AraşdırmaManşet

Rusiya Ukrayna bataqlığında: Putin II Nikolayın aqibətini yaşaya bilər

Fikrət Fəraməzoğlu 

Artıq 44 gündür Rusiyanın Ukraynaya hərbi təcavüza davam edir. Kiyevi 3 günə işğal edəcəyini düşünən Rusiya 44 gündür ki, düşdüyü bataqlıqdan çıxa bilmir. Böyük ehtimalla həmin bataqlıqdan çıxa da bilməyəcək.

Əslində nəyin baş verdiyi tam çılpaqlığı ilə ortalıqdadır. Rusiya Ukraynanı qısa müddətdə işğal edib, Qərblə böyük bir bazarlığa oturmaq planını işə salmışdı. Krım məsələsindən sonra Qərbin dişsizliyindən həvəslənən, daha sonra Donbas və Luqanskda möhkəmlənməklə iştahası daha da artan Kreml elə zənn edirdi ki, hər şey onun planı üzrə gedəcək. Amma sonradan məlum oldu ki, Rusiyanın kəşfiyyat orqanları Putini ən peşəkar səviyyədə aldadıblar. Belə ki, ona bolluca yalan məlumatlar verib, bu məqsədlə ayrılmış pulları mənimsəyiblər. Məsələn, Putinə verilən məlumatlardan biri “Kiyev 3 gün içində təslim olacaq”, “Ukraynada əhali bizi gül-çiçəklə qarşılayacaq”dan ibarət olub ki, bunun da böyük əksəriyyəti təxyyülün məhsulu olub. İndi isə iş işdən keçib. Artıq geriyə yol da qalmayıb. İndi Rusiyanın qarşısında duran əsas hədəf vəziyyətdən necə çıxmaqdır.

Bundan sonra nələr baş verəcək? Aydın məsələdir ki, Putin ona edilmiş bu böyük xəyanət və pisliyin sərt formada qarşılığını verəcək. Həmin qarşılıq indiki məqamda deyil, Ukrayna böhranı başa çatdıqdan sonra təzahür edəcək.

Böyük ehtimalla Putin Ukrayna uğursuzluğunu nə müdafiə naziri Şoyquya, nə FTX, nə QRU rəhbərlərinə bağışlamayacaq.

Patruşevin müharibədən öncəki son müşavirədə dilinin topuq vurması, fikirlərini ifadə edə bilməməsi də bununla bağlı idi. O yaxşı bilirdi ki, bütün məlumatlar saxtadır və şişirdilib. Eyni zamanda, o yaxşı anlayırdı ki, əgər Rusiya ordusu Ukraynaya daxil olarsa, onlar nə 3 günə Kiyevi ala biləcəklər, nə də yerli əhali onları gül-çiçəklə qarşılamayacaq.

Hərçənd Putin ona xəyanət etmiş komandasının üzvlərini açıq şəkildə müharibədəki uğursuzluğu əsas gətirib həbs etdirməyəcək. Onlara qarşı müxtəlif maddələrlə (buraya korrupsiya, rüşvətxorluq, işdə yol verdiyi çoxsaylı səhvlər və sair daxildir) cinayət işləri açılacaq. Üstəlik, müharibədəki uğursuluqlar da onların üzərinə yıxılacaq. Bir növ cəmiyyətdə onlardan “düşmən” və “vətən xaini” obrazları yaradılacaq.

Bu ərəfədə Rusiya ordusunun Ukraynanın bəzi ərazilərindən geri çəkilməsi də maraqlı gedişdir. Moskva bu addımı İstanbulda keçirilən görüşdən sonra “jest” kimi təqdim edir. Yəni, hansısa güzəştə gedib, guya, sazişin tez bağlanmasına reaksiya verməyə çalışıb. Lakin gedişat və gələn xəbərlərdən anlaşılan odur ki, Rusiyanın geri çəkilməsi heç də çoxsaylı canlı qüvvə və hərbi texnika itkiləri deyil. Əksinə, ordunun daxilindəki satqınlıq səviyyəsinin pik həddə çatmasıdır. Bu məsələ İstanbul görüşünə qədər bəlli olsa da, Kreml durumu düzəldə biləcəyini düşünüb. Amma ard-arda iki generalın dəqiq atəşlə ilə məhv edilməsi, İrpen, Buça şəhərlərinin işəaldan azad edilməsindən sonra prosesin daha dəhşətli vəziyyət yaradacağı Moskvanı qorxuya salıb.

Bəzi məlumatlara görə, rus əsgər və zabitləri Ukrayna tərəfinə çoxlu sayda məlumatlar ötürüblər. Təbii ki, bunun maddi maraq qarşılığında ediblər. Hətta həmin hərbçilərin öz generallarının yerləşdiyi məntəqənin dəqiq koordinatlarını belə Kiyev tərəfə ötürdüklərinə dair iddalar var. Vəziyyətin belə bir şəkil almasından sonra Rusiya tərəfi həm daha biabırçı duruma düşməmək, həm də yeni və səs-küylü itkilərlə üz-üzə qalmamaq üçün məcburiyyətdən geri çəkilməyə başlayıb.

