AraşdırmaManşet

Qarabağda separatçılar arasında parçalanma: Balasanyan Vardanyana “başağrı” olacaq

Artıq bir müddət idi ki, Qarabağda separatçılar arasında parçalanmanın ilkin simptomları diqqəti çəkirdi. Xüsusən də Ruben Vardanyanın bütün təşəbbüsləri ələ keçirməsindən sonra köhnə komanda ilə aralarında problem yaranmışdı.

JAMAZ.İNFO xəbər verir ki, Vardanyan “dövlət naziri” gəldikdən sonra ilk işi köhnədən qalan komandanı dəyişmək oldu. Belə ki, o, Arayik Harutyunyanla razılaşaraq bütün “nazirləri” postundan aldı. Onların yerinə isə öz adamlarını təyin etməyə başladı. Həmin vaxt Harutyunyan yalnız “güc nazirləri”ni əlində saxlamaqla kifayətlənsə də, Vardanyan onun qarşısına başqa bir tələb qoymuşdu. O, “ya Balasanyan, ya da mən” deyərək, qondarma “təhlükəsizlik şurası”nın sədrinin getməsini tələb edirdi.

Qeyd edək ki, ötən ilin noyabrından baş qaldırmış bu məsələ öz həllini tapmırdı. Vardanyan belə bir rəy yaratmışdı ki, Balasanyan guya, Azərbaycanın adamıdır və onlarla gizli danışıqlar aparır. Hətta bu məsələ Ermənistan mediasında da bir ara geniş müzakirəyə səbəb olmuşdu. Bu da ondan qaynaqlanırdı ki, Laçın şəhəri təhvil verilən zaman Balasanyan Azərbaycan generalları ilə birlikdə şəhərdə təhvil-təslim işlərini həyata keçirmişdi.

Amma problemin kökü bu deyildi. Məsələnin əsasında dayanan səbəb odur ki, Vitali Balasanyan hadisələrin indiki şəkildə davam etməsini qəbullanmırdı və bunu səhv hesab edirdi. O, hətta bir xeyli əvvəl də bəyan etmişdi ki, indiki əvvəlki dönəm deyil, Bakı ilə ümumi dil tapılmadan bölgədə qalmaq mümkün olmayacaq. Hətta Qarabağdakı separatçılar arasında yeganə şəxslərdən biri Balasanyan idi ki, Azərbaycanla şərtli də olsa, danışıqlar aparılmasının tərəfdarı kimi ad çıxarmışdı.

Vardanyan isə bunu qəbul edə bilməzdi. Onun öz missiyası vardı və həyata keçirmək üçün şübhəsiz Balasanyan kimi adamları ətrafından uzaqlaşdırmalı idi. Elə istəyini də bu gün həyata keçirməyə nail oldu. JAMAZ.İNFO xəbər verir ki, separatçıların rəhbəri Harutyunyan bu gün “fərman” imzalayaraq, Vitali Balasanyanı “təhlükəsizlik şurasının katibi” vəzifəsindən azad edib. Onun yerinə isə Azərbaycan Ordusuna qarşı 44 günlük müharibədə Xocavənd istiqamətində döyüşlər aparan, “general” Ararat Melkumyanı təyin edib. Buna qədər isə Melkumyan Qarabağdakı separatçıların “milli təhlükəsizlik xidməti direktorunun birinci müavini” kimi işləyirdi.

Maraqlı məqamlardan biri də odur ki, Balasanyan Qarabağ erməniləri arasında az dəstəyi olmayan şəxs hesab olunur. Onun Arayiklə yola getməməsinin səbəbi də məhz nüfuzla bağlı olub. Həm də Vitali digər separatçılardan fərqli olaraq, “köhnə komanda”nın üzvlərindən hesab edilir və köhnələr arasında da özünə görə çəkisi var. Belə olan halda, onun sakit dayanacağı istisna edilmir. Xüsusən də Vardanyana qarşı mübarizə aparacağı da ciddi ehtimallardan biridir. Yaxın zamanlarda Balasanyanın yeni partiya və ya hərəkat yaradacağı, özünü müxalifət elan edəcəyi də gözləniləndir. Çünki o, Qarabağdakı imkanlarını Vardanyana yedirəcək qədər zəif fiqur hesab olunmur.

Ermənistan mediası isə Arayik və Rubenin atdıqları bu addımı riskli hesab edirlər. Onlar Vitali Balasanyanı Samvel Babayanla eyniləşdirməyin əleyhinə olduqlarını, tezliklə bunun fəsadını görəcəklərini də açıqca yazırlar. Yəni, Balasanyan Babayan kimi zəif firuq deyil. Onu adı Qarabağdakı korrupsiyada bir o qədər hallanmayıb.

Hərçənd Rusiyanın təsiri altında olan erməni müxalifəti uzun zamandır Balasanyanın əleyhinə xeyli vaxtdır qaralama kampaniyası da aparırdılar. Xüsusən Vardanyan Qarabağa ayaq qoyandan sonra bu kampaniya daha mütəşəkkil şəkil almağa başladı. Hərçənd Vitali daha çox Rusiyanın adamı kimi, ad çıxarmışdı. Görünür, Kreml də əl dəyişdirməyə başlayıb. Və Vardanyanı Qarabağda möhkəmləndirmək, oradan da Ermənistana transfer etmək üçün bütün maneələri aradan qaldırmağı qərarlaşdırıb. Lakin Balasanyanın da dinc oturacağı inandırıcı görünmür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button