DünyaManşet

Paşinyan Moskvada nələri müzakirə edib?

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Rusiyaya rəsmi səfər edərək, Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşüb. JAMAZ.İNFO xəbər verir ki, həmin görüşdə bir çox məsələlər, o cümlədən Qarabağla bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, rəsmi qurumlar iki dövlət rəhbəri arasında aparılan danışıqların təfsilatı barədə məlumat vermirlər. Mövcud olan informasiyalar isə ütülü sözlərdən başqa bir şey deyil. Bəzi ekspertlər hesab edirlər ki, Paşinyan Moskvadan əliboş qayıdıb. Onların sözlərinə görə, görüşlə bağlı az açıqlamanın olması da buna dəlalət edir. Bir qism isə düşünür ki, tərəflər arasında bir sıra məsələlərə aydınlıq gətirilib və yaxın vaxtlardan yeni planların icrasına start veriləcək.

JAMAZ.İNFO xəbər verir ki, Paşinyan-Putin görüşü ilə bağlı rus ekspert Stanislav Pritçin və erməni siyasi şərhçi Norayir Dünyamalyan Gazeta.ru-ya fikirlərini bölüşüblər. Pritçin hesab edir ki, Moskva görüşü normal məcrada keçib və bu hadisə Ermənistanın xarici siyasət kursunun göstəricisidir.

Dünyamalyan isə bildirir ki, Ermənistan və Rusiya arasında münasibətlərdə hər şeyin normal olduğunu demək doğru deyil. Onun sözlərinə görə, Qarabağ müharibəsindən sonra erməni cəmiyyətində Rusiyaya qarşı münasibət daha spektik şəkil alıb. O qeyd edir ki, buna səbəb də Rusiyanın Qarabağ müharibəsində tutduğu mövqelə bağlıdır. “Bu gün erməni cəmiyyətində Rusiyanın mövqeyini başa düşmürlər. Məsələn, Rusiya-Azərbaycan əməkdaşlığı. Moskva Bakının Avrasiya İttifaqı və KTMT-yə inteqrasiyanı necə görür? Bundan başqa, Türkiyə-Rusiya münasibətləri məsələsi onlara anlaşılan deyil. Onlar aydınlaşdıra bilmirlər ki, bu münasibətlər qarşıdurmadır, yoxsa əməkdaşlıqdır. Bütün bunlar qeyri-müəyyənlikdə yaranır”.

Erməni politoloq bütün bunlara rəğmən hesab edir ki, Paşinyanın Moskvaya səfəri “saatları tənzimləmək”dən başqa bir şey deyil.

Stanislav Pritçin isə deyir ki, hazırda İrəvanın Moskvadan asılılığı daha çoxdur. O hesab edir ki, Ermənistanın başqa alternativi də yoxdur. “Bu görüşdə Qarabağ və dəhliz məsələləri də müzakirə olunub. Eyni zamanda, Azərbaycan-Ermənistan sərhədlərindəki vəziyyət də müzakirə mövzusu olub. Rus hərbçilərinin sərhəddə yerləşdirilməsi məsələsinə baxılır. Bu onunla bağlıdır ki, sərhəddə təhlükəsizliyi rahatlıqla təmin etmək mümkün olsun”.

Pritçin qeyd edir ki, kommunikasiyaların açılması Paşinyanın əsas problemlərindən biridir. Onun sözlərinə görə, bu işin incəliklə həyata keçirlməsi lazımdır və Paşinyan da bunu anlayır. Çünki proses ciddi etirazlara səbəb ola bilər. “Bütün bunlara baxmayaraq, Paşinyan qələbədən sonra noyabr anlaşmasının reallaşmasını təmin etməli olacaq. Birincisi, bu Azərbaycanda olan erməni əsirlərin hamısının geri qaytarılmasına səbəb olacaq. Hazırda Bakıda onları terroçu hesab edirlər. Amma minalı ərazilərin xəritələri verildikcə, bu problem də həllini tapacaq”.

Rus politoloq bildirir ki, bu məsələlərdə tərəflər arasında razılaşmalar effektiv nəticə verərəsə, o zaman iki ölkə arasında sülh sazişi imzalanacaq”.

Dünyamalyan isə hesab edir ki, hazırda əsas məsələ sərhədlə bağlıdır. O deyir ki, Azərbaycan və Ermənistan sərhəddində gərginlik yaşanır. “İkinci vacib məsələ isə Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat yolunun açılmasıdır. Rusiya hərbçilərinin sərhədləri qorumaq üçün gələcəyi inandırıcıdır. Mümkündür ki, kommunikasiyaların açılmasından sonra bölgəyə rus hərbçiləri gəlsin. Lakin hələ aydın deyil ki, onlar sülhməramlı kimi, yoxsa 102-ci hərbi bazanın nümayəndələri kimi bölgəyə gələcəklər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button