AraşdırmaManşet

Moskva və Tehranın Bakı üçün qurduqları “tələ”: Proses başlayıbmı?

Son sutka ərzində Azərbaycan-Ermənistan və Qarabağdakı qanunsuz hərbi birləşmələr 9 dəfə Azərbaycan Ordusuna qarşı təxribat törədiblər. Müdafiə Nazirliyinin yaydığı açıqlamadan belə başa düşülür ki, düşmən Laçın rayonunun Minkənd, Xocavənd, Tərtər, Xocalı və Ağdam istiqamətlərində mövqelərimizi atəşə tutub.

Bir xeyli müddətdir Azərbaycanla Ermənistan arasında danışıqlar gedir. Son danışıqlar Tiflisdə baş tutub. XİN başçıları səviyyəsində alınan görüşdə hər hansı konkret nəticə əldə olunmayıb. Lakin həmin görüşdən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, sentyabra qədər Qarabağdakı Ermənistan hərbi birləşmələri çıxarılacaq.

Amma son sutka ərzində baş verənlər belə deməyə əsas verir ki, ermənilər bu bəyanatları sadəcə, publika üçün verirlər. Onların əsas hədəfi heç bir halda sülh sazişi məsələsində anlaşma deyil. Elə bir qədər əvvəl Ermənistanın müdafiə naziri Suren Papikyanın Azərbaycanla sərhəddə gəlməsi, orada hərbiçilərlə müşavirə keçirməsi də təsdiq edirdi ki, düşmən sakit dayanmaq fikrində deyil.

Adətən, erməni nazirlər sərhəddə gəldikdən sonra təxribatların da sayı artır. Bu dəfə də dəyişən heç nə olmadı və həmin təxribatların arealı getdikcə genişləndi. Prosesə uzun müddətdən sonra Qarabağdakı qanunsuz silahlı dəstələr də qoşulmağa başlayıb.

Nə baş verir? Ermənilər niyə bu qədər fəallaşıblar? Onları bu təxribatlara nə vadar edir?

Bu sualların birmənalı cavabları var. Baş verən odur ki, Ermənistan Azərbaycanla danışıqlarda əlinin güclənməsini istəyir. Bunun üçün onların Azərbaycana təzyiq etməsi lazımdır. Lakin bunun üçün imkanları yoxdur. Ona görə də, mümkün qədər sərhəddə gərginliyi qoruyub saxlamağa çalışırlar. Hətta əllərinə imkan düşərsə, Kəlbəcər, Sünik və digər istiqamətlərdə təxribatlara əl ataraq, eskalasiyaya da baş vurmağa çalışacaqlar. Çünki indiki məqamda Paşinyan və onun komandasına kiçik bir ərazinin “azad edilməsi” belə ciddi reytinq gətirə bilər.

Qarabağdakı separatçıların fəallaşmasının səbəbkarı isə təkcə, Ermənistan deyil. İrəvan Qarabağ “cəbhəsi”ndə də fəal olmağa çalışır. Oradakı qoşunları vasitəsi ilə separatçılara dayaq olmağa cəhd edir. Amma Qarabağda separatçıları fəallaşdıran bir neçə əsas amil var. Birincisi, onları qızışdıran Rusiya və İrandır. Son Tehran görüşündən sonra verilən bəyanatlar, aparılan təhlillər də təsdiq edir ki, Rusiya və İran Türkiyənin bölgədə güclənməsində maraqlı deyillər. Üstəlik, bunun qarşısını almağa çalışırlar. Bunun üçün isə onun əsas müttəfiqi, Qafqaza gəlməsini təmin edən Azərbaycana qarşı yeni hibrid müharibəyə başlamaq ən optimal yol hesab edilir. Həm Ermənistanla sərhəddə, həm də Qarabağda təxribatların sayını artırmaq, ardından bunu hərbi münaqişə səviyyəsinə çatdırmaq Tehran və Kreml tərəfindən düşünülmüş planın tərkib hissəsidir. Güman ki, onlar hesab edirlər ki, belə olan təqdirdə həm Azərbaycanın başı qarışacaq, həm də Türkiyənin sıxışdırmaq üçün imkanlar yaranacaq. Üstəlik, hər hansı kiçik bir məğlubiyyət Azərbaycanda bir sıra narazılıqlar üçün zəmin yaratmaqla yanaşı, həm də Türkiyənin də ölkəmizdə nüfuzunun aşağı düşməsinə gətirib çıxaracaq.

