DünyaManşet

Paşinyan Rusiyanı yenə biabır etdi: “Əvvəlkindən fərqli olaraq, Rusiyadan etibarlı silahlar istəyirik”

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün “İnterfax” agentliyinə verdiyi müsahibəsində bir sıra məsələlərə toxunub. Həmin məsələlər sırasında bu dəfə də Rusiya ilə əlaqələrdən danışmaqla yanaşı, silah məsələsinə də aydınlıq gətirib. Daha doğrusu, Paşinyan Rusiyadan silah almağa hazır olduqlarını dilə gətirib. Lakin bu dəfə əvvəlki kimi aldadılmaq fikirində olmadıqlarını da dolayısı ilə ifadə edib.

O “İnterfax”a müsahibəsində deyib ki, Ermənistan Rusiya ilə uzunmüddətli və genişmiqyaslı hərbi-texniki sahədə əməkdaşlıq etməkdə maraqlıdır. O hesab edir ki, belə bir əməkdaşlıq iki ölkənin maraqlarını ehtiva edir. “Diqqətinizə çatdırıram ki, Ermənistanda hazırda Rusiyanın iki qoşunu var. Onlardan biri Birləşmiş Hərbi Qruplaşma, digəri isə Birləşmiş Regional Havadan Müdafiə Sistemləridir. Ki, bu da Kollektiv Təhlükəsizlik Məsələləri Təşkilatı çərçivəsində Qafqazda yerləşdirilmiş əsas qüvvələrdən biri hesab olunur. Təbii ki, biz KTMT üzvü olaraq Rusiyadan silah-sursat almaqda maraqlıyıq. Ancaq bir vacib məqamı da nəzərədən qaçırmayaq. Ermənistan Rusiyadan o silahları istəyir ki, onların özlərindən Rusiya ordusunda geniş istifadə olunur və etibarlıdırlar”.

Qeyd edək ki, Paşinyanın bu açıqlaması Rusiya silahlarını gözdən salmaqla yanaşı, həm də silah ticarətində Kremlin fırıldaq işlətməsinə işarə vurmaqdır. Belə ki, Paşinyan bir müddət əvvəl Rusiyadan aldıqları “İsgəndər” raketlərinin partlamadığını bildirmişdi. Aardından isə bəyan etmişdi ki, “Su-30 M” markalı təyyarəni alsalar da, ruslar onun üzərinə quraşdırılan raket və bombaları verməyib. Hər iki açıqlama Kremlin silah bazarında etibarının aşağı düşməsinə gətirib çıxarıb ki, “İsgəndər” məsələsi bunun ən ciddilərindən hesab olunur.

Paşinyan bu açıqlaması ilə Rusiyaya o mesajı verir ki, Ermənistanda Moskvanın iki hərbi bazasının olmasına baxmayaraq, bundan sonra keçmişdə baha qiymətə satdığı və heç bir işə yaramayan silahlarını almaq fikrində deyil. Əksinə, Rusiya bundan sonra Ermənistana öz ordusunda geniş tətbiq etdiyi, habelə həddindən artıq silahları sata bilər. Əks təqdirdə, İrəvan silah almaq üçün başqa ölkələrə üz tutmalı olacaq.

Bir sözlə, Ermənistanın baş naziri Nikol Paşinyan öz açıqlamaları ilə Rusiyanın silah sənayesinə, habelə Kremlin “etibarlı müttəfiq olması” imicinə zərbə vurmaqda davam edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button