Rusiyanın gözləmədiyi hadisələrdən biri də bu qədər sanksiya ilə üz-üzə qalacağıydı. Kremldə düşünürdülər ki, ən pis halda Krım hadisələrindən sonra üzləşdikləri mənzərədən bir qədər artıq vəziyyətlə qarşılaşacaqlar. Həmin prosesə də tam hazır idilər. Lakin 6000 adda sanskiya ilə üz-üzə qalmaq, üstəlik, bu sanksiyaların daha da geniş miqyas alması və Rusiyanın tamamilə təcrid olunması onları çıxılmaza salıb.

Rus ekspertlər hesab edirlər ki, hazırda görülən tədbirlər komaya düşmüş xəstəni vəziyyətdən çıxarmağa hesablanmış addımdır. Lakin xəstə komadan çıxdıqdan sonra yaşayıb, yaşamayacaq məlum deyil. Düzdür, onlar qarşıdakı bir ildə Rusiyanın iqtisadi çöküş yaşamayacağını qeyd edirlər. Amma bir ildən sonrakı mərhələdə Rusiyanın çöküşü və ya iqtisadi cəhətdən dağılma prosesinin qaçılmaz olduğunu vurğulayırlar.

Bu ərəfədə, əksər siyasətçi və iqtisadçılar təklif edirlər ki, Rusiya qısa müddətdə İran taktikasına keçməlidir. Yəni, hazırda dünyada ən çox sanksiyalara məruz qalan İranın bu illər ərazində duruş gətirməsi təcrübəsi diqqətlə öyrənilir. Və bəzi ölkələr hətta bunun üçün yerli şəraitə uyğun “ressept”  belə hazırlayıblar. Lakin İrandan fərqli olaraq, Rusiyanın imkanları bir tərəfdən geniş olsa da, digər tərəfdən məhduddur. İmkanların genişliyi yeraltı sərvətlərinin çoxluğu və çeşidliliyidir. Yəni, Rusiyada yerin altında daş kömürdən başlamış Mendeleyev cədvəlində olan bütün elementlər var. Di gəl, onları çıxarıb, emal etmək üçün nə maddi, nə də texniki imkanları yoxdur. Mövcud texnikalar isə xaricdən alınmadır və sanksiyalardan sonra bu maşınların və avadanlıqların işləməsi üçün zəruri olan ehtiyat hissələrini əldə etmək mümkün olmayacaq.

Bundan əlavə, Rusiyanın təbiəti onun davamlı olaraq kənd təsərrüfatı və digər ərzaq məhsulları ilə təmin etməyə imkan vermir. Ölkənin 150 milyon əhalisi var, amma ərazisinin 2/3 hissəsi ya buzlaqdır, ya da əkinçilik üçün əlverişli deyil. Elə bu səbəbdəndir ki, Rusiya meyvə və tərəvəzi xaricdən almağa məcburdur.

Həmçinin daha əvvəlki səviyyədə neft və qazdan gəlir əldə etmək mümkün olmayacaq. Rusiya iqtisadiyyatı əsasən bu iki faktorun üzərində qurulmuşdu. Digər sahələrə isə demək olar ki, 3-4-cü dərəcəli kimi baxılırdı. Üstəlik, korrupsiyanın total şəkildə olması qeyri-neft sektorunun heç də real rəqəmlərdə olduğu anlamına da gəlməz. Halbuki İranda neft amili sanksiyalardan sonra ikinci sıraya keçirilib. Əsas güc yerli istehsalın gücləndirilməsinə yönəldilib.

Məsələn, İran özünü ərzaq və zəruri sənaye məhsulları ilə təmin etməkdə korluq çəkmir. Paralel olaraq sənayesinin işləməsi üçün də mümkün potensialından istifadə etməyə çalışır. İranın sıxıntı çəkdiyi əsas sahələr maşınqayırma, yeni texnologiya və avadanlıqlardır ki, bunun da bir qismini Çinin hesabına qarşılaya bilir. Amma Rusiyanın faktiki olaraq bu şansı yoxdur.

Belə bir şansı olsa belə, onun reallaşması uzun illər vaxt alacaq ki, bu da böhranın daha da dərinləşdiyi və geriyədönüş yolunun olmadığı dövrə təsdüf edəcək.

Hal hazırda Putini narahat edən ən başlıca məsələ nə Ukrayna müharibəsinin gedişatı, nə uğursuzluq, nə də iqtisadi məsələlər deyil. Onun kabusuna çevrilmiş əsas amil müharibənin Rusiyanın ərazisinə keçə biləcəyidir. Sual oluna bilər ki, Ukraynanın Rusiyaya hücum etmək kimi planı yoxdur, bəs, bu təlaş niyə yaranıb?

