxlama məntəqələri olmalıdır və s. Rusiya tərəfi səlahiyyətlərin genişləndirilməsi məsələsini qaldıranda, məhz bunu nəzərdə tuturlar. Bütün bunlar tənzimlənməlidir, elə deyilmi? Amma Azərbaycan və Ermənistan buna getmir. Onlar əslində söhbət etmirlər. Ruslar da deyir: yaxşı, istəmirsən, necə istəyirsən elə də olsun. Kreml deyir ki, Rusiyadan Xankəndinə göndərilən “tuşonka”nı zirehli transportyorlarımızla aparacağıq, əgər bütün bunlar əhalinin xoşuna gəlirsə,o zaman belə də yaşayın”.

Ekspert onu da bildirir ki, İrəvan Qərbə doğru gedirsə, o zonada avropalı müşahidəçilər peyda olursa, bu artıq Ermənistanın yeni sennariyə başlaması deməkdir. “Xahiş edirəm, qoşun gətirsinlər. Makron sizə bir şey vəd etdi və ya Mişel sizə söz verdimi? Yaxşı, qoy qoşunlarını gətirsinlər. Rusiyadan, Azərbaycandan asılı olmayan Ermənistanın fransız və ingilislərlə muxtariyyət müqaviləsi imzalamasına nə mane olur? Suriya Rusiya ilə müqavilə imzaladı, nəticədə, Rusiya öz qoşunlarını Suriyaya göndərdi. Siz də imzalamalısınız. Əgər hər şey “blah-blah” və “lya-lya” deyilsə və boş söhbətlərə əsaslanmırsa, o zaman günahı rusların üzərinə atmayın”.

Tarasov yekunda onu da deyib ki, Ermənistanın hərəkəti su içdiyi quyuya tüpürən adamın davranışları ilə eynidir. “Bu, su içdiyiniz quyuya tüpürmək kimi bir şeydir”.

Bir digər rus ekspert Aleksey Tokarev isə bildirib ki, faktiki olaraq yalnız Rusiya sülhməramlılarının sayəsində Qarabağda ermənilər qala bilirlər. “Çox vaxt müxtəlif qüvvələr və Qərb Rusiyaya mənfi münasibət bəsləyir. Onlar Rusiyanın Cənubi Qafqazı tərk etməsi rəvayətini fəal şəkildə təbliğ edirlər. NATO-nun keçmiş baş katibi Rasmussen Yaponiya qəzetlərindən birinə məqalə yazıb və orada bildirib ki, Ermənistan tək qalıb, onu qoruyan yoxdur. Tutaq ki, keçmiş baş katib doğrudan da düz deyir. Kim sülhməramlı olacaq? Hansı tərəfdən? Yaxud ermənilərlə azərbaycanlılar arasında hansı millət dayanacaq”.

Onun sözlərinə görə, ermənilərlə azərbaycanlılar arasında məhz Rusiya sülhməramlıları dayanır. “Bununla bağlı rus sülhməramlılarının öz vəzifələrini yerinə yetirməməsi ilə bağlı şayiələr eşitmək qəribədir. Avropalı siyasətçilərin işi əladır, “media”, reklam. Onların tapşırığı Ermənistan sərhəddinə çatmaq, keçid məntəqəsində dayanmaq, selfi çəkmək, birmənalı şəkildə Laçın dəhlizinin açmağın lazım olduğunu söyləmək və getməkdir. Bu, həmin avropalı siyasətçilərin tam məsuliyyətidir”.

Tokarev bildirib ki, Qərb simulyasiyanın böyük ustasıdır. “Ruslar bu gün Xankəndini necə qoruyurlarsa, Qarabağı da o formada qoruyurlar. Və Qarabağda yalnız Rusiya sülhməramlılarının sayəsində faktiki olaraq ermənilər yaşayır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button