AraşdırmaManşet

Pezeşkiyan İranda nəyi dəyişə biləcək?

Fikrət Fəraməzoğlu,

Jurnalist Araşdırma Mərkəzinin rəhbəri

İran son seçkilərdən sonra prezident seçilən Məsud Pezeşkiyanın bundan sonra hansı addımları ata biləcək? Ümumiyyətlə, o, ölkədə nələri dəyişə biləcək? Və ya bundan sonra nələr baş verəcək?

Bu sualların bəsit cavabları yoxdur. Çünki İran mürəkkəb ölkədir, idarəetməsi də elə özü qədər mürəkkəbdir. İlk öncə ondan başlayım ki, seçkilərdən sonra prosedur gərəyi yeni seçilən prezidentin təsdiqlənməsi səlahiyyəti ölkənin ali dini liderinə məxsusdur. Əli Xamineyi artıq Pezeşkiyanı qəbul edib, onunla söhbət edib və şübhəsiz ki, direktivlərini də verib.

İkinci mərhələ isə odur ki, qanunvericiliyə əsasən yeni prezident seçildikdən 15 gün ərzində hökumətin tərkibi ilə bağlı parlamentə təqdimat verməlidir. Yəni, kimlərlə işləyəcəyini bildirməlidir. Parlament isə həmin tərkibi qəbul edə də bilər, etməyə də…

Pezeşkiyanın yeni hökumətində kimlərin olacağı hələ ki, məlum deyil. Yeni prezident sadəcə, kimlərlə işləyəcəyinə dair kriteriyalarını açıqlayıb. Amma gedişat göstərir ki, o, əvvəlki prezidentlərdən fərqli nəsə bir şey edə bilməyəcək. Məsələn, Pezeşkiyanın “Hizbullah” lideri Həsən Nəsrullaha məktun ünvanlayaraq, onları sonadək dəstəkləyəcəyini açıqlaması bu qəbildəndir. Və ya Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Zəngəzur Dəhlizinə qarşı dolayısı ilə çıxdığını dilə gətirib. Bildirib ki, sərhədlərin dəyişdirilməsinə qarşıdır. Nəzərə alaq ki, analoji ritorika ilə mərhum prezident İbrahim Rəisi də danışırdı.

Ümumiyyətlə, İranın ənənəvi xarici siyasəti var və onu dəyişdirmək səlahiyyəti yalnız ölkənin ali dini liderinə məxsusdur. Çünki İranın xarici siyasətini müəyyən edən yeganə şəxs Əli Xamineyidir. Pezeşkiyanının isə ona qarşı çıxması mümkün deyil.

İranın Yaxın Şərq siyasəti indiki səpkidə davam edəcək. Lakin bu prosesin duran bir nöqtəsi də var. Hazırda Pezeşkiyanın qarşısında iki vacib məsələ var. Onlardan biri ölkənin iqtisadiyyatını nizama salmaqdır ki, bu həddindən artıq vacib məsələdir. Çünki infliyasiya ölkə əhalisini sürətli şəkildə yoxsullaşdırır, işsizlik pik həddədir, devalivasiyanı nizamlamaq mümkünsüzə çevrilib. Öncə daxildəki narazılığı yatırmaq, əhalinin rifahını düzəltmək vacibdir ki, mümkün etirazların qarşısını ala bilsinlər.

İkincisi isə Qərblə danışıqlardır. Bu İranın yeni prezidenti üçün bəlkə də, həyati əhəmiyyət daşıyır. Çünki Qərblə anlaşma İranın daxildəki iqtisadi problemlərinə də təsir edən faktordur. Məsələ odur ki, İran iqtisadiyyatının əsas problemi kənar investisiyaların cəlb edilməsində sıxıntılar, mal və məhsul satışı prosesindəki əngəllər və sairədir. Lakin onların hamısı sanksiyalar məsələsinə bağlıdır. Əgər sanksiyaları götürmək, hətta bu mümkün olmadıqda, yumuşaltmaq mümkün olarsa, daxildəki mövzud durumu rahatlıqla sahmana salmaq mümkündür.