İranın Qarabağdakı ermənilərə böyük həcmdə tikinti materialları göndərməsi, habelə bir sıra mütəxəssislərini Xankəndiyə yola salması yeni məsələ deyil. Maraqlı məqam odur ki, həmin iranlı mühəndislər əsasən Azərbaycan Ordusunun yerləşdiyi mövqelərin yaxınlığındakı ərazilərdə tikinti işləri aparırlar. Bundan başqa, separatçıların rəhbəri Arayik Harutyunyan bir müddət əvvəl bildirmişdi ki, 44 günlük müharibəyə qədər onlar bir sıra iri həcmli bunkerlər inşa etməyə başlamışdılar. Lakin müharibə səbəbindən onların inşasının heç 10 faizini başa çatdıra bilməmişdilər. Böyük ehtimalla İranın Qarabağa göndərdiyi mütəxəssislər həmin yarımçıq qalmış işləri, yəni beton sədlərin inşası işlərini tamamlamağa gəliblər.

Rusiya gəldikdə isə onların Qarabağda mövcudluğu özü təxribatın əsasıdır. Yəni, məqsədləri heç də “sülhyaratma missiyası”nı həyata keçirmək yox, Azərbaycanda qalaraq, Ermənistanla münasibətlərin heç bir şəkildə düzəlməsinə imkan verməməkdir. Bunun üçün isə Qarabağdakı separatçıların aktivləşdirilməsi və dəstəklənməsi ən vacib şərtdir. Son zamanlar, separatçılara silah ötürülməsi faktının üstünün açılması, habelə qanunsuz hərbi birləşmələrə müxtəlif yardımlar etməsi də təsdiq edir ki, Kreml artıq düyməni basmağa hazırlaşır.

Maraqlı məqamlardan biri də odur ki, ermənilər son zamanlar təknəfərlik səngərlər qazmağa daha çox cəhd edirlər. Bu da onunla bağlıdır ki, Azərbaycan tərəfi əməliyyatlara başlayarsa, çox itki verməsinlər. Yəni, “Bayraktar”lardan istifadə olunan zaman itkilərinin sayı 44 günlük müharibədə olduğu qədər olmasın. Ancaq çox böyük yanlışa yol verirlər. Çünki Azərbaycan Ordusunda mövcud olan dəqiqvuran silahlar hər bir səngərə yetəcək qədər mərmiyə malikdirlər.

Rusların digər yardımlar etdiyi də sirr deyil. Məsələn, separatçılara maliyyə yardımı, silah tədarükü ilə yanaşı, həm də siyasi dəstək vermələri də şübhəsizdir. Babayan, Harutyunyan, Beqlaryanın tez-tez Moskvada görünməsi də bunun əyani sübutlarından biridir.

Bəs, Azərbaycan nə edəcək? Aydın məsələdir ki, rəsmi Bakının hələ iki bundan öncə olduğu kimi, hazır planı var. Davamlı olaraq verilən bəyanatlardan da görünür ki, Azərbaycan Qarabağda antiterror əməliyyatları aparmağa hazırlaşır. Prezident İlham Əliyevin son açıqlaması da təsdiqləyir ki, konkret vaxt qoyulub, həmin vaxta qədər tələblər yerinə yetirilməsə əməliyyatlara start veriləcək.

Lakin Azərbaycan təkcə, Qarabağda deyil, həmçinin Ermənistanla sərhəddə də hərbi əməliyyatlar üçün tədbir görməmiş deyil. Çünki Qarabağda antiterror əməliyyatları başlayarsa, Ermənistan ən azından Azərbaycanı məşğul etmək üçün sərhəddə də döyüş əməliyyatlarına start verə bilər. Bu hərbi gücün iki istiqamətdə parçalanması və güc nisbətinin dəyişməsi taktikası kimi nəzərdən keçirilə bilər. Ancaq 2021-ci ilin noyabr hadisələri göstərdi ki, Azərbaycan Ordusu nəinki Qarabağdakı separatçıları, elə Ermənistan ordusunu da əzməyə qadirdir. Xüsusən də son bir ildə komando birliklərinin yaradılması da həmin proses üçün hazırlıq mərhələsi hesab olunmalıdır.

