ManşetMedia

Medianın “milçəkləri”

Fikrət Fəraməzoğlu

I YAZI

Yəqin ki, ad qəribə gəldi. Fikirləşdiniz ki, mediada olanlarla milçək arasında nə əlaqə ola bilər. Və ya “media hara, milçək hara sualını” verdiniz. Əlbəttə ki, gerçək media ilə milçək arasında heç bir bağlılıq yoxdur. Lakin mediaya dürtülmüş, son dövrlər aylıq 3-5 min manata görə, buyruq qulu olanların milçəklə bilavasitə əlaqəsi var.

Milçək əslində faydalı heyvandır. Bir xeyli məziyyətləri var. Məsələn, bu heyvanlar təbiətdə Günəş və digər mövcudatların yaratdığı radiaktiv şüaları zərərsizləşdirmək gücündədir. Amma milçək elə bir heyvandır ki, heç vaxt təmiz yerdə yaşamır. Onun yeri ya peyinlik olur, ya da zibilxana. Nə əcaib işdir ki, bu heyvanın nəcasətdən çox xoşu gəlir. Çünki həyat tərzi budur.

Həm də milçək bir şey deyil, lakin ürək bulandırır.

Son illər mediada bir para adamlar peyda olub. Oliqrax, özünü “siyasət bilicisi”, “böyük oyunçu” hesab edirlər belələri. Oliqarxlıqdan başqa, digər məziyyətlərinin hamısı blefdir. Amma işləri milçək işidir. Zibillikdə eşələnir, orada çoxalır və ürək bulandırır.

Məsələ nədir? Dünən Baku TV və bir sıra saytlarda bir məlumat yayılıb. Məlumatda hansısa “jurnalistin” hansısa baş həkimi şantaj etməsindən söhbət gedir. Ortada səs yazısı da var. İşin bura qədəri aydındır.

Deməli, hazırladıqları “süjet”də mətləbə dəxli olmayan şey odur ki, orada bəndeyi-həqirinizin də şəkilini yerləşdiriblər. Nə bir ad çəkilir, nə bir kəlmə danışılır, nə bir “günahımız” sadalanır. Amma şəkil yayılır. Mövzu tamam başqa, ortadakı səs yazısı da ayrı adamın. Yəni, ora mənim şəkilimin yerləşdirilməsinin iki adı var: Birincisi, ŞANTAJ. İkincisi, ŞƏRLƏMƏ.

Şərləmə işi aydındır. Yəni, bunu izah etməyə gərək yoxdur. Şantaj tərəfi isə odur ki, “Son dövrlər bizə çörək verənləri çox tənqid edirsən”.

İşin ən eybəcər tərəfi odur ki, bunu yayan istər Baku TV, istər Demokrat.az, istərsə də digər saytların bağlandığı bir nöqtə var. Bax, həmin nöqtə “milçəyin” ta özüdür.

Kiçik bir araşdırma apardım. Bir az da arxivi qurdaladıqdan ortaya çıxan ad Elnur Abdullayev oldu. Kimdir bu Abdullayev? Atası vaxtıyla keçmişi babat “parlaq” olan, daha sonra isə DİP-i quranlardan biri olan Nazim Abdullayevdir ki, onun keçmiş nəqliyyat naziri Ziya Məmmədovla bacanaq olduğu deyilir. Adamı bir zamanlar AXCP-dən tanıyırdım. Hərçənd Asim Mollazadənin yanında dolaşan adam kimi. Həmin Nazim hazırda DİP-in Siyasi Şurasının üzvüdür. Elə Elnur da məhz “bacanaq məsələsinə” görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru olub. Yəni, istedada, savada gərək yoxdur. Ziyanın bircə zəngi məsələni həll edib. Bununla da işimiz yoxdur.

Deməli, bu adam bir müddətdir SOCAR-dan aldığı böyük pullar sayəsində özünə “media şəbəkəsi” qurub. Adam əyninə bahalı geyim geyinsə də, bahalı saat taxsa da (təbii ki, Rövnəq Abdullayevin oğlunun taxdığı 2 milyonluq saatdan yox), özünü “intellektual” göstərsə də, yaşayış tərzi milçəkdən o yana deyil.

Məsələ belədir ki, özünə “qruplaşma” yaradıb, media quran Elnur Abdullayev nə edir? Bu adam “şirə” görən kimi, dəstəni vaxtaşırı “hücum” etdirir, böyük bir kampaniya başladır və yekunda istədiyini əldə edir. Elə zənn etməyin ki, Nəşriyyatda oturanlar kimi, qəpik-quruşla kifayətlənir. Əksinə, ortada elə ciddi rəqəmlər var ki, eşidəndə adamın dodaqları uçuqlayır.

Hələlik bir-iki misal çəkərək kifayətlənəcəm. Məsələn, Bakı Nəqliyyat Agentliyinin “topa tutulması” işi. Böyük bir “hücum” və babat nəticə əldə olunur. Və ya Demet məsələsi bəzi adamlara nələr hesabına başa gəldi? Təfsilatlarını yaxın günlərdə yazacam.

Güman edirəm ki, kimsə bunların qulaqlarına pıçıldayıb ki, Fikrət Fərməzoğlu da çox varlı adamdır və onun haqqında yazsaq, bir-şey mir-şey olacaq. Elnur Abdullayevə elə buradan deyirəm ki, vallah, mən varlı adam deyiləm. Sadə, sıradan bir jurnalistəm. Düzdür, 22 ildir bu sahədəyəm. Amma nə bahalı maşınım, nə dəbdəbəli villam, nə də zəngin həyat tərzim var. Sizin getdiyiniz yolları da bilmirəm. Çox bixəbər adamam. Bir sözlə, məndə pul yoxdur. Yəni, özünüzü yorub, əziyyət çəkməyin.

İndi isə uzunçuluq etməyib, bir neçə anons verib, yazını yekinlaşdırıram:

– SOCAR hər ay “milçək media”ya nə qədər pul ayırır?

– SOCAR-ın Elnur Abdullayevlə birlikdə medianı almaq üçün hazırladıqları “51/49 anlaşması” nədir?

– Bu razılaşmaya qol çəkənlərin qarşısında qoyulan şərtlər nələrdir?

– Bu anlaşmaya qoşulanlara əvvəlcədən nə qədər pul ödənilib və ayda nə qədər pul ödənilir?

– Bu razılaşmaya qoşulan mediaya hansı saytlar daxildir?

– Elnur Abdullayev Media İnkişaf Agentliyində nə etmək istəyir?

– Elnur Abdullayevlə hamaşlıq edərək, vaxtıyla “Azərbaycanda inqilab edəcəyik, hakimiyyəti devirəcəyik” deyən və yazan biri necə restoran sahibi oldu? 

– Adnan məsələsinin təfərrüatları nələrdən ibarətdir?

P.S. Qeyd edim ki, bu hələ başlanğıcdır. Qısa-qısa Elnur Abdullayev, ona və dəstəsinə “çörək verən” SOCAR-ın digər planları, işləri və xaricdəki oyunları barədə də əziz oxucularımıza geniş və müfəssəl məlumatlar verəcəm. Yəni, sözügedən cütlüklərin görəcəyi günlər qabaqdadır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button