GündəmManşet

Ruslar pul alıb, erməniləri Qarabağdan çıxarırmışlar: Göndərilən ərzağın da oğurlandığı üzə çıxıb

Qarabağda ara yenidən qarışıb. Bir tərəfdə Vardanyanla Harutyunyan arasında gedən mübarizəyə, digər tərəfdən beynəlxalq təşkilatlar qarşısında qaldırılan məsələlərin heç bir effekt vermədiyi də separatçıları çaş-baş salıb. Bunların baş verdiyi vaxtda isə Qarabağdakı sıravi ermənilər bölgəni tərk etmək üçün yollar axtarmağa başlayıblar. Onlar Qarabağda yaşamaq istəmədiklərini və bölgəni tərk etməyə hazırlaşdıqlarını davamlı olaraq bildirirlər.

JAMAZ.İNFO xəbər verir ki, Qarabağda qalmaqala səbəb olan məsələlərdən biri də dünən Facebookda yayılan bir neçə məlumat olub. Həmin məlumatda qeyd edilir ki, bölgədə müvəqqəti yerləşmiş rus sülhməramlı kontingenti özünə yeni “bazar açıb”. Belə ki, onlar Qarabağı tərk etmək istəyən ermənilərə təklif ediblər ki, pul qarşılığında istəklərini reallaşdıra bilərlər. Hətta ondan çox şəxs bu məqsədlə rus hərbçilərə pul belə verib.

Facebookda yayılan məlumatda isə digər ermənilərin də eyni imkandan yararlana biləcəyi xəbərdarlığı edilib və bu istəkdə olanların ruslara mürcaiət edə biləcəkləri bildirilib. Hətta o da deyilir ki, 12 dekabrdan sonra bu yolla Qarabağı tərk edən ailələrin sayı 100-dən çox olub.

JAMAZ.İNFO xəbər verir ki, baş verən hadisədən separatçılar ciddi narahat olmağa başlayıblar. Bunun qarşısını almaq, həmin yayılan məlumatı “təkzib” etmək üçün dərhal hərəkətə keçiblər. Və sosial şəbəkələrdə belə elanla çıxış edən erməniləri qonadra rejimin qondarma “prokurorluğuna” çağırıblar. Orada onlardan lazım olan izahatı alıblar və məlum olub ki, rus sülhməramlıları arasında bu işləri həyata keçirənlər var. Üstəlik, Qarabağdan getmək üçün müraciət edənlərin də az olmadığı üzə çıxıb.

Separatçılar vəziyyətdən çıxmaq, Qarabağı tərk etmək istəyənləri önləmək üçün özlərindən yalan uydurublar. Onlar məlumat yayıblar ki, guya, məsələni araşdırıblar. Guya müəyyən ediblər ki, erməniləri Qarabağdan Ermənistana köçürmək üçün sakinlərdən pul alanlar rus sülhməramlılarının nümayəndəsi olmayıb. Həmin məlumata görə, bu işlə məşğul olan şəxslər özlərini rus hərbçisi kimi təqdim edib və hadisə də Ermənistanda baş verib. “Həmin şəxslərin adları müəyyənləşib və Ermənistan prokurorluğuna bu barədə məlumat verilib”.

Bundan başqa, sözügedən sosial şəbəkədə belə bir xəbər də yayılıb ki, Qarabağa göndərilən ərzaq məhsullarının bir qismi oğurlanıb. Oğurluğu isə yenə rus hərbçiləri həyata keçiriblər. Ermənilər bildiriblər ki, Ermənistandan gətirilən həmin məhsullar əl altdan Qarabağda yaşayan əhaliyə baha qiymətə satılır.

Qarabağdakı separatçılar oğurluq məsələsini də araşdırdıqlarını deyirlər. Lakin bununla bağlı konkret heç nə deməyiblər. Sadəcə, separatçılar onu bildiriblər ki, indiki məqamda Qarabağda müvəqqəti yerləşmiş rus hərbi kontingenti barədə belə məlumatların yayılması onların maraqlarına ziddir və bunun qarşısını almağa çalışırlar. “Belə məlumatlar Qarabağda xidmət edən ruis hərbçilərinin nüfuzuna xələl gətirən, onların missiyasına kölgə salır. Bunun məqsədli şəkildə edildiyini bildirir və belə hallara yol verilməməsi üçün əhaliyə xəbərdarlıq edirik”.

P.S. Ermənilərin nə deməsindən asılı olmayaraq, rusların nələrə “qadir” olduqları Ukrayna müharibəsindən bəllidir. Rus hərbçilərinin işğal etdikləri ərazilərdə kütləvi oğurluq etdikləri, pul müqabilində min hoqqadan çıxdıqları hamının bildiyi məsələdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button