ManşetSiyasət

Qarabağda “Kosovo sindromu” yaşana bilərmi?

“Bu erməni təxribatının arxasında Moskva və Qərb dayanır”.
Jamaz.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə martın 5-də ermənilərin Qarabağda törətdikləri növbəti təxribat hadisəsini şərh edərkən deyib. Politoloq bildirib ki, Rusiya və Avropa münaqişənin bitməsini istəmir:
“Azərbaycanın məqsədi aydındır. Azərbaycan ərazisində erməni silahlı dəstələri olmamalıdır. Bu ölkəmizin qanuni tələbidir. Ermənilərin bu təxribatlarının arxasında Rusiya və Avropa dayanır. Onlar münaqişənin bitməsini istəmir. Çünki münaqişə ocağının qalması tərəflərə təsir mexanizmidir. Bununla belə, düşünürəm ki, Azərbaycanın onları gerçəkliklə barışmağa məcbur etmək imkanları var. Bu hadisə də onlardan biridir”.
Ekspert düşünür ki, təxribatların qarşısını almaq üçün Azərbaycan sərhəddə və Qarabağda nəzarət-buraxılış məntəqələri qurmalıdır:
“Beynəlxalq hüquqda bu qadağan edilmir. Buna görə kimsə ölkəmizə irad tuta bilməz. Heç kim Qarabağı müstəqil qurum kimi tanımayıb ki, buna görə ölkəmizə etiraz edə bilsinlər. Nəzarət-buraxılış məntəqələrinin yaradılması üçün cəsarət lazımdır. Görünür, ölkəmiz bu məsələdə elə bir şəraitin yaradılmasına nail olmaq istəyir ki, hamı artıq bu labüd addımla barışmalı olsun”.
Həmsöhbətimizin fikrincə, ermənilərin son təxribatları heç də danışıqlar üzrə Brüssel formatının daha vacib olduğu anlamına gəlmir:
“Moskva kimi Avropa İttifaqı və Vaşinqton da bildirir ki, Qarabağ ermənilərinin statusu beynəlxalq iştirakla müəyyənləşməlidir”.
Zərdüşt Əlizadə Azərbaycan üçün Qarabağla bağlı “Kosovo sindromu” təhlükəsiznin yarana biləcəyini də istisna edir:
“Bu variantı istəyən qüvvələr ola bilər. Amma Cənubi Qafqazda “Kosovo sindromu”na əsas verəcək şərait yoxdur. Azərbaycan Serbiya kimi təklənməyib, ölkəmizin Türkiyə kimi müttəfiqi var. Azərbaycanda maraqlı olan beynəlxalq təşklat və dövlətlər var. Ermənilərin bu yuxusu çin olmayacaq”.
Qeyd edək ki, martın 5-də ermənilər Qarabağda növbəti dəfə təxribata əl atıblar. Azərbaycan  Müdafiə Nazirliyinin məlumatına görə, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub. Məlumatın  yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş  açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button