ManşetÖlkə içi

Prokurorluq Bayram Məmmədovun ölüm səbəbini açıqladı: “Suda boğularaq ölüb”

Türkiyə Məhkəmə Tibb Ekspertizası  azərbaycanlı ictimai fəal Bayram Məmmədovun ölümündə cinayət tərkibinin olmadığı qərarına gəlib. Bu barədə Türkiyənin Çağdaş Hüquqşünaslar Dərnəyi (ÇHD) açıqlama yayıb.

Bayram Məmmədovun nəşi üzərinə aparılan ekspertizadan sora 29 noyabr 2021-ci il tarixin rəy verilib və Bayram Məmmədovun “şübhəli ölüm”lə deyil, suda boğularaq həyatını itirdiyi qeyd olunub.

İctimai fəal haqqında bu il mayın 2-dən etibarən xəbər almaq mümkün olmayıb. Onun barəsində axtarış elan etmək üçün polisə müraciət edildikdən sonra öldüyü məlum olub.

Dənizdən tapılan nəşin fotosu dostlarına göstərilib və onun Bayram Məmmədov olduğu müəyyən edilib. Sahil polisinin açıqlamasına görə, B. Məmmədov dənizə düşən çəkələyini götürmək üçün suya baş vurub, amma üzə bilmədiyindən boğularaq ölüb.

Sonradan Türkiyə polisi fəalın ölümünü “şübhəli ölüm” kateqoriyasına salmışdı.

Bundan sonra Anadolu Baş Prokurorluğunda araşdırma aparılırdı.

Bayram Məmmədov həyatını itirdiyi günəcən bir müddət idi ki, Türkiyədə yaşayırdı. Yaxınları onun Avropada təhsil almaq üçün hazırlaşdığını deyiblər.

Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı il mayın 10-da keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” və “Fuck the system” sözləri yazdıqdan sonra həbs olunub.

Rəsmi açıqlamada deyilirdi ki, Bayram Məmmədovdan 2.904 qram, onun evindən isə 1 kiloqram 150 qram heroin aşkar edilib.

Qiyas İbrahimovdan 2.607 qram, onun yaşadığı evdən isə 1 kiloqram 10 qram heroin tapılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2016-cı il oktyabrın 25-də Qiyas İbrahimovu, həmin il dekabrın 8-də isə Bayram Məmmədovu 10 il azadlıqdan məhrum edib.
Hər iki gənc beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb.

Onlar 2019-cu ilin martında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar.

Bundan sonra da Bayram Məmmədov ictimai fəallığına görə sutkalıq həbs cəzası çəkib və işgəncələrə məruz qaldığını deyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button