GündəmManşet

Putin İrəvanda Arayiklə görüşüb? –Erməni nəşrindən iddia

Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti qəribə və maraqlı bir iddia ilə çıxış edib. JAMAZ.İNFO “Joqovurd” qəzetinə istinadə xəbər verir ki, noyabrın 23-də Rusiya prezidenti Vladimir Putin Ermənistanda olarkən Qarabağdakı separatçıların rəhbəri Araik Harutyunyanla görüşüb. Qəzet bu məlumatı özəl mənbələrindən aldığını bildirib.

Nəşr yazır ki, həmin məlumata görə, görüş İrəvandakı məşhur “Dvin” hotelində baş tutub. “Əldə etdiyimiz məlumata görə, görüş Vladimir Putin-Arayik Harutyunyan formatında baş tutub”.

“Joqovurd” məlumatı təsdiqləmək üçün separatçıların Xankəndidəki nümayəndəsi ilə də əlaqə saxlayıb. Oradan isə məlumatı təkzib ediblər. “Həmin günlərdə Harutyunyan Xankəndidə olub. Sizin xəbər doğru deyil. Belə bir görüş olmayıb”.

Qeyd edək ki, bu məlumatın doğru olması Azərbaycanla Rusiya arasında yeni bir qalmaqalla yanaşı, həm də münasibətlərin pisləşməsinə gətirib çıxaracaq. Çünki Azərbaycan tərəfi Harutyunyanı separatçıların rəhbəri kimi tanımaqla yanaşı, həm də barəsində cinayət işi qaldırıb. Üstəlik, Bakı baş separatçı ilə hər hansı bir rəsmi şəxsin, xüsusən də Rusiya kimi bir ölkənin rəhbərinin görüşməsinə səssiz qalmaz. Şübhəsiz, buna adekvat cavab verər.

Nəzərə alaq ki, Putinin Arayiklə görüşməsi həm də o deməkdir ki, Rusiya separatçını “rəsmi şəxs” olaraq tanıyır və bu Moskvanın Qarabağla bağlı gələcək planlarından da xəbər verir. Həmin planlar isə birbaşa Azərbaycanın maraqlarına ziddir. Həm də Qarabağda separatçılıq və terrorçuluğun daha da vüsət almasına hesablanmış addımdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button