GündəmManşet

Paşinyanın Qarabağla bağlı 3 planı: “muxtariyyət”, “Rusiyaya birləşmə” və “kütləvi deportasiya”

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti baş nazir Nikol Paşinyanın adından olduqca maraqlı bir açıqlama yayıb. JAMAZ.İNFO xəbər verir ki, erməni baş nazir rəhbəri olduğu “Mülki Müqavilə” Partiyasının rəsmiləri ilə keçirdiyi görüşdə Qarabağın taleyi ilə bağlı variantları açıqlayıb.

Qəzeyin iddiasına görə, Paşinyan partiya rəhbərliyini inandırmağa çalışıb ki, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması, oradakı ermənilərin “soyqırımı”na gətirib çıxarmayacaq. “Mənbəmiz bildirir ki, müxtəlif formatlarda keçirilən qapalı görüşlərdə Paşinyan sənəd imzalandıqda Qarabağın başına nə gələ biləcəyi variantlarından danışıb. O, bir neçə variant təqdim edib. Birinci variant odur ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində yüksək muxtariyyət əldə edəcəklər. Bu o deməkdir ki, Qarabağ Azərbaycan üçün təhlükə yarada biləcək kifayət qədər dövlət səlahiyyətlərinə malik olacaq. Lakin ordusu olmayacaq. Əgər Prezident İlham Əliyev Qarabağ ermənilərinin hüquqlarına məhəl qoymasa və təhlükəsizliyi təmin etməsə, ikinci variant gündəmə gələcək. Bu proses Qarabağın Rusiyaya qoşulduğunu elan etməsi ilə bitəcək. Ən pis halda isə ermənilər üçün təhlükə yaranarsa, Qarabağdakı əhalinin Ermənistana köçürülməsi təmin ediləcək”.

P.S. Qeyd edək ki, erməni nəşrinin bu açıqlaması Ermənistan hakimiyyətinin tülkü siyasətindən xəbər verir. Lakin Azərbaycan da “armud toplamır”. Birincisi, Azərbaycan Qarabağda yaşayan ermənilərə hər hansı muxtariyyət verilməsini qəti şəkildə rədd edib. Ən yaxşı halda onlar digər Azərbaycan vətəndaşları kimi, bölgədə qalıb, yaşaya bilərlər. Yəni əlavə heç bir üstünlük tanınmayacaq. İkinci varianta gəlincə, bu təhlükəli manevrdir. Çünki Qarabağdakı separatçılar ara-sıra Rusiyaya qoşulmaq təkliflərini gündəmə gətirirlər. Üstəlik, Rusiya Xankəndidə qondarma “rus icması” da yaratmışdı ki, gələcəkdə zəmin yarada bilsin. Lakin bir qədər əvvəl həmin “icma” da Qarabağdan çıxdığını bəyan edib. Amma Rusiyanın sağı-solu bəlli deyil. “Ayı siyasəti” apardığından nə qərar verəcəyini də demək çətindir. Ukrayna və Gürcüstanda etdikləri də bunun nümunələridir.

Burada Paşinyanın adından bəhs olunan üçüncü variant isə mümkün versiyadır. Ona görə ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq rəsmi şəkildə tanıyarsa, orada yaşayan ermənilərin ciddi addımlar ata bilməsi mümkün görünmür. Onların etirazları çoxalarsa və ya “müstəqillik” istəyərsə, Azərbaycanın tam hüququ var ki, müvafiq cinayət məcəlləsi ilə cinayət işi qaldırıb, ya həbslərə başlasın, ya da bu fikirdə olanları deportasiya etsin.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button