Beləliklə, Azərbaycanı qarşıda bir neçə vacib proses gözləyir. Birincisi, Azərbaycan-Ermənistan sərhəddində təxribatlar və lokal hərbi əməliyyatların başlamasıdır. Bu proses eskalasiyalarla müşahidə oluna bilər. Mümkündür ki, Azərbaycan Ordusu zərurət səbəbindən Ermənistanın bir sıra ərazilərini müvəqqəti nəzarəti altına götürsün.

İkincisi, Qarabağda antiterror əməliyyatlarının başlamasıdır ki, bunun gec-tez baş verəcəyi şübhəsizdir. Çünki separatçılar dinc oturmaq fikrində deyillər. Onlar Azərbaycanın tərkibində yaşamaq niyyətindən də uzaqdırlar. Üstəlik, Azərbaycan ərazisində qanunsuz hərbi birləşmələr saxlayırlar. Hər halda Bakı öz ərazisində belə bir vəziyyətin davam etməsinə imkan verməyəcək.

Üçüncüsü, Rusiya və İranın Azərbaycan qarşı müxtəlif təzyiq vasitələrindən istifadə edə biləcəyidir. Son zamanlar, hər iki ölkəyə bağlı qüvvələrin fəallaşması, mütəmadi olaraq müxtəlif şəkildə güc nümayiş etdirmələri hər kəsin gözü qarşısında baş verir. Məsələn, Rusiya Azərbaycandakı “5-ci kolon” kimi səciyyələndirilən qüvvələrinə müxtəlif formalı və məzmunlu təbliğatlar aparmaq tapşırığı verib. İran isə özünə bağlı dindarlar vasitəsi ilə bir xeyli müddətdir daxildə gərginlik ocaqlarının sayını artırmağa, habelə cəmiyyəti müxtəlif formada meydanalara çıxaraq, etiraz etməyə çalışır. İndiyə qədər biz bunların bir neçəsini müşahidə etmişik. Daha dəqiq ifadə etsək, bütün bunlar prosesin ilk simptomlarıdır. Zəruri zaman yetişdiyi təqdirdə, daha ağır “artilleriya”lar önə çəkiləcək.

Nəzərə alaq ki, bu proses Azərbaycanda Qazaxıstan hadisələri şəklində təzahür edə bilər. Hansısa sosial zəminli olaydan qaynaqlanacaq bir proses əvvəlcə lokal etiraza, daha sonra iğtişaşa çevrilə bilər. Yəni, bu versiya istisna deyil.

Daha qısa formada belə izah edə bilərik ki, Azərbaycan Qarabağda antiterror əməliyyatlarına start verərsə, Rusiya və İran Ermənistanı sərhəddə hərəkətləndirib, orada hərbi münaqişəyə start verəcək. Paralel olaraq Qarabağdakı terrorçuların daha güclü müqavimət göstərmələri üçün addımlar atacaqlar. Azərbaycanı çətinə salmaq, onu sıxışdırmaq üçün isə daxildə Qazaxıstan olaylarına bənzər təxribatlara baş vuracaqlar. Ki, bu da Bakını həm təzyiqə məruz qoymaq, həm də bu əməliyyatlardan çəkindirmək məqsədi güdəcək. Eyni zamanda, bu olaylar yeni ərazilərin istila edilməsinə qədər genişləndirilə bilər. Yəni, Azərbaycan həm sərhəddə, həm də Qarabağda hərbi əməliyyatlara başladıqdan sonra daxildə yaranacaq böhran səbəbindən müəyyən uğursuzluqlarla üzləşə bilər. Bu da düşmənə yeni ərazilər ələ keçirmək imkanı yarada bilər.

P.S. Yadınıza 1920-ci ilin rus istilası dövrü ərəfəsini salın. Tarix kitablarında daha geniş şəkildə yazılıb bu barədə. Həmin vaxt Azərbaycan Ordusu Qarabağda hərbi əməliyyatlara başlamışdı, həm də ermənilərlə İrəvan, Naxçıvan və digər istiqamətlərdə döyüşürdü. Sonda ruslar Bakını işğal etdilər, ərazilərimizin böyük bir hissəsi isə əlimizdən çıxdı. Eyni səhvi təkrar etməyə isə haqqımız yoxdur.

Fikrət Fəraməzoğlu,

Jurnalist Araşdırma Mərkəzinin rəhbəri 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button