Aydın məsələdir ki, Ukrayna sərhədlərinə nəzarəti bərpa etdikdən sonra müharibənin dayandıracaq. Çünki Kiyevin başlıca hədəfi ərazi bütövlüyünü təmin etmək, sərhədlərdə möhkəmlənməkdir. Lakin Qərb bununla kifayətlənmək fikrində deyil. Bunu gedişatdan açıqca görmək də mümkündür. Bu günlərdə Ukraynada “Rusiyaya Azadlıq Ordusu” adlı bir hərbi birləşmə yaradılır. Əsasən əsir düşmüş və Ukraynada yaşayan ruslardan ibarət olan bu silahlı dəstənin səbəbsiz yerə yaradıldığı inandıcı deyil. Şübhsiz ki, bu düşünülmüş planın tərkib hissəsidir. Onların silah təhcizatı, təminatı və digər vasitələrə əllərinin çatması Ukraynanın imkanları xaricindədir. Bunu daha güclü və geniş imkanlara malik bir qüvvə etməlidir. Bu da Qərbdən başqa kimsə ola bilməz. Belə olan təqdirdə, ortaya çıxan reallıq ondan ibarətdir ki, “Rusiyanın Azadlığı Ordusu” müharibədən sonrakı dövr üçün nəzərdə tutulub. Və onlar müharibə bitdikdən sonra “demokratik və Putinsiz Rusiya” uğurunda mübarizəyə davam edəcəklər. Bu isə müharibənin Rusiyanın ərazisinə keçməsi deməkdir.

Putini qorxusu odur ki, əgər müharibə Rusiyanın ərazisinə keçərsə, bu daxildə böyük bir çaşqınlıqla yanaşı, həm də ciddi narazılığın baş qaldırması demək olacaq. Eyni zamanda, proseslər onun hakimiyyətinin devrilməsi ilə nəticələnəcək. Heç yerə qaçışı olmayan Putin isə Çar Nikolayın aqibətini yaşaya biləcəyindən qorxaraq, bunun qarşısını almağa çalışır. Amma prosesin qarşısını almaq üçün imkanları da elə geniş deyil.

Belə olan vəziyyətdə Putin nələri planlaşdıra bilər? Hazırkı vəziyyətdə Putinin planları sırasında Ukraynanın daxilində döyüş əməliyyatlarını davam etdirmək birinci sırada dayanır. Bu genişmiqyaslı olmaya da bilər. Çünki hədəf lokal döyüşlərin uzunmüddətliyini təmin etməkdən ibarətdir. Bu həm Ukrayna daxilində gərginliyin qalmasına, həm Rusiyanın vaxt qazanmasına, həm də müharibənin daxilə keçməsinə mane olan amildir. Ukrayna daxilində gərginlik ona görə qalacaq ki, müharibə bitməmiş hesab olunacaq. Bir çox layihələrin icrasında problemlər yaşanacaq. Xarici investisiyanın cəlbində gecikmələr baş verəcək. Çünki qeyri-sabit yerə investisiya qoymaq istəyən adətən olmur. Eyni zamanda, Ukraynanın Avropa Birliyi və NATO-ya üzvlük məsələsi yubanacaq, hətta xeyli vaxt aparacaq.

Rusiya bu prosesdən vaxt qazanacaq, daxildəki narazılara müharibənin davam etdiyini göstərəcək, habelə əlindəki bölgələrin hələ də onda olduğunu göstərməklə maksimum hədəflərə çatdığını nümayiş etdirəcək. Bir növ cəmiyyətin köpünü alacaq. Üstəlik, Ukrayna ilə şərtlə danışmaq üçün əlində əsas olacaq. Paralel olaraq, müharibənin Rusiya ərazisinə keçməsini də əngəlləyə biləcək.

Bu vəziyyətdə Rusiya Ukrayna ilə danışıqlar masası arxasına qayıdaraq, onunla müəyyən sülh sazişi imzalamaq şansı da əldə edə bilər. Məsələn, Luqanskini qurban verib, Donbas və Krımı əldə saxlamaqla prosesdən minimum uduşla çıxmağı hədəfləmiş olacaq. Niyə məhz Luqanski? Çünki indiki məqamda Luqanski strateji əhəmiyyətinə görə Donbasdan bir addım geridədir. Üstəlik, Krım və Donbas gələcəkdə Rusiya üçün lazımi əhəmiyyət daşıyacaq və onun planlarının icrasında işə yarayacaq.      

Bir sözlə, Rusiya Ukrayna boyda bir bataqlıqda çabalamaqdadır. Kremlin baş bilənləri son 77 ildə düşmədikləri vəziyyətlə üz-üzə qalıblar. II Dünya Müharibəsindən sonra prosesdən uduşla çıxan Moskva, bu dəfə həmin şansa sahib olmadığının fərqindədir. Ona görə də, minimal itkilərlə bataqlıqdan çıxmağa çalışır. Amma planları alınacaqmı?

P.S. Ukrayna prezidenti Volodimir Zelinski bu gün qəhrəmandır. Lakin onun bu qəhrəmanlığı nisbidir. Müharibədən sonra onun da aqibətinin yaxşı olacağı gözlənilmir. Bu barədə növbəti yazımda.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button