ManşetÖlkə içi

Naxçıvanın keçmiş daxili işlər naziri kassasiya şikayəti verib

Hazırda həbsdə olan Naxçıvanın keçmiş daxili işlər naziri Əhməd Əhmədov kassasiya şikayəti verib. O, şikayət ərizəsində barəsində həbslə bağlı olmayan qərar qəbul olunmasını istəyib.

Jamaz.info xəbər verir ki, Ali Məhkəmə şikayəti icraata götürüb.

“Gündəlik Naxçıvan”ın əldə etdiyi məlumata görə, hazırda Naxçıvan Diaqnostika Mərkəzində müalicə alan keçmiş nazirin azadlığa buraxılmasına mərkəzi hakimiyyət razılıq verib. O, Naxçıvan Ali Məclis sədri Vasif Talıbovun əsas rəqiblərindən sayılır. Mərkəzi hakimiyyət onu azadlığa buraxmaqla, Vasif Talıbovun mövqelərini zəiflətməyə çalışır. Uzun illər Naxçıvanda daxili işlər naziri işləmiş Əhməd Əhmədovun əlində Vasif Talıbovla bağlı xeyli kompromatların olduğu da bildirilir. Mərkəzi hakimiyyət keçmiş naziri azad edib, Bakıya apardıqdan sonra, həmin kompromatları Vasif Talıbovun əleyhinə işlətməklə, onun mövqelərini zəiflədəcəyi bildirilir. Vaxtilə Vasif Talıbovun yaxın adamı kimi tanınan Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, bir müddət sonra isə həbs edilib. Naxçıvan MR Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Əslində isə, onun Vasif Talıbova xəyanət etdiyinə görə cəzalandırıldığı bildirilirdi. Əhməd Əhmədovun adı çoxlu işgəncə faktlarında hallanır. Onun Naxçıvan sakinlərinə şəxsən işgəncələr verdiyi bildirilir. Keçmiş nazirin 2010-cu ildə Bənəniyar hadisələri zamanı törətdiyi xüsusi qəddarlıqlar beynəlxalq təşkilatların hesabatlarında da yer alır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button