İranla Qərb arasında danışıqlar ən yaxşı halda ABŞ-da keçiriləcək prezident seçkilərindən sonraya təsadüf edəcək. Ona görə ki, Ağ Evin yeni sahibinin kim olacağı faktiki olaraq bəlli deyil. Onun Tramp, yoxsa Bayden olmasından asılı olaraq, Pezeşkiyan strategiyasını müəyyənləşdirəcək.

Əgər İran Qərblə anlaşma əldə edərsə, o zaman Yaxın Şərq siyasətində korrektələr meydana çıxacaq. Yəni, Həmsa və Hizbullah kimi silahlı dəstələr mərhələli şəkildə sivil partiya formasında fəaliyyətə başlayacaq. Onlar silahı müvəqqəti olaraq yerə qoyacaqlar və ölkələrində siyasi proseslərdə fəal iştirakçıya çevriləcəklər. Necə ki, PKK analoji addımı ataraq, HDP və digər partiyalar formasında siyasi arenaya daxil olublar.

Təbii ki, bu o demək deyil ki, Həmas və Hizbullah silahlı müqavimətdən birdəfəlik imtina edəcəklər. Əksinə, onların radikal qanadları yenə də qorunub, saxlanılacaq. Və gələcəkdə zərurət olarsa, ön plana çıxarılacaq. Şübhəsiz ki, bunun üçün Pezeşkiyan dini rəhbəri inandırmağı bacarmalı və onun dəstəyini almalıdır.

Yeni prezidentin qonşularla münasibətlər məsələsinə baxışı fərqli olsa da, yaxın iki ildə bu formatda ənənəvi siyasətdə tutarlı dəyişiklik mümkün deyil. Bu da onunla bağlıdır ki, Pezeşkiyan yerini bərkitməli, yuxarıda sadaladığım problemlərin həllinə nail olmalıdır. Xüsusən Azərbaycanla bağlı siyasətdə ciddi dəyişiklik olacağını gözləməyə dəyməz. Hərçənd İranın siyasi və hərbi elitası Qafqazda hər hansı qarşıdurma, müharibənin olmasında maraqlı deyil. Ən yaxşı halda Azərbaycanın Tehrandakı səfirliyi açılacaq, münasibətləri normal saxlamaq üçün bir sıra addımlar atılacaq. Bu addımlar da iqtisadi sferanı daha çox əhatə edəcək. Amma bütün bunlar təməl yanaşmalara sirayət etməyəcək.

Düzdür, Pezeşkiyan seçki kampaniyası çərçivəsində Azərbaycanla bağlı olduqca maraqlı bir fikir səsələndirib. O deyib ki, Azərbaycan uzaqlaşdırmaq yox, öz tərəflərinə çəkmək daha doğru addımdır. “İndiyə qədər Azərbaycanla münasibətlərdəki səhvləri təkrarlamaq olmaz. Biz Azərbaycanı özümüzdən uzaq tutmaqla, onu itirmiş olacağıq. Həm də Azərbaycan haqlı olaraq, özünü qorumaq üçün kənar qüvvələrin bölgəyə gəlməsi addımı atacaq. Ona görə də, biz Azərbaycanı qazanmalıyıq, dost olmalıyıq, əlavə problemlərə yol açmamalıyıq”.

Təbii ki, bütün bu sözlər qulağa xoş gəlir. Lakin qeyd etdiyim kimi, İranın xarici siyasətini müəyyən edən prezident deyil. Pezeşkiyan ola bilsin ki, Azərbaycan və Türkiyə ilə yaxşı əlaqələr qurmağa cəhd etsin. Hətta bunda istəkli olduğunu göstərsin. Bu qarşılıqlı səfərlər şəklində də təzahür edə bilər. Amma dini liderin ofisinin yanaşması nöqtəni qoyan faktordur.

Yekun olaraq onu bildirim ki, Məsud Pezeşkiyan İranın prezidenti olaraq, ölkədə yalnız bəlli sahələrdə dəyişiklik edə biləcək. Onun təməl məsələlərdə həlledici fiqur olması isə faktiki olaraq imkansızdır. Bu o halda mümkündür ki, İranda dini liderin təsir imkanları azalsın, SEPAH-ın siyasi və iqtisadi proseslərə müdaxilələri neytrallaşdırılsın. Pezeşkiyanın hal hazırda belə bir gücü yoxdur, yaxın gələcəkdə həmin gücə sahiblənə bilməsi də bir qədər real görünmür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button