İqtisadiyyatManşet

Prezidentin köməkçisinin qardaşı iki banka yüz milyonlarla manat pul “atıb”

REAL Partiyasının funksioneri Natiq Cəfərli maraqlı bir hadisə barədə yazıb. Daha doğurus, o, bu yazısını “Azərbaycansayağı uğur” adlandırıb. JAMAZ.İNFO bildirir ki, Cəfərlinin “uğur hekayəsi”nin “qəhrəmanı” isə heç də kiçik olmayan bir şəxsin qardaşıdır.

O yazır ki, 2016-ci ildə “Bank Standard” bağlandıqdan sonra, Bankın ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu təyin edilir. “Bankın alacaqları, borcları qeydiyyata alınır və məlum olur ki, ölkədə iş adamı kimi tanınan bir şəxs Bankadan 100 mln. manat götürüb və qaytarmır. Borc istəyəndə, cavab belə vermir, el dili ilə desək, Banka 100 mln. manat atır”.

REAL rəsmisi qeyd edir ki, kredit götürüb qaytarmayan şəxs Şahin Mövsümovdur. “Deyəsən, soyadı tanış gəldi, eləmi?! Düz tapmısınız, həmin şəxs Şahmar Mövsümovun doğma qardaşıdır. Həmin vaxt Şahmar bəy isə əvvəl Neft Fondunun rəhbəri idi, indi isə prezidentin köməkçisidir”.

Cəfərli bununla bağlı bir müqayisə də aparıb. “Mənim tanıdığım başqa bir Şahin adlı şəxs də var – bankların birinə 1700 manat borcu var idi, əslində 3000 kredit götürmüşdü, 4300 qaytarmışdı, amma hələ də 1700 borcu qalmışdı. Adamı-dayağı olmayan, sadə vətəndaş Şahinin başına min oyun açdılar, adam 1-2 ilə qocaldı, saçı ağardı. Amma soyadı Mövsümov, qardaşı isə iri məmur olsaydı pulu ata bilərdi, qaytarmazdı. Məmləkətdə “uğur hekayəsi” işlə, biliklə, bacarıqla yox, kreslo və qohumluqla ilə yazılır”.

Natiq Cəfərli bəzi məlumatlara istinadən onu da qeyd edib ki, Şahin Mövsümov Beynəlxalq Banka da iri məbləğdə pul “atıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button