ManşetSiyasət

Overçuk Naxçıvana yolun açılması ilə bağlı: “İlk olaraq Horadiz-Mehri-Naxçıvan dəmiryolu açılacaq”  

“Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli qrupun görüşü zamanı formalaşmış hərtərəfli sənəddə bildirilir ki, regionda nəqliyyat əlaqələrinin açılması Arazdəyən-Cuqa-Mehri-Horadiz boyunca keçəcək dəmir yolunun bərpası ilə başlayacaq”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində deyib.

O qeyd edib ki, tərəflər bu məsələlərdə prinsipial razılıq əldə ediblər. “Tərəflərdən heç biri şübhə etmir ki, bu yolun bəzi hissələri onların ərazisində olacağı ölkənin yurisdiksiyasında olacaq. Belə ki, bu yol ilə bağlı Azərbaycanda Azərbaycan qanunvericiliyi, Ermənistanda isə Ermənistan qanunvericiliyi tətbiq olunacaq”.

Overçuk qeyd edib ki, “bunlar göz qabağındadır, lakin iki dövlət və xalq arasında formalaşmış münasibətlər nəzərə alınmaqla bütün bunlar düzəldilməlidir”.

Rus nazir müavini qeyd edib ki, yaxın tarixdə Ermənistanla Azərbaycan arasında heç bir münasibət olmayıb. “Daim müharibə olub… İndiyədək iki ölkənin sərhədində silahlı toqquşmalar gedir, insanlar ölür. Təbii ki, mənim həmkarlarım üçün belə bir şəraitdə işləmək çox çətindir. Lakin onlar dövlət başçılarımızın bizə həvalə etdikləri qərara görə öz tarixi məsuliyyətlərini hiss edirlər. Onlar nəqliyyat kommunikasiyalarının açılması istiqamətində işlərini davam etdirirlər”.

Overçuk onu da deyib ki, Ermənistanla Azərbaycan arasında sülhün alternativi yoxdur. “Sülhə nail olmağın ən yaxşı yolu insanlar üçün dinc qarşılıqlı əlaqə imkanlarını açmaq, ümumi yol çəkməkdir ki, bu yolla insanlar hərəkət etsin, lazımi yüklər daşınsın və normal həyata başlansın”.

Onun sözlərinə görə, ən böyük problem inamdır.  “Məhz buna görə danışıqlar ləng gedir. Sonda yolda adi insanlar gedəcək: ermənilər, azərbaycanlılar, başqa ölkələrin vətəndaşları. Onlar sərhədi keçərkən bir-biri ilə necə qarşılıqlı əlaqədə olacaqlar, başqa dövlətin ərazisindən keçərkən onların təhlükəsizliyi necə təmin olunacaq? Bu, günümüzün əsas problemidir”.

Overçuk qeyd edib ki, sənədin layihəsi Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində formalaşıb. “Demək olar ki, tamamilə razılaşdırılıb. Baxmayaraq ki, əsas məsələ – ermənilər və azərbaycanlıların sərhədi keçərkən bir-biri ilə necə əlaqə saxlaması mexanizmidir. Ona görə də, bunun üzərində iş gedir”.

Sərhədlər və yolun nə vaxt açılacağı barədə suala isə rus rəsmisi dəqiq cavab verməyib: “Sənəd (sülh müqaviləsi – red.) imzalanmayana qədər heç kim həmin suala dəqiq cavab verə bilməz”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button