ManşetSiyasət

Rus ekspertdən sərsəm iddia: “Gülüstan müqaviləsinə əsasən Qarabağ Rusiyaya birləşə bilər”

“Məncə, Ermənistan doğrudan da Qarabağı verir, bəs kimə? Ya Azərbaycana, ya da Rusiyaya verilir. Amma mənzərə tam aydın deyil”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəllifi rus ekspert Mixail Aleksandrovdur.

O durumu belə izah etməyə çalışır ki, 2025-ci ilə qədər Rusiya sülhməramlıları Qarabağda olacaq və onlar Qarabağ ermənilərinin təhlükəsizliyinə cavabdehdirlər. “Rusiya rəhbərliyinin Qarabağ ermənilərinin müdafiəsi ilə bağlı üzərinə düşən vəzifələri nə dərəcədə yerinə yetirəcəyini bilmirəm. Hər halda biz indi görürük ki, Rusiya Laçın dəhlizində o qədər də fəal deyil, üzərinə düşən vəzifələri tam yerinə yetirmir. Bu, yəqin ki, ondan asılıdır ki, onlar Azərbaycanı bezdirmək istəmirlər, əksinə, aqressiyadan əl çəkməyə inandırırlar”.

Təhlilçi “Ermənistan öz ərazilərin təhvil verilməsi məsləsinə” münasibət bildirərkən vurğulayıb ki, belə bir şeyin olacağını inanmır. “Düşünmürəm ki, belə bir şey olsun. 1975-ci ilə aid xəritələrə əsasən sərhəd demarkasiyası varsa, Ermənistan Sovet İttifaqı dövründəki ərazilərə sahib olacaq. Qarabağa gəlincə, o məsələnin həlli uzun vaxt aparacaq. Bu, ümumi beynəlxalq vəziyyətdən, Ukrayna hərbi əməliyyatının gedişindən və təbii ki, Ermənistanın özündən asılıdır. Çünki mənim başa düşdüyüm odur ki, Ermənistan Qarabağın öz müqəddəratını təyin etmə hüququndan imtina etmir. Bəli, İrəvan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Amma Qarabağ sakinləri öz müqəddəratını təyin etməyə çalışırlar, bu, onların hüququdur. Başqa sözlə, proses 1994-cü ildən əvvəlki nöqtəyə qayıdır”.

Alaeksandorv deyir ki, Nikol Paşinyanın Qarabağın “öz müqəddəratını təyinetmə hüququ” ifadəsindən yayınmasına normal yanaşır. O hesab edir ki, Paşinyan haqlıdır: “Qarabağ erməniləri öz müqəddəratını təyinetmə hüququnu tələb etməlidir. Əgər Ermənistan açıq şəkildə onu müdafiə edərsə, bu, Azərbaycan ərazilərini ilhaq etmək cəhdi kimi qiymətləndiriləcək. Ermənistan artıq bir dəfə o tələyə düşüb, o zaman Qarabağ adından danışıqlar aparmağa məcbur olub. Hesab edirəm ki, bu, erməni diplomatiyasının ən böyük səhvi idi. Robert Köçəryan gələndə danışıqlarda, həm Qarabağı, həm də Ermənistanı təmsil etməyə başladı və bunu etmək mümkün olmadı. Azərbaycan bunu gözləyirdi. O, dərhal Azərbaycan ərazisini işğal edən Ermənistanla danışıqlar apardığını açıqladı. Köçəryan və Sarkisyan həmin tələyə düşdülər. 15 il əvvəl mən onlara demişdim ki, onlar Qarabağın maraqlarını təmsil etməkdən imtina etməlidirlər. Abxaziya, Cənubi Osetiya kimi Qarabağ da danışıqları öz müqəddəratını təyin edən ərazi kimi aparmalıdır”.

Rus ekspert bildirir ki, Azərbaycan istədiyini deyə bilər. O iddia edir ki, bu o demək deyil ki, Bakıya qulaq asacaqlar. “Azərbaycan zorla etnik təmizləmə apara bilməz. O, Qarabağ erməniləri ilə birtəhər anlaşma tapmalıdır. Yəni top indi Əliyevin meydanındadır. O, hansısa yolla bu məsələni həll etməlidir. Əgər o, etnik təmizləməyə getsə, bu, beynəlxalq ictimaiyyətin narazılığına səbəb olacaq. 2025-ci ilə qədər Ukraynada xüsusi əməliyyat başa çatsa, Rusiya sülhməramlılarını Qarabağdan çıxarmaq Azərbaycan üçün çox çətin olacaq. Bakı status məsələsini həll etməsə və ya möhlət statusu haqqında qərar qəbul etməsə (yəni qeyri-müəyyən müddətə təxirə salınmış separatçı ərazinin statusunun müəyyən edilməsi məsələsi), problem yaşayacaq. Beləliklə, Qarabağla bağlı diplomatik oyun davam edir və bunu başa düşmək lazımdır”.

İlham Əliyevin Moskvada dəhliz barəsindəki fikirlərini də şərh edən Aleksandrov qeyd edib ki, Ermənistanda bu fikri yanlış anlayıblar. “Əliyev dəhlizi vurğulamadı, dedi ki, bu termindir: Şimal-Cənub dəhlizi var, Qərb-Şərq dəhlizi var. O, Ermənistana qarşı heç bir ərazi istəklərinin olmadığını bəyan edib. O, başqa məsələdir ki, Azərbaycan ərazi iddialarını bəyan etmədən həmin dəhlizə ekstraterritorial status tələb edə bilər. Deyəcək ki, bu, ərazi tələbi deyil, məsələn, yükdaşımalarda müəyyən rejim, ekstraterritorial rejim təmin edilməlidir. Bu, təbii ki, müəyyən mərhələdə siyasi məna kəsb edən texniki sualdır. Bununla da söhbət bitməyəcək”.

Rus ekspert onu da qeyd edib ki, 10 noyabr razılaşmasına əsasən dəhlizdən keçən yük, qatar və avtomobillərə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti nəzarət etməlidir. “Onlar artıq Ermənistanın bütün sərhəd məntəqələrini qoruyurlar və bununla bağlı heç bir yenilik olmayacaq. Ermənistan sərhəddinin digər hissələrində isə mövcud olan eyni rejim qalacaq”.

Nikolay Aleksandrov sonda dünəndən etibarən həm Ermənistanda, həm də Rusiya mətbuatında davamlı olaraq müzakirə olunan “Qarabağ Rusiyaya birləşə bilər” fikrinə də toxunub. “Mən belə bir variantı istisna etmirəm. Çünki Gülüstan müqaviləsinə əsasən Qarabağ Rusiya imperiyasının tərkibinə birinci daxil olub. Deməli, qarabağlılar Rusiya Federasiyasına üzvlüklə bağlı qərar verə və xahiş edə bilər”.

Xatirladaq ki, ötən il Mixail Aleksandrov Azərbaycan əleyhinə çıxışına görə Rusiya XİN-i yanında MDBMİ-dən çıxarılıb. Dəfələrlə Ermənistanda olan sözügedən şəxs özünün separatçı və anti-Azərbaycan çıxışları ilə tanınır. Rəsmi Bakı onu bu fikirlərinə görə, barəsində axtarış elan edib. 

P.S. Qeyd edək ki, son iki gündür həm Ermənistan, həm də Rusiya mətbuatında Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı sərsəm fikrin müzakirələri gedir. Bunun haradan qaynaqlandığı isə məlum deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button