AraşdırmaManşet

Paşinyan seçkiləri uddu: Bəs, sonra?

Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatdı. Seçkilərin nəticələrinə görə, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Sazişi” Bloku ümumi səslərin 53.92 faizini toplayaraq, qalib olub. Hakim partiyanın əsas rəqibi olan Robert Koçaryanın “Haystan” bloku isə cəmi 22 faizə yaxın səs toplamaqla, ikinci olub.

Qeyd edək ki, Paşinyanın partiyası 107 nəfərlik parlamentdə 71 deputatla təmsil olunacaq. Bu isə ona təkbaşına hökumət qurmaq üçün bütün imkanları verir. Elə onun özü də bəyan edib ki, “Vətəndaş Sazişi” təkbaşına hökumət quracaq.

Lakin hazırda əsas məsələ Ermənistanda bundan sonra baş verəcək proseslərdir. Paşinyanın müharibəni uduzmasına rəğmən, qələbə qazanması onun rəqiblərinin həzm edə bilməyəcəyi məsələdir. Digər tərəfədən, bu proses Rusiyanın dəstəklədiyi qüvvələrin ciddi məğlubiyyəti olmaqla yanaşı, həm də Moskvanın İrəvan üzərində təsir imkanlarının daha zəif olacağı anlama gəlir. Elə yazının başlığında “Bəs, sonra” sualını qoymağımız da bununla bağlıdır.

Nikol Paşinyanın hakimiyyətə gəlməsini dəstəkləyən, 2018-ci ildən indiyə qədər ona bütün imkanları açan qüvvənin Qərb olduğu şübhəsizdir. Elə hakimiyyətdə olduğu 3 il ərzində mövqelərinin qorunub saxlanılması, bəzi islahatlar aparması, biznes mühitini yaxşılaşdırması, habelə siyasi səhnədə bir çox yeniliklərin olmasının təşəbbüskarı və səbəbkarı da Paşinyanı dəstəkləyə qüvvələrin “əməyinin bəhrəsidir”.

Bütün bunlar o deməkdir ki, Qərb uzun illərdir Rusiyanın təsir dairəsində olan, orada hərbi baza quran, siyasi elitanın əsas qismini nəzarətində saxlayan, habelə Ermənistanı tamamilə özündən asılı vəziyyətdə saxlayan Rusiya ilə bölgədə açıq mübarizəyə girişib. Bundan sonrakı mərhələ Ermənistan üçün nə dərəcə ağır və ya yüngül keçəcək, onu indidən demək çətindir. Amma proseslərin ümumi mənzərəsi bəzi ehtimallarla çıxış etməyə imkan verir.

Bu gün səhər saatlarında MDB və KTMT Müşahidə Şurasının üzvləri Ermənistanda keçirilən seçkilərin nəticələrini tanıdıqlarını, hər hansı bir ciddi qanun pozuntularının olmadığını bəyan edib. İlk baxışdan, bu, Rusiyanın prosesə loyal yanaşması kimi diqqəti çəkə bilər. Əslində isə Rusiya bununla üzdə heç bir prosesə qarışmadığını göstərmək istəyir, arxa planda isə qüvvələrini meydana çıxarmaq üçün hazırladığı planını işə slmaqda qərarlıdır.

Kreml yaxşı bilir ki, Qərbin dəstəklədiyi Paşinyanın yenidən seçilməsi onun Ermənistanda bütün işlərinin bundan sonra rəvan getməyəcəyinə səbəb olacaq. Və böyük ehtimalla Paşinyan yaxın iki ildə Rusiyanın Ermənistandakı bütün təsir imkanlarını ən minimum həddə endirəcək. Ardından isə Rusiya hərbi bazasının ölkədən çıxarılması üçün hərəkətə keçəcək. Düzdür, bu asanlıqla başa gəlməyən proseslərdir. Amma Paşinyan hökuməti bu dəfə də xalqın imkanlarından yararlanacağı şübhəsizdir. Yəni, əhalini küçələrə çıxarıb, rusların ölkədən getməsi üçün gərəkən addımlar atacaq.

Rusiya işlərin bu həddə gəlməməsi üçün şübhəsiz plana malikdir. Lakin onun planının bundan sonra nə qədər işə yarayacağı sual altındadır. Çünki əvvəlki səviyyədə qüvvələri güclü deyil. Təsir rıçaqları olan Koçaryan-Sarkisyan-Abramyan triosunun nəsə edə biləcəyi də qəliz məsələyə çevrilib. Son seçkilər də bunu təsdiqlədir.

Belə olan halda Rusiyanın üç variantı qalır. Birinci variant, həmin qüvvələr vasitəsi ilə Ermənistanda gərginliyin saxlanılmasına və uzanmasına nail olmaqdır. Bunun üçün Koçaryan və tərəfdarlarının davamlı aksiyalar təşkil etməsi, hətta iğtişaşa əl atması gözləniləndir.

Zatən, Koçaryan bəyan edib ki, onlar seçkinin nəticələrini tanımırlar. Bu işə yaramadıqda, parlamentdə 29 deputatla təmsil olunacaq Koçaryan orada Rusiyanın maraqlarını həyata keçirməyə çalışacaq. Yəqin ki, parlamentdə özünə  müttəfiq də tapacaq. Bu, Serj Sarkisyanın dəstəklədiyi “Şərəf duyuram” blokudur ki, onun da 7 deputatla təmsil olunacağı təsdiqlənib.

İkinci variant isə Ermənistan ordusu və digər güc strukturlarında təmsil olunan agent şəbəkəsinin, habelə adamlarının prosesə cəlb edilməsi, ordunun əliylə Paşinyanı devirmək və ya bütün şərtlərə razı salmaqdan ibarət ola bilər. Bunun indiki məqamda mümkün ola biləcəyi bir qədər çətin görünür. Çünki Paşinyan hələ seçkidən əvvəl ordudakı əsas fiqurları oradan uzaqlaşdıra bilib. Qasparyan və dəstəsinin baş nazirə qarşı başlatdığı prosesdə uduzması da bunun göstəricilərindən biridir. Lakin içəridəki digər qüvvələrin mövcudluğu da sirr deyil.

Üçüncü variant isə Qarabağdan Ermənistana qarşı istifadə etməkdir. Yəni, hazırda rus sülhməramlılarının nəzarətində olan Qarabağın yuxarı hissəsinin aqibəti bəlli deyil. Bununla bağlı, Azərbaycanda qeyri-müəyyənlik mövcuddur. Ermənistanda isə hələ o ümid var ki, Xankəndi əvvəlki statusunu saxlayacaq və ya yeni bir status alacaq. Təbii ki, Azərbaycan israrla Qarabağın ona məxsus olduğunu, münaqişənin bitdiyini, orada 30 mindən çox vətəndaşının yaşadığını bəyan edir. Və Bakı bu məsələdə heç bir güzəştə getmək fikrində deyil.

Belə olan təqdirdə, yəni, Ermənistan əlindən çıxacağı halda, Paşinyanın mövqelərinə zərbə vurmaq, habelə daxildəki narazılığı daha da artırmaq üçün Rusiya iki addım ata bilər:

Birincisi, Qarabağdan çəkilərək, nəzarəti Azərbaycana verməklə ki, bu indiki məqamda inandırıcı deyil. Çünki Rusiya Qarabağ kartından təkcə, Ermənistana deyil, elə Azərbaycana qarşı da istifadə edib və edir.

İkincisi, 10 noyabr sazişində qəbul edildiyi kimi, Qarabağdakı erməni silahlı dəstələrinin çıxarılması prosesinin yekunlaşmamasıdır. Rusiya həmin qüvvələrin ərazini tərk etmək niyyətində olmadığını və bu səbəbdən də Azərbaycan Ordusu üçün antiterror əməliyyatları keçirmək üçün yaşıl işıq yandıra bilər.

Belə bir addımın atılması isə o deməkdir ki, Ermənistanın daxilində bir çox qüvvələr yeni ölümlərə şahid olacaq, müharibənin bitmədiyi qorxusunun yaşayacaq, habelə Qarabağın tamamilə əldən çıxması həyacanına düşəcəklər. Bu kimi hallar isə birbaşa daxildə narazılığın daha da artmasına, yeni proseslərin yaranmasına və Rusiya üçün əlverişli şəraitin ortaya çıxmasına səbəb ola bilər.

Və təbii ki, Rusiya Ermənistana qarşı daha bir kartını işə salacaq ki, bu da sərhədlər bağlıdır. Çünki sərhədlərin müəyyən edilməsi Kremlin oyun oynaması üçün ən həssas nöqtədir. Həmin prosesin hansı xəritə ilə müəyyən edilməsi, orada demarkasiya və delmitasiya proseslərinin necə həyata keçirilməsi məsələləri Ermənistan üçün də həssas məsələdir.

Təbii ki, bunlar ehtimal edilən planlardır. Lakin Kremlin daha ciddi və qanlı vasitələrə əl atmaq imkanları da az deyil. 90-cı illərdə Ermənistan parlamentində baş verən terror aktı bunun əyani subutlarından biridir.

Bütün bunların fonunda yekun nəticə ondan ibarətdir ki, regiona gələn Qərb Nikol Paşinyanın hakimiyyətini deyil, onun maraqlarını ifadə edən qrupun asan yem olmadığını Rusiyaya göstərəcək. Bundan sonra Ermənistanda Qərblə Rusiyanın toqquşmasının şahidi olacağıq.

 

Fərda Uğur

JAMAZ.İNFO